Nağıllar, hekayələr

Nizami Gəncəvi. Xarəzm gözəlinin hekayəti

Bəhram şah çəmənlərin rəngi kimi al-yaşıla çalan libasını geyinib yaşıl rəngli sarayın günbəzinə gəldi. Düşənbə günü sərvboylu Xarəzm gözəli Nazpəri şahın qarşısında ehtiramla baş əyərək öz şirin hekayətinə başladı: 

— Deyirlər ki, Rum elində cəsur, xoşxasiyyətli, ağıllı bir cavan vardı. Bişr adlı bu cavan günlərin bir günündə yoldan keçərkən ipək çadraya bürünmüş bir gözələ rast gəldi. Külək gözəlin duvağını üzündən götürdü. Elə bil ki, süd kimi ağappaq, gümüşü ay qara buludlarin arxasından boylandı. Gözəlin yanaqları sanki kəklik qanı ilə yuyulmuşdu. Dodaqları qönçənin ləçəyi kimi incə və zərif idi. Şəhla gözlərinin süzgünlüyti, qıvrım saçları, qara xalı Bişrin ürəyində isti-ilıq duyğular oyatdı.

Ay ötdü, il dolandı, günlərin bir günü Bişr yol sovqatı götürüb ziyarətə getdi. O, ziyarətdən qayıdanda yolda Məlih adlı bir cavanla rastlaşdı. Tanış oldular, kəlmə kəsdilər. 
Üzdə mehriban və qılıqlı olsa da, daxilən çirkin və hiyləgər olan Məlih yol uzunu deyirdi:

— Yerin, göyün bütün sirləri mənə bəllidir. İnsanların düşündüklərini mən qabaqcadan bilirəm. Əlli il bundan sonra kimin başına nə iş gələcəksə, onu indidən xəbər verə bilirəm. Dünyada nə qədər xəzinə varsa, onun tilsimli qapısını açmağı bacarıram. Yol boyu Məlihin özünü öyməsinə birtəhər dözən Bişrin baxışları üfüqə zillənmişdi. Ucsuz-bucaqsız səhra isə uzanıb gedirdi. Onlar susuzluqdan qovrula-qovrula az gedib, üz gedib axırda qollu-budaqlı bir ağaca rast gəldilər. Ağacın dibində küp basdırılmışdı. İçi də şirin su ilə dolu idi. Məlih Bişrdən soruşdu: — Bilmirsən niyə bu küpü ağzınacan torpağa basdırıblar? — Yəqin ki, hansı bir nəcib insansa ehsan və savab üçün edib, — deyə Bişr cavab verdi. Məlih Bişri ələ salaraq gülə-gülə dedi:


 — Bu düzün ortasında başqası üçün kim havayı əzab-əziyyət çəkər? Bura ovalıqdır. Yəqin ki, ovçular küpə su doldurub heyvanları tələyə salmaq istəyirlər. Onlar suyun qırağında süfrə açıb, bardaş qurdular. Çörək yedilər, sudan içib, «oxay» dedilər. Məlih küpü sındırmaq niyyəti ilə Bişri kənara çəkərək dedi: 


— Çoxdandır, səfərdəyəm. Bu təmiz suda yuyunub, çimmək istəyirəm. Çiməndən sonra da küpü smdıracam ki, heyvanlar da təhlükədən qurtarsınlar. Bişr küpü sındırmaq istəyən Məlihi fikrindən daşındırmağa çalışdı:


 — Bu susuz səhrada, susuzluqdan yananda küpdən su içib sevindin. Suyunu içdiyin küpdə çimmək insafdan deyil, heç kim suyunu içdiyi quyuya tüpürməz. Burdan yenə yolçular keçəcək, bu su küpü hələ çoxlarının dadma çatacaq.


Bişrin öyüd-nəsihətinə qulaq asmayan Məlih soyunub paltarlarını bir yerə yığdı və suya tullandı. Sən demə, küpün altı dərin quyu imiş. Məlih çox əl-qol atdısa da, özünü xilas edə bilmədi. 


Bişr Məlihi çox gözlədi və darıxıb küpün içərisinə baxanda gördü ki, lovğa yoldaşı suda boğulub.


