Nağıllar, hekayələr

Zahid Xəlil. Teymurləngin nökəri

Biri var idi, biri yox idi, Əmir Teymurun çox ağıllı bir nökəri var idi. Deyirlər, Teymurləng Şirvana gələndə həmin nökəri də gətiribmiş. Şirvanda bir neçə gün qaldıqdan sonra ağıllı nökərini, bir dəvəsini və ov tulasını Şirvan hökmdarına tapşırıb şəhərə çıxır.

Hökmdara tapşırır ki, onun əmanətinə xəyanət eləməsin.


—Bax, budu sənə tapşırıram. Onlardan hər hansı birinin "öldü" sözünü dilinə alan adamı dar ağacı gözləyir.


Əmir Teymurun sözünün qabağında kim bir söz deyə bilərdi ki?! Şirvan hökmdarı Teymurun qapısında ikiqat olub əllərini gözünün üstünə qoyub deyir:


—Ey böyük hökmdar, sizin nökəriniz bizim ağamızdır. Onu gözümüzün üstündə saxlayacağıq.


Teymurləng nökəri, iti və dəvəsini onlara tapşırıb uzaq səfərə yola düşür.


Bu hadisədən xeyli keçir. Teymurləngdən bir soraq çıxmır. Camaat fikiriəşir ki, yəqin daha Teymurləng nökərini, itini və dəvəsini yadından çıxardı. Bir də bu tərəflərə dönməz. Buna görə də yavaş-yavaş nökərə hörmət azalır, dəvəyə və itə yemək vermək yaddan çıxır.


Dəvə yemək tapmaq üçün gəzməyə çıxır. Gəzə-gəzə gəlib taxıl zəmisinə çatır. Zəmiyə girib hələ yamyaşıl otu xatırladan taxılı yeməyə başlayır. Taxılın qoruqçusu işi belə görüb hökmdara xəbər verir. Hökmdar hələ də Teymurləngin gələcəyinə inandığı üçün belə deyir:


—Gedin, birtəhər zəmidən çıxardın. Amma dəvəni döyməyin ha...


Teymurləngin nökəri də bu əhvalatı eşidir və zəmiyə gəlir. Nökər zəmiyə çatanda görür ki, qarovulçu dəvəyə deyir:


-Xox, xox, ay dəvə, zəmidən çıx. Dəvə qarovulçunun sözlərinə əhəmiyyət verməyib yeməyində olur. Qarovulçu dəvəni qorxutmaq üçün bir daş götürüb deyir:


—Xox, xox, xox deyirəm sənə. Tez ol zəmidən çıx! Yoxsa vuraram ha...


Heç elə bil bu sözlər dəvəyə deyilmir. Yekə ağzını açıb göy taxılı yeməyində davam edir.


Teymurləngin nökəri qarovulçuya yaxınlaşıb deyir:


—Ay kişi, bu dəvənin belində Teymurləngin topları atılıb. Onun adını eşidən düşmənlər sərçə kimi qabağından qaçıb. Sənin "xox"undanmı qorxacaq?


Nökərin səsini eşidən dəvə başını qaldırıb ətrafına baxır. Nökər dəvənin ovsarından yapışıb şəhərə dönür. O vaxtdan dəvəyə hər gün yemək verilir.


Camaatın başı dəvəyə qarışdığı üçün Teymurləngin tulası tamam yaddan çıxır. Yazıq tula nə qədər zingildəyir, mırıldayır, harayına çatan olmur. Bir gün səhər durub görürlər ki, tula ölüb. Hökmdar nə qədər başına döyürsə xeyri olmur. Daha öləni diriltmək olmaz.
Bu yandan da xəbər çıxır ki, Teymurləng Muğandadır. Bu gün-sabah gələsidir.


Muğan hökmdarından bir çapar gəlir ki, eviniz yıxılsın, nə yatmısınız, oyanın. Teymurləng Muğan padşahına elə bir çətin tapşırıq verib ki, onu heç kəs yarıda bilməz. Soruşurlar ki, o nə tapşırıqdı elə.


Çapar deyir:


—Muğanda çoxlu gölməçə, bu gölməçələrdə də çoxlu qurbağa var. Teymurləng Muğan padşahına üç gün möhlət verib. Deyib ki, bu üç gündə qurbağaların səsini kəsməsəniz hamınızı qılıncdan keçirəcəm. Möhlətin bir günü qurtarır. İki günə də bu boyda qurbağanı qırıb qurtarmaq olmaz. Lap elə qırsan da təzəsi doğulacaq.

