Nağıllar, hekayələr

Kəpənək

Balaca oğlan - Mişka ətrafdakı dünyanı öyrənməyi çox sevirdi. O, qurbağaları, qarışqaları, böcəkləri, tırtılları, hörümçəkləri, kəpənəkləri tutub balaca qutuda saxlayırdı. Bu canlıların necə sürünərək nəyi yeyəcəyi ilə maraqlanırdı və heç vaxt, heç birinə yazığı gəlmirdi. Bütün canlılar Mişkanın qutularında yaşayır və azadlığa çıxmağı bacarmırdılar.

 

Mişkanın anası bir gün oğlunda mərhəmət hissinin oyanacağına ümid edirdi. Amma hələ ki, Mişka dostlarıyla birlikdə pişik balasını quyruğundan sürüyür, qarğalara atəş edir və çəyirtkələri ayağından iplə bağlayırdı.

 

Bir gün Mişka eyvanda oturub pəncərəyə baxırdı. Pəncərədə hörümçək toru gördü. Hörümçək toruna bir milçək düşdü, hörümçək isə vaxt itirmədən bu milçəyin ətrafına tor bağladı. Pəncərədə çoxlu ölü milçək var idi. Mişka birini götürüb hörümçək torunun içinə qoydu. Hörümçək məşğul idi deyə yeni milçəyi görmədi. Sonra Mişka hörümçək torunu üfürdü. Tor titrədi, elə bil ki, milçək qaçmağa çalışırdı. Hörümçək sevindi və yeni bir milçəyi sarmağa qaçdı. Onun ölü olduğunu bilmirdi. Mişka bu prosesi çox bəyəndi və eyni şeyi başqa bir milçəklə də etdi. Sevincli hörümçək növbəti milçəyi bağlamaq üçün qaçdı. Sonra üçüncü milçək, dördüncü və beşincisi gəldi. Hörümçək bir milçəkdən digərinə qaçdı və məşğul bir sahibə kimi hamısını diqqətlə hörümcək toru ilə bükdü. Ancaq bu qədər milçəyin ağırlığından hörümçəklə birlikdə nazik tor cırılıb pəncərənin üstünə düşdü.

 

- Yaxşı, tamam, - Mişka əlini yellədi.

 

Sonra böyük bir kəpənəyin eyvana uçduğunu gördü. Kəpənək pəncərəyə çırpıldı. Mişka onu tez tutdu və dərhal plastik bir fincanın içinə qoydu. Üstünü hava üçün dəlikli bir qapaq ilə örtdü. Kəpənək qanadlarını döyməyə başladı, qab onun üçün çox kiçik idi. Mişka onunla bir az oynadı, sonra darıxıb oğlanlarla oynamağa getdi. Kəpənəyi isə pəncərənin üstündə qoydu. Axşam anası Mişkanı yatızdırmağa gələndə pəncərənin qarşısında xışıltı eşitdi. Sonra fincanın içində çırpınan bir kəpənək gördü.

 

- Neçə vaxtdır burada yaşayır? - Ana soruşdu.

 

"Bir gün" - Mişka cavab verdi.

 

- Buraq getsin! 

 

- Buraxmaram, niyə buraxmalıyam ki? - Mişka narazı cavab verdi.

 

- Kəpənəklərin cəmi iki gün yaşadığını bilirdinmi? Bu gün onu buraxmasan, sabah öləcək.

 

- Ölsün də! Sadəcə bir kəpənəkdir, - Mişka əsəbiləşdi. Fincanı heç kimə verməyəcəyini göstərərək bərk-bərk tutdu.

 

- Yaxşı, bu qədər qəddar olma. Bilirəm ki, sən mehriban oğlansan. Bu kəpənək də sənin və mənim kimi yaşamaq istəyir, o da xoşbəxt olmaq istəyir. Ona heç olmasa bir gün azadlıq ver, mərhəmət et. Gör necə də gözəldir!

 

Sonra Mişka düşündü. Birdən, əvvəl başa düşə bilmədiyi bir şeyi anladı. Bütün heyvanların, böcəklərin, quşların və balıqların da canlı olmasını və özlərini pis və ya yaxşı hiss etmələri dərk edən Mişka əlindəki fincanı daha da bərk tutdu və başını yellədi. Səhv etdiyini gec də olsa başa düşdü və etdiyi hərəkətlərdən çox utandı.

 

Ana gedəndən sonra Mişka uzun müddət dayanıb düşündü. Sonra dərindən nəfəs aldı, qapağı açdı və kəpənəyi sərbəst buraxdı. Kəpənək stəkandan çıxdı, uçmağa çalışdı, ancaq qanadları cırılmışdı və çətinliklə uça bilirdi. Kəpənək az qala yıxılaraq yöndəmsiz uçurdu. Mişkaya elə gəldi ki, qanadları ilə ona "Sağ ol" deyirdi.

 

Mişka kəpənəyin arxasınca uzun müddət baxdı. Artıq onda mərhəmət hissi yaranmışdı. Ertəsi gün səhər Mişka saxladığı bütün heyvanları sərbəst buraxdı: iki qurbağa, üç qabıq böcəyi və bir vədrə tırtılı. O vaxtdan bəri Mişka artıq heyvanlara və böcəklərə işgəncə vermir, sadəcə onları kənardan izləyir.