Nağıllar, hekayələr

Mixail Zoşenko. Yeni il ağacı

Uşaqlar, bu il, mənim 40 yaşım tamam oldu. Belə çıxır ki, mən qırx dəfə şam ağacının bəzədilməsini görmüşəm. Bəli, 40 il!


Həyatımın ilk üç ilində, yəqin ki, Yeni il ağacının nə olduğunu başa düşməmişəm. Ola bilsin ki, balaca qara gözlərimlə bəzədilmiş ağaca heç bir maraq göstərmədən baxmışam…lakin 5 yaşım tamam olandan sonra mən artıq Yeni il ağacının nə olduğunu mükəmməl şəkildə başa düşməyə başladım! Bütün uşaqlar kimi bu bayramı səbirsizliklə gözlədim, hətta qapının yarığından anamın Yeni il ağacını necə bəzədiyinə saatlarla tamaşa etdim!


Bacım Lelya isə o vaxt yeddi yaşın içində idi. O, çox şıltaq qız idi. Bir gün o mənə dedi:


- Minka, ana mətbəxdədir. Gəl gedək Yeni il ağacının qurulduğu otağa və orada nə baş verdiyini öz gözlərimizlə görək.


Beləcə, bacım Lelya ilə otağa daxil olduq və nə görsək yaxşıdır!? - Otağın mərkəzində çox gözəl Yeni il ağacı dayanıb; ağacın altında isə hədiyyələr var. Şam ağacı rəngli-rəngli muncuq, bayraq, fənər, bəzəkli konfet, pastila və Krım almaları ilə bəzədilmişdi.


Bacım Lelya: “Hədiyyələrə əl vurmayaq! Gəl əvəzində hərəmiz bir pastila yeyək!”


Bacım Yeni il ağacına yaxınlaşdı və dərhal ipdən asılmış bir pastilanı qoparıb yedi. Lelyanın hərəkətini görən kimi dedim:


- Lelya, sən pastila yedinsə, mən də başqa bir şey qoparıb yeyəcəm!


Bu sözləri deyib ağacdan asılmış almadan kiçik bir parça dişlədim. Mənim almanı dişlədiyimi görən Lelya:


"Minka, əgər sən alma dişləmisənsə, mən indi başqa pastila yeyəcəm və əlavə olaraq bu konfeti də özüm üçün götürəcəm!"


Lelyanın boyu uzun olduğuna görə, onun əli daha yuxarıya çata bilirdi. O, ayağının ucunda dayandı və böyük ağzı ilə ikinci pastilanı yeməyə başladı.


Mənim boyum hədsiz dərəcədə qısa idi, ona gör aşağıda sallanan bir almadan başqa heç nəyə əlim çatmırdı. Mən: 


- Əgər sən, Lelya, ikinci pastilanı yeyirsənsə, mən də onda bu almanı yenə dişləyəcəm!


Yenə də almanı əllərimlə götürüb bir az da dişlədim.


Lelya: - Almanı ikinci dəfə dişlədinsə, onda üçüncü pastilanı yeyəcəm, əlavə olaraq da xatirə kimi özümə kraker və qoz götürəcəm!


Onda az qaldı ki, ağlayım, çünki Lelyanın əli hər şeyə çata bilirdi, mənim isə yox.

 

Mən ona dedim: - Lyolişa, indi mən Yeni il ağacına stul birləşdirəcəm və almadan savayı özüm üçün bir şey götürəcəm!


Beləliklə, nazik əllərimlə Yeni il ağacı tərəfə stul çəkməyə başladım. Amma stul əlimdən sürüşüb yerə düşdü. Mən stulu qaldırmaq istədim, amma stul yenə  yerə düşdü, həm də birbaşa hədiyyələrin üstünə.

 

Lelya dedi: - Minka, deyəsən gəlinciyin farfor qollarını sındırdın!


Birdən anamın addımları eşidildi vəbiz cəld başqa otağa qaçdıq. Lelya dedi: "İndi, Minka, əminliklə deyə bilərəm ki, ana səni cəzalandıracaq".