Şah hər şəhərə bir çapar göndərib ki, bəlkə bu işə bir əncam çəkə bilən adam tapıldı.


Şirvan padşahı xeyli fıkirləşib deyir:


—Teymurləngin burada bir nökəri var. Çox ağıllı və hazırcavab adamdı. Bəlkə o bir çarə edə.


Çaparla hökmdar nökərin yanına gəlib əhvalatı danışırlar. Hökmdar deyir:


—Mən sənə qarşı çox diqqətsiz olmuşam. Amma sənin ağlın, kamalın qarşısında baş əyməyə hazıram. Sənə iki işimiz düşüb. Muğandakı qurbağaları necə edək ki, səslərini kəssinlər. Bunu ancaq sən bacararsan. Bir də Teymurləngin tulasının ölüm xəbərini ona kim çatdırsa başı bədənindən ayrılacaq. Bu iki işdə bizə kömək еtsən səni qızıla qərq edəcəyik.


Nökər bir az fikirləşib deyir:


—Hörmətli hökmdar. Mən sənin çörəyini yemişəm, Şirvan dağlarının suyunu içmişəm, onları tapdalaya bilmərəm. Əmr edin məni Muğana aparsınlar.

 

Elə o saat atlar yəhərlənir, dəm-dəstgahla nökəri çaparla birlikdə Muğana yola salırlar. Onlar Muğana gecə çatırlar. Qorxudan Muğan hökmdarının gözlərinə yuxu-zad getmirdi. At ayaqlarının səsinə nökərlərdən qabaq özü çölə çıxır. Görür ki, Şirvana göndərdiyi çaparla bir adam gəlib. Başa düşür ki, bu adam onun qanının arasına girən bir igiddir. Onu qonağa layiq bir hörmətlə qarşılayır. Nökərlər də yuxudan qalxıb əl-ayağa düşürlər.


Teymurləngin nökəri deyir:


—Vaxt itirmək olmaz. Sabah Teymurləng çıxıb gölməçələri gəzəcək. İşimizi bu gecə başa çatdırmalıyıq. Əmr edin yüz dənə inək kəsilsin. Onların bağırsaqlarını hava ilə doldurub uclarını bərk bağlayın ki, hava çıxmasın. Bu bağırsaqları gölməçələrə atın. Qurbağalar onları ilan hesab edib  səslərini kəsəcəklər.


Gecə bütün gölməçələrə həmin bağırsaqlardan atılır.


Səhər Teymurləngin adamları gölməçələri gəzəndə qulaqlarına  inanmırlar. Qurbağaların hamısı səsini kəsib gələnlərə mat-mat baxır. Onlar əhvalatı Teymurləngə çatdırırlar.


Teymurləng çox ağıllı adam idi. Bir az fikirləşib deyir:


—Bu ətrafda mən qurbağaları susdurmaq üçün mal bağırsaqlarından istifadə etməyin mümkünlüyünü bilən adam tanımıram. Düzünü deyin, görüm bu işi hansınız Muğan hökmdarına başa salmısınız.


Hamı bir-birinin üzünə baxır. Teymurləng deyir:


—Anamın müqəddəs ruhuna and içirəm ki, ona heç nə eləməyəcəyəm. Mən ancaq bu ağıllı adamı tanımaq istəyirəm.


Teymurun belə and içdiyini görən ağıllı nökər gizləndiyi yerdən çıxır, qabağa gəlib baş əyir. Teymur nökərini tanıyır və ürəyində onu unutduğu üçün özünü danlayır.


—Deməli, bu sənsənmiş. De görüm dəvə ilə it necədir?


Nökər deyir:


—Teymur sağ olsun, dəvə çöldə-biyabanda istədiyi otlardan yeyib kökəlir. İndi iki dəvə boydadı. İt isə uzanıb və gözlərini yumub.


—Necə yəni gözlərini yumub? Əməlli danış görüm.


—Əməlli deyəndə ki, sizə necə başa salım, başını qabaq ayaqlarına söykəyib, dişlərini ağardır. Quyruğu da yerdədir. Tükləri də daha əvvəlki kimi qabarıq durmur.


—Bəlkə it ölüb? — deyə Teymur qışqırır.


—"Ölüb" sözünü siz dediniz. O sözü deyən adamı nələr gözlədiyini özünüz bilirsiniz.


Teymur əvvəl hirslənir. Sonra nökərinin ağlını qiymətləndirir. Deyirlər, Səmərqəndə qayıdanda Teymur həmin nökəri özünə məsləhətçi götürür. Ömrünün sonuna kimi onun məsləhətinə qulaq asır.