Nağıllar, hekayələr

Aysel Xanalıyeva. İradənin gücü

Əslində, Nahidi nadinc adlandırmaq olmazdı. Əksinə, azdanışan, düşüncəli, çalışqan, nəzakətli bir yeniyetmə idi. Amma gözlənilmədən özündən çıxan vaxtları da az olmurdu. Bir də görürdün, heç nəyə görə hirslənib kiməsə qarşı kobudluq etdi. Onun bu çılğınlığının, xasiyyətindəki ziddiyyətin səbəbini nə yoldaşları, nə də müəllimləri anlaya bilirdilər. Bax elə dünən də sinif yoldaşları ilə dalaşmış, Salehin qolunu burub incitmişdi. Nahidin davranışına çoxdan göz qoyan sinif rəhbəri ertəsi gün onu yanına çağırıb dedi:

 

- Nahid, dünənki hadisə haqqında səninlə danışmaq istəyirəm. Dalaşıb Salehin qolunu zədələmisən. Özün bilirsən ki, Saleh həmin qolundan əməliyyat olunub. Bu hərəkətinlə onu şikəst edə bilərdin. Aranızdakı münasibətdə kimin haqlı olduğu barədə hökm vermək niyyətim yoxdur, ancaq səndən bir şey xahiş edəcəyəm. Bu gecə üzünü səmaya tut, Ayı və ulduzları seyr elə. Sonra səhər erkən durub Günəşin doğmasına və Yer üzünə işıq saçmasına bax. Amma dediklərimi mütləq et, yaxşımı?!

 

Nahid razılıq versə də, bir şey başa düşmədi. Axı onun dalaşmağı ilə aylı-ulduzlu səma və Günəş arasında nə əlaqə var? Salehin qolu, ulduzlar, Günəş ... Çox mənasız idi. Amma Nahid sözünün üstündə duran oğlan idi.

 

Müəllimin dediyi kimi, gecə səmadakı ulduzları seyr etdi. Yanıb-sönən ulduzlara baxdıqca xəyallara daldı, uçan ulduzları görəndə həyəcanlandı. Ayın parlaqlığına valeh oldu. Sanki yuxarıda - səmada gördüyü gözəlliklər, möhtəşəmlik və əbədiyyət ona Yerdəki cılızlıqları, mənasız əsəbilikləri unutdurmuşdu. Nahid səhər tezdən durub Günəşin öz şüalarını Yer üzünə hədiyyə etməsini birinci dəfə görürmüş kimi heyranlıqla izlədi.

 

Ertəsi gün tənəffüsdə Kərim müəllim pəncərənin qarşısında dayanmış Nahidin fikrə daldığını görüb ona yaxınlaşdı və soruşdu:

 

- Nahid, dediklərimi etdinmi? Göy üzündə nələr gördün, danış görək!

 

- Sayını bilmədiyim qədər ulduz, parlaq Ay və Günəşin doğması... Səmanın bu qədər gözəl olduğunu indiyə qədər hiss etməmişdim.

 

- Ulduzların, Günəşin milyon illər işıq saçdığını düşündünmü? Bəs uçaraq qaranlıq səmada yox olan ulduzları necə, seyr etdinmi?

 

Uyğunlaşa bilmədiyin, buna görə də acıladığın insanları bir gün ulduz kimi itirə biləcəyin ağlına gəldimi?..

 

- Amma, müəllim, Salehlə qəsdən dalaşmadım axı! Kimsə mənim kürəyimə toxunanda istər-istəməz əsəbiləşirəm. O isə bunu bilə-bilə arxadan gəlib kürəyimə yumruq vurur, məni cırnadırdı. Mən də dözmədim.

 

-Anlayıram. Mən Salehlə də danışmışam. Ona tapşırmışam ki, bu cür hərəkətlərindən əl çəksin. Səninlə də kiçik bir müqavilə bağlayaq. Kürəyinə kimsə toxunanda ona qədər sayacaqsan. Hirsin keçənə qədər heç kimlə danışmayacaqsan. Razılaşdıq?

 

- Çalışaram, müəllim.

 

Bundan sonra kimsə kürəyinə dəyəndə, ya vuranda Nahid heç səsini də çıxarmırdı, müəllimin dediklərini xatırlayıb ona qədər sayırdı. Doğrudan da, hirsi keçirdi. Hər dəfə Nahidin təmkinli davranışı ilə qarşılaşan sinif yoldaşlarında da onu cırnatmaq həvəsi yavaş-yavaş yox olurdu.

 

Bir gün məktəbdən çıxıb evə gedirdi. Dərin fikrə dalmışdı, ətrafa qətiyyən fikir vermirdi. Birdən kürəyinə bərk bir şeyin toxunduğunu hiss etdi. Özündən asılı olmayaraq yumruğunu var gücü ilə sıxdı. Qan beyninə vurdu, boynundakı damarlar şişdi. Geriyə dönüb kürəyinə vuran adamın üstünə atılmaq istəyirdi ki, müəllimə verdiyi söz yadına düşdü. Gözlərini yumub ağır-ağır nəfəs ala-ala yavaşca saymağa başladı:

 

- Bir, iki, üç, dörd...

 

Birdən arxadan səs gəldi:

 

- Bağışlayın, sizin burada olduğunuzu hiss etmədim.

 

Nahid geri çevrilib həmin adama baxdı. Bu, əlindəki əsa ilə ətrafını yoxlayan bir kişi idi. Gözləri zəif görürdü...

 

Nahidin iradəsi qalib gəlmişdi!..