Ağlamaq istəyirdim ki, qapı döyüldü və evimizə qonaqlar gəldi. Anamız Yeni il ağacındakı bütün şamları yandırıb, qonaqları evimizə dəvət etdi: 


- Xoş gəlmişsiniz! Keçin içəri! 


Bütün uşaqlar Yeni il ağacının dayandığı otağa girdilər.


Anam dedi: “İndi uşaqlar yanıma gəlin, mən sizə oyuncaq və dadlı təamlar verəcəm”.


Bax beləcə, bütün uşaqlar anamıza yaxınlaşmağa başladı. Anam hərəsinə bir oyuncaq verdi, sonra ağacdan alma, pastila və konfet götürüb uşaqlara payladı.


Bütün uşaqlar çox xoşbəxt idilər. Sonra anam dişlədiyim almanı götürüb dedi:


- Lelya və Minka, bura gəlin! Bu almanı kimin dişlədiyini mənə deyin!


Lelya dedi: - Bu Minkanın işidir.


Lelyanın hörüyündən dartıb dedim: - Məni Lelya öyrətmişdi.


Anamız bizə acıqla baxıb dedi: - Minka, saat mexanizmi ilə işləyən qatarı sənə vermək istəyirdim, amma indi bu qatarı, dişlənmiş alma vermək istədiyim oğlana verəcəm! Lelyanı isə küncə qocayam!


Anam qatarı götürüb dörd yaşlı bir uşağa verdi, uşaq dərhal onunla oynamağa başladı.


Mən bu oğlanı o dərəcə də qısqandım ki, ona əsəbləşdim və bərk yumruğum ilə oyuncaqla onun qoluna vurdum. Uşaq o qədər ucadan ağladı ki, anası onu qucağına alıb dedi:


“Bundan sonra oğlumla sizə gəlməyəcəm!”


Mən onlara cavab olaraq dedim: - Gedə bilərsiz, onda qatar mənə qalacaq!


Həmin ana mənim bu sözlərimə təəccüblənib anama dedi:


- Oğlunuz böyüyəndə yəqin ki, quldur olacaq!


Bu kəlməni eşidən anam məni qucağına alıb o anaya dedi:


- Mənim oğlum haqqında belə danışmağa kim sizə cəsarət verib!? Yaxşısı budur ki, uşağınızla evimizi tərk edin və bir daha bizə gəlməyin!


Qonaq-ana cavab olaraq dedi:-Siz deməsəz də, artıq burda 1 dəqiqə belə olsa qalan deyilik! 


Sonra başqa, üçüncü qonaq-ana dedi: "Mən də qızımı götürüb burdan gedəcəm! Mənim qızım qolu sınmış gəlinciyə layiq deyil!


Bu zaman bacım Lelya qışqıraraq üçüncü qonaq-anaya cavab verdi:


“Sən də qəzəbli qızını götür get bizdən. Daha yaxşı, qolu sınmış gəlincik mənə qalacaq!”


Mən isə anamın qucağında oturub qışqırdım:


- Ümumiyyətlə, hamınız gedə bilərsiniz. Daha yaxşı, bütün oyuncaqlar bizə qalacaq!


Beləliklə, bütün qonaqların hamsı getməyə başladılar.


Qəfildən atamız otağa daxil olub anama dedi: “Bu tərbiyə övladlarımı məhv edir. İstəmirəm ki, onlar dalaşsın, özlərindən zəif olanları döysün və qonağı evdən qovsunlar. Onlara bu dünyada yaşamaq çətin olacaq və tək öləcəklər!”


Atam yeni il ağacına yaxınlaşıb üzərindəki bütün şamları söndürdü. Sonra Lelya ilə mənə üz tutub dedi:


- Dərhal gedin yatmağa! Sabah bütün oyuncaqları qonaqlara paylacayam!


İndi, uşaqlar, o vaxtdan düz otuz beş il keçir və bu ağacı hələ də yaxşı xatırlayıram. Bütün bu otuz beş il ərzində mən, uşaqlar, bir daha başqasının almasını yeməmişəm və məndən zəif olanı vurmamışam. İndi də həkimlər deyir ki, məhz buna görə mən nisbətən şən və xoşxasiyyətəm!