Nağıllar, hekayələr

Böyükağa Hüseynov. Qırxıncı fəndi bu günə saxlamışdım

Bütün Şərqdə əfsanəvi pəhləvan kimi şöhrət tapmış və Firdovsinin “Şahnamə”sinin qəhrəmanlarından biri olan Rüstəm Zal bir neçə şagirdinə pəhləvanlıq qaydalarını öyrədirdi. Rüstəm bir müddət onlarla məşğul olur, bütün fəndləri öyrətdiyini bildirib müstəqil pəhləvanlıq etmələrinə icazə verir. Lakin onun şagirdlərindən biri şahın yanına gəlib deyir:

 

- Mən Rüstəm Zalın işlətdiyi bütün fəndləri bilirəm, gücüm də ondan artıqdır. Rüstəm Zalla güləşib onu yıxa bilərəm. Mən ölkənin birinci pəhləvanı olmaq istəyirəm.

 

Şah gənc pəhləvanın dediyinin düzlüyünü yoxlamaqdan ötrü meydan qurub camaatı toplamağı və Rüstəm Zalı çağırıb gənc pəhləvanla güləşməyi əmr edir. Rüstəm şagirdinin nankorluq edərək onun yerini tutmaq iddiasında olduğunu görür, son dərəcə məyus olur.

Bir söz demədən meydana girib güləşməyə başlayır və gözəl bir fənd işlədib gənc pəhləvanın arxasını bir göz qırpımında yerə vurur. Gənc xeyli pərt olur, ayağa qalxıb Rüstəm Zalla höcətləşməyə başlayır:


- Sənin mənə öyrətdiyin otuz doqquz fəndin içərisində beləsi yoxdur. Bəs bu fəndi nə üçün mənə öyrətməmisən? Bu, düzgün deyildir, - deyə onu məzəmmət edir.

 

Rüstəm Zal cavabında deyir:

 

- Düzdür, mən bu qırxıncı fəndi sənə öyrətməmişəm, çünki onu bu gün üçün saxlamışdım. Belə etməsəydim, sən, yəqin ki, mənim öyrətdiyim fəndlərlə mənim özümə zərbə vuracaqdın. Bu, bir az ədalətsizlik deyilmi?

 

Bəzi “dostlarla” ehtiyatlı hərəkət etməyi məsləhət gördükdə, yaxşılığın müqabilində pislik, nankorluq gördükdə və digər münasib hallarda “Qırxıncı fəndi bu günə saxlamışdım” məsəlindən istifadə olunur.