Nağıllar, hekayələr

Yusif Hacıyev. Partizan Daşdəmirov

Hərbi əsirlər ətrafı tikanlı məftillə əhatə edilmiş bir yerdə sıraya düzülmüşdülər. Zabitlərdən biri almanca nə isə dedi. Əlindəki çubuqla dar ağaclarından sallanmış meyitlərə işarə etdi. Uzundraz, eynəkli tərcüməçi:

 

- Kim qoyulmuş qaydalara əməl etməsə, onun günü bax elə olacaq. Hamı dar ağaclarına nəzər salsın.

 

Nəsrəddin zabitlə qarşı-qarşıya dayanmışdı. O, qəzəbdən alışan baxışlarıını gizlədə bilmirdi. Qaralmış meyitlərə ani olaraq gözü sataşan Nəsrəddin gözlərini yerə dikdi, dişlərini qıcadı. Zabitin gözünün ona sataşması ilə əlindəki çubuğu Nəsrəddinin kəlləsinə endirməsi bir oldu.

 

“Arxamca!” deyən adamla o, zabitin nişan verdiyi iki yol ayrıcının sol tərəfinə buruldu. Kolluğun içində onu gözləyən adamlara qoşuldu. Ertəsi günü onlar Alp dağının əlçatmaz bir yerində ”Militari” partizan dəstəsinin qərargahında oldular.

 

- Başını yuxarı, qanmazın biri qanmaz.

 

Çubuğun ağrısı sümüyünə yeriyən Nəsrəddin alman zabitinə istehza ilə baxdı:

 

- Mən artıq “təlimatlanmışam”, cənab zabit, - dedi, -1942-ci ildən bəri düşərgələrinizdə asılan-kəsilən, incidilən, ağlayan-sızlayan, ac-susuz saxlanan əsirləri çox görmüşəm...

 

Əsirin halına və sözlərinə nəzər yetirən zabit onda faşizmə qarşı amansız kin və qəzəb duydu. Alman zabiti gülümsündü. Yəqin ki, o, sovet əsirindən elə bunu gözləyirdi. O gündən Nəsrəddinin hərəkətlərinə göz qoyan zabit bir axşamçağı qaranlıq düşəndə onu təkləyib təmiz rus dilində dedi:

 

- Səndə xüsusi bir mətanət duyuram, əsl qafqazlı mətanəti.

 

Qulağının dibində bomba kimi partlayan bu sözlərdən heyrətə gələn Nəsrəddin zabitdən uzaqlaşmaq istədi.

 

Alman zabiti əsirin qolundan möhkəm tutub, özünə tərəf çəkərək dedi:

 

- Sizin sabah axşam qaranlıq düşəndə qaçmaq planınız baş tutmayacaq...

 

Nəsrəddini heyrət bürüdü. Sirr açılmışdır. Öz halını büruzə verməməyə çalışmasına baxmayaraq, qeyzlə zabitə dedi:

 

- Sən xəfiyyəsən, məndən əl çək!

 

Zabit israrla davam etdi:

 

- Almaniya Kommunist Partiyası adından deyirəm, indicə qaçmalısınız. O üstdən gedən şose yol Berqamo şəhərinədir. Şəhərə çatmamış iki yol ayrıcında səni qarşılayan olacaq. Parol “Militari”dir. “Yubanmaq olmaz”, - deyən zabit cibindən çıxarıb ona tapança və patron uzatdı.

 

- Al, - dedi, - hər ehtimala qarşı! - Zabit sonra onun qolundan tutub irəli itələdi və hökmlə:

 

- Haydı! Tezliklə! Haydı!

 

Gecə qaranlığında şosenin kənarı ilə qorxu və həyəcan içində hərəkət eləyən Nəsrəddini bir nida diksindirdi:

 

-Parol!

 

- Militari...

 

Təzə gələnlər siyahıya alınırdı. Növbə Nəsrəddinə çatanda rota komandiri Ələkbərli onu maraqla süzdü. Nəsrəddin adını, familiyasını söyləyəndə o, qeyri-iradi olaraq yerindən qalxdı, marağını gizlədə bilməyərək ondan azərbaycanca soruşdu:

 

- Haralısan, bacıoğlu?!


- Azərbaycandanam.


- Azərbaycan böyük respublikadır. Rayon, kənd?


- Qusar rayonunun Hil kəndi ...


Ələkbərli onun boynuna sarıldı:


- Mən də Dərbənd şəhərindənəm, - dedi.


Nəsrəddin qəhərləndi. Ələkbərli onun halını duyub:

 

- Qəm yemə, yerli, biz onsuz da dağ adamıyıq. Nə fərqi var, Qafqaz dağlarında deyilik, Alp dağlarındayıq. Görünür, bizim qismətimizə dağ havası nəsibmiş. Çox yaxşı oldu ki, sən ”Militari”yə düşmüsən. Mənim rotamda olacaqsan. “Militari” faşistlərə az divan tutmamışdır...

 

Qərargah məlumat aldı ki, Milandan Verona şəhərinə almanların hərbi qatarı yola düşəcəkdir. Gecə saat birdə partizanlar qatarı qarşılamalı idilər. Bu məsul iş Ələkbərlinin rotasına tapşırıldı. Sıldırım dağları asaraq, keçilməz meşələri adlayaraq dəmir yoluna yaxınlaşan partizanlar öz mövqelərini hələ tutmamışdılar ki, qəfildən almanların şiddətli atəşinə məruz qaldılar. Atışma uzun çəkdi. Sayca almanlardan qat-qat az olan partizanların vəziyyəti olduqca ağırlaşdı. Lakin onlar təslim olmadılar... Əks tərəfdən atəşin kəsildiyini görən faşistlər çıxıb getdilər.

 

Ara sakitləşdi. Nəsrəddin meyitlərin arasından qalxaraq, sifətini basmış qan laxtalarını sildi. Qəlpə çapmış ayağını tezliklə sarıyıb əqrəbi işıldayan saatına baxdı. Artıq qatarın gəlib keçməsinə az vaxt qalmışdı. O sürünə-sürünə dəmir yol xəttinə yaxınlaşdı. Dinamiti şpalın altına qoyub rahatca nəfəs aldı. Geri qayıtmaq istəyirdi ki, o, bir qaraltı ilə qarşılaşdı.

 

Nəsrəddin qeyri-ixtiyari olaraq qışqırdı:

 

- Parol!

 

- Militari!

 

Bu cavabın mənasında böyük ümid mənbəyi tapan Nəsrəddin, Ələkbərlini səsindən tanıdı. O, pıçıltı ilə komandirinə:

 

- Tez çıxaq buradan, - dedi, - bir azdan partlayış baş verəcək.

 

Dəmir yolunda dəhşətli partlayış baş verəndə artıq Nəsrəddin Daşdəmirov komandiri Ələkbərli ilə meşədə idilər...