Natalya Abramtseva. Qoca küknarın ad günü
Meşədə, bütün meşə sakinlərinin hörmət etdiyi, qoca küknar ağacı yaşayırdı. Onun yüz yaşı var idi. Bəli, yüz yaş!
Yüz yaşlı küknar ömrü boyu çox şey görmüş, çox şeyə şahidlik etmişdir. O, hətta bir çoxunun edə bilmədiklərini də bacarırdı: məsələn, hava proqnozunu əvvəlcədən deyə bilirdi. Bu, onun üçün heç də çətin deyildi, çünki dünyadakı bütün küləklər və hətta kiçik mehlər belə onun yaxın dostları idi, ona havanı tanımağı öyrətmişdilər. Meşə sakinləri üçün isə havanın necə olacağı çox vacibdir! Əgər günəşli olarsa-sincablar qışa hazırlıq üçün göbələkləri qurudar, buludlu və sərin olarsa-qurbağalar nənələrini ziyarət etmək üçün nəm otların üzərindən sıçrayaraq yaxınlıqdakı dərəyə gedər, yox, əgər güclü leysan yaxınlaşarsa-hamı yuvasında gizlənər.
Qoca küknar heyrətamiz nağıllar və hekayələr danışmağı da bacarırdı. Bəs o, onları haradan öyrənmişdi? İndi söyləyərik: ən qısa nağılları ağaca sürətli ildırım; ən uzun hekayələri-uzun qış gecələri; ən şən nağılları-günəş şüaları; ən kədərli hekayələri isə-payız yağışları danışırdı. Yüz il ərzində küknar bir çox müxtəlif hekayələr öyrənib onları ətrafında dolaşan kirpil, dovşan, sincab və quşlara danışırdı. Heyvanlar onun yanına qaçaraq gəlib onlar üçün maraqlı nağıl və hekayə danışmasını xahiş edirdilər.
Küknar ağacını meşə sakinləri, tək hava proqnozunu bildiyinə, çoxlu nağıl və hekayə danışdığına görə deyil, həmçinin mehriban və ədalətli olduğuna görə sayıb sevirdilər!
Buna görə də, qoca küknarın ad günü yaxınlaşmağa başlayanda bütün meşə sakinləri düşündü: onu nə ilə sevindirə bilərlər? Axı bu adi ad günü deyil, 100-cüdür!
- Mənə qulaq asın! - ayı baba dedi - Musiqidən, notdan başım çıxmasa da düşünürəm ki, meşəmizdə qaratoyuq ən yaxşı səsə sahibdir. Gəlin ondan küknar üçün ən yaxşı mahnılarını oxumasını xahiş edək!
- Mahnılarımı bəyəndiyiniz üçün çox şadam, əziz ayı-qaratoyuq nəzakətlə dedi - Amma mən mahnılarımı tez-tez oxuyuram və hər gün oxuduğum mahnıları ad gününə hədiyyə edə bilmirəm!
- Qaratoyuq düz deyir-deyə sağsağan cıvıldadı - Artıq hədiyyə edilmiş bir şeyi yenidən hədiyyə etmək olmaz!
- Tapdım! - dovşan şən atıldı- Biz, dovşanlar, ən gözəl göbələkləri toplayaq, sincablar isə onları qoca küknarın budaqlarına düzsünlər. Kiçik milad ağacı mənə demişdi ki, ağaclar göbələklərlə bəzədilməyi çox sevirlər.
- Bu mümkün deyil - qırmızı sincab dovşanın sözünü kəsdi - Bir həftə bundan əvvəl ən gözəl göbələkləri küknarın budaqlarına düzmüşdüm.
- Mən nə edəcəyimizi bilirəm! - balaca yaşıl qurbağa yerindən atıldı.- Ağacın özündən hansı hədiyyəni almaq istədiyini soruşaq, ona görə də qərar verərik! Gəlin gedən ağacın özündən soruşaq!
Beləliklə heyvanlar toplaşıb getdilər qoca küknarın yanına.
- Əziz küknar! - ayı baba dedi – Uzun müddətdir ki, sənin 100 illik yubileyin münasibəti ilə sənə nə hədiyyə edəcəyimiz haqqında düşünürük. Səni 100 illiyində nə sevindirə bilər? Bəlkə bizə deyəsən?
- Sağ olun, dostlar – iynələrini xışıldadaraq qoca küknar dedi - Ad günümü xatırladığınız üçün sizlərə təşəkkür edirəm! Biz köhnə dostuq və ona görə də sirrimi sizə aça bilərəm. Mənim bir dənə arzum var... Heyvanlar, quşlar yerlərində donub diqqətlə dinlədilər.
- Doxsan doqquz ildir ki, ad günümü yaşıllıq, günəşli yayda qeyd etmişəm. Amma ad günü - mənim həyatımda yeni ilin başlanğıcıdır. Bu bayram demək olar ki, Yeni ilə bənzəyir. Milad ağaclarının da bir ənənəsi var - Yeni ili zərif titrəyən qar dənələrindən hazırlanmış zərif və yüngül paltarda qeyd etmək! Ancaq bilirəm, - ağac ah çəkdi, - hətta siz, mənim sadiq dostlarım, mənə bir qar dənəciyi də verə bilməyəcəksiniz! Bunu ancaq qarlı qış edə bilər...
Meşə sakinləri kədərləndilər: doğrudan da, küknarın arzusunu necə yerinə yetirmək olar?
Birdən Ayı babanın pəncəsinə balaca bir ağ kəpənək qondu. Ayı ağ kəpənəyə baxdı və anladı ki, o, sadəcə onun pəncəsinə qonmayıb, bu bir işarə idi.
- Kəpənək - ayı sakitcə soruşdu – Sizlərdən çoxdurmu?
- Çoxuq, ayı baba: meşədə, çəmənlikdə, çöldə, ağcaqayınlıqda da – kəpənək cavab olaraq dedi.
- Onlar da sənin kimi ağ və zərifdirlər? Onlar da qar dənəciklərinə bənzəyir?
- Bəli - ayı baba. Düzdür, mən heç vaxt qar görməmişəm, axı biz kəpənəklər qışda yatırıq, amma bir gün yaşlı bir qoca küknar mənə dedi ki, “mən böyük qar dənəciyinə oxşayıram”. Mən də düşündüm ki bəlkə...
- Çox gözəl fikirləşibsən, balaca ağ kəpənək! Get dostlarını topla gəl bura! - və ayı kəpənəyi yüngülcə atdı havaya.
Budur! Qoca küknarın ad günü gəldi! Dostları küknarı bir-bir təbrik etdilər. Kəpənək də gəlmişdi. O, sakitcə ayı babanın qulağına nəsə dedi.
- Əziz küknar! – ayı baba təntənəli şəkildə dedi, - Ad günün mübarək! Zəhmət olmasa bir dəqiqəlik gözlərini yum!
Küknar yaşıl gözlərini yumdu. Gözlərini açanda gördü ki, onun hər budağı, hər iynəsində yumşaq, zərif qar dənəsi kimi ağ rəngli kəpənək oturub qanadlarını çırpır. Küknar heç vaxt belə qeyri-adi, gözəl və canlı qar görməmişdi. O, çox xoşbəxt idi, başını və budaqlarını sevinclə tərpədib fikirləşdi: "Əgər yanınızda həqiqi dostlar varsa, dünyada yaşamaq necə də yaxşı və gözəldir!".
Dostlar isə təkrarlayırdılar: - Yeni ilin mübarək! Ad günün mübarək!
15.12.2022