Bişr bədbəxt Məlihi böyük çətinliklə sudan çıxarıb dəfn elədi. Sonra da onun qərib məzarı üstündə gileyli-gileyli dedi: 


— Eh, zavallı, özünü hamıdan ağıllı sanıb öyünürdün. Ağlın-kamalm bu idimi? Özünü hamıdan hünərli bilirdin. Məgər hünərli belə olur? Əlli il bundan qabağı görürdün, bəs bircə an sonra başına gələn bəladan niyə xəbər tutmadın? Uzaqgörənliyin bu idimi? 


Bişr onun paltarlarını yığışdırdı. Əmmaməsini götürdü. Bağlamasını qaldıranda içindən bir kisə düşdü. Kisənin içində nə görsə yaxşıdır. Min dənə Misir qızılı. O, qızıl pulları kisəyə qoyub boğçanı bağladı və yola düzəlib birbaş evlərinə gəldi. Qohum-qardaşına baş çəkdi. Sonra Məlihin ipək çalmasını götürüb onun evini soraqlamağa başladı. Soraqlaşa-soraqlaşa gəlib Məlihin imarətini tapdı. Qapını döydü. Qonağı yaşmaqlı bir qadın qarşıladı. Bu qadın Məlihin dul qalan arvadı idi. Bişr əmanəti dul qadına verib əhvalatı olduğu kimi danışdı.  

 

Qadın əmanəti yoxlayıb gördü ki, Bişr heç nəyə əl vurmayıb. Qonağın nəcib və etibarlı adam olduğuna ürəkdən inandı. Sonra üzünü Bişrə tutub minnətdarlıqla dedi: 


— Sən necə alicənab, mərd insansan! Yaxşıların yaxşısısan, sən elədiyin mərdliyi, bəlkə, heç o eləməzdi. Sən dözdüyün əzaba o dözməzdi. Onun zalımlığı, mərdimazarlığı hamını bezdirmişdi. Əlindən hamı cana gəlmişdi — kişi də, qadın da, qoca da, cavan da... Mənə ömrü boyu gün verib, işıq verməyib.


Sanki mən kövrək bir bulud idim, o isə sərt küləkdi. Amansız şimşək kimi qılınc çəkib məni dilim-dilim doğrayardı.


Bu sözləri deyib dul qadın üzündən örpəyi götürdü. Onun ay camalı, süzgün şəhla gözləri, qara xalı Bişri heyrətə gətirdi. Bir zaman yolda rastına çıxan, külək duvağını üzündən açanda şəhla gözləri, qara xalı, gül camalı ilə Bişri eşqə salan həmin gözəli tanıdı. Tale ona bu görüşü necə də öz vaxtında qismət eləmişdi. Bişr gözlərinə inanmadı. Sonra özünü ələ alaraq çoxdan həsrəti ilə yaşadığı gözələ üzünü tutub dedi:


— Ey mələk, bu çoxdankı sevdadır, çoxdankı həsrətdir. Günlərin birində yolda sənə rast gələndə külək örpəyini üzündən götürdü, bir könüldən min könülə vuruldum sənə. Pərvanə kimi oduna yandım. Daim xəyalınla yaşadım. Dərdimi kimsəyə aça bilmədim. İndi taleyimdən diinyalarca razıyam, biz yenə görüşdük.


Dul qadın Bişrin onu qəlbən sevdiyinə inandı. Onlar el adəti ilə kəbin kəsdirib, xoşbəxt həyat sürməyə başladılar. Bişrin vüsalına qovuşduğu bu gözəl qadın yaşıl paltar geyinib yaşıl sərvə döndü, onun ömrünə yaşıl-yaşıl nəğmələr gətirdi.


Yaşıl libaslı Xarəzm gözəlinin hekayəti burada sona yetdi.


Bəhram şah yaşıl rəngin gözəl əlamətləri haqqında düşüncələrə daldı.


Yaşıl sərvin boyu ucalıq, ululuq timsalıdır.


Yaşıl rəng çəmənlərin və ormanların yaraşığıdır.


Yaşıl libas gözəllərin cazibədarlığmı daha da artırır.


Yaşıllıq təbiətin təravəti, oyanışıdır.


Yaşıllıq gözə işıq, könülə fərəh gətirir.


Yaşıllıq sağlamlıqdır, həyatdır.