Dana, keçi və qoyun
Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yol ilə gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər burda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söyüdün lap başında durdu. Qoyun da güclə çıxıb bir budaqda durdu. Dana da digər bir budağın üstünə özün sərdi.
Bu vaxt bir canavar gəldi çıxdı bura, başın qaldırıb gördü bir keçi, bir qoyun, bir də bir dana ağaca çıxırlar. Canavar baxanda dana qorxusundan özün ağacda saxlaya bilməyib tappıltıynan düşdü yerə. Canavar istədi dananı parçalayıb yesin. O saat keçi ağacdan çığırdı.
– Dana qardaş, bərk tut canavarı gəldim.
Canavar qorxudan götürüldü.
Canavar qaçandan sora keçi də, qoyun da ağacdan yerə düşdü. Üçü də yavaş-yavaş gəlib çıxdılar bir dəyirmana. Bu keçinin də bir çomağı, bir də palazı vardı. Çomağı söykədi qapının dalına, palazı da saldı altına. Yığıldılar burda oturub söhbət elədilər, bir də gördülər qapı açıldı, bir aslan içəri girdi. Dalınca da bir canavar. Bir xeyli vaxt keçəndən sonra yenə qapı açıldı bir tülkü içəri girdi. Biraz oturdular, qoyun, keçi, dananı görən kimi aslan dedi:
– Canavar qardaş, bunları böl.
Canavar dedi:
– Dana səhər ertəmizin, qoyun günortamızın, keçi də axşam yeməyimiz olsun.
O saat bunun başına yağlı bir qapaz vurdu.
Dedi:
– Tülkü baba, canavar qardaş bölə bilmədi. Sən böl.
Tülkü baba dedi:
– Elə bunlar bölünüb də, ta mən nə böləsiyəm. Qoyun səhər ertənə, keçi günortana. Qoyun da axşamına.
Aslan dedi:
– Ay sağ ol. Bunu hardan öyrənmisən?
Tülkü baba dedi:
– Odey, o qapaz ilişdirdiyin qardaşımnan!
Aslan dedi:
– Tülkü baba, bir çıx çölə bax gör, orda adam yoxdu ki, mən dananı yeyim.
Tülkü qapıdan çölə çıxanda görür ki, qapının ağzında bir əli çomaxlı adam durub. Qorxusundan "Vaaaayyyyy" deyib götürülür. Bunu eşidcək canavar da qaçıb getdi. Aslan da çomaxlı adamı görüb qaçdı.
Dana, keçi və qoyun da biraz oturdular, sonra durdular. Keçi ağacın da götürdü, palazını da. Üçü də yola düşdülər. Getdilər çıxdılar bir dağın döşünə. Burda bir çoban bir sürü qoyun otarırdı. Bir də gördü bir keçidi, bir qoyun, bir dana budu gəlir. Çoban sevinə-sevinə bunları yığıb sürüsünə aparıb dedi:
– Allahım buna da şükür!
O yedi yerə keçdi. Siz də yeyin, dövrə keçin.
Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.
16.12.2022