Nağıllar, hekayələr

Məhəmməd Vəliyev. Alabaşın sədaqəti

Əsl adı Xasməmməd olmasına baxmayaraq kənd camaatı onu çoban Xası deyə çağırırdı.


Həmişə olduğu kimi, bir gün yenə o, sürünü örüşə otarmağa apardı. Sürü Qarabulaq meşəsinin ətəklərinə çatmışdı. Gün yenicə günortanı adlamışdı. Çoban Xası palıd ağacına söykənib dincini alırdı. Polad, Qaytar, Bozdar və
Alabaş onu dövrəyə almışdılar. Birdən bərk şaqqıltı qopdu. Sürü iki hissəyə bölündü. Bir hissəsi Muşul meşəsinə tərəf aşdı. İkinci hissəsi Qarabulaq meşəsinin ətəklərinə səpələndi. İtlər özünü çatdırana kimi sürüyə soxulmuş
iki canavar dörd qoyunu parçalamış, ikisini isə yaralamışdı. İtlər canavarları xeyli uzaqlaşdırdılar.


Aradan xeyli keçdi. Çoban Xası itləri səslədi. Üçü gəlib çıxdı, bir yaşı yenicə tamam olmuş Alabaş isə gəlib çıxmadı. Çoban onu nə qədər soraqladısa tapa bilmədi. Bu hadisədən üç ildən artıq vaxt keçmişdi.


Çobanla qapıbir qonşu olan Paşa kişi Ləlvər yaylağına köç aparırdı. Yol Şamlıq deyilən qəsəbədən keçirdi. Maşın qəsəbəyə çatanda xarab olub yolda qaldı. Sürücü maşını sazlamaqla məşğul idi. Paşa kişi isə maşın dayanan yolun kənarındakı evi səsləyib içməyə su istədi. Uzaq kəndlərdə də hörməti, izzəti olan Laziqo kişinin arvadı eyvana çıxdı. Paşa kişini tanıyıb hal-əhval soruşdu.


Bu qəsəbədə azərbaycanlılarla yanaşı yunanlar da yaşayırdı. Qədim zamanlardan köçüb buralara gəlmişdilər.


Talvarın altından iki it yad səs eşidib hürməyə başladı. Diqqətlə baxanda Paşa kişi itin birini çoban Xasının Alabaşına oxşatdı. Bu vaxt Laziqo kişi də gəlib çıxdı. Paşa kişi ilə görüşüb söhbət etdilər. Paşa kişi dedi:


- Laziqo qardaş, itlərin çox yaxşı itlərdir. Adamı qapıya buraxmaq istəmirlər. Özü də birinin əvəzinə ikisini saxlayırsan. Laziqo kişi dedi:

 

- Qara it özümündü. O birini isə tapmışam. Bir dəfə qara it də yanımda meşədən gəlirdim. Bir də gördüm bir küçük taqətdən düşmüş halda, güclə yeriyə-yeriyə harasa gedir. Qara it ona yaxınlaşdı. Yorğunluqdanmı, ya nədənsə bir-birinə çox tez alışdılar, ünsiyyət bağladılar. O da qara itə qoşulub evə gəldi. Üç ildən çoxdur ki, saxlayıram. Tayı-bərabəri yoxdur.


Qonşu bu hadisəni kəndə gələndə çoban Xasıya danışdı. Çoban Xası da Alabaşın dalınca Şamlıq qəsəbəsinə yollandı. Laziqo kişi qonağı hörmətlə qarşıladı. Hal-əhvaldan sonra dedi:


- Gəlməkdə məqsədin nədir, bala? Xeyirdimi?


- Xeyirdir, əlbəttə, gəlmişəm Alabaşı aparım, talvarın altında yatan it mənimdir.


Kişi təəcübləndi:


- Alabaş nədir bala, itin adı Parodur. Özüm qoymuşam adını. Həm də çoxdan saxlayıram onu. Heç kəsə də verən deyiləm.


Çoban Xası nə qədər yalvar-yaxar etdisə də kişi iti vermədi ki, vermədi. Axırda dünyagörmüş Əhməd kişi ilə məsləhətləşdilər. Əhməd kişi də cavanlığında çobanlıq etmişdi, çoban üçün də itin nə qədər qiymətli olduğunu yaxşı bilirdi. Həm də bilirdi ki, çoban iti ilk sahibinə heç vaxt dönük çıxmaz. Əhməd kişi mübahisəyə son qoymaq üçün belə şərt kəsdi ki, iti də götürüb yolayrıcına getsinlər. Hərə bir yolda dayansın və hərə özünün verdiyi adı çağırsın. İt kimə tərəf getsə, necə qərar gəlsə eləcə də olsun.

 

Şərtə razı olub yolayrıcına gəldilər. Hər ikisi iti səslədi. İt əvvəlcə Laziqo kişinin dalınca getdi. Onun ayaqlarına dolaşdı. Atılıb-düşdü. Elə bildilər ki, məsələ həll olundu. Çoban Xası bir də onu səslədi:


- Alabaş, Alabaş!


İt duruxdu, elə bil təzədən nəyi isə xatırladı və birdən geriyə baxmadan çoban Xasıya tərəf üz qoydu.

 

Laziqo kişi “Paro, Paro!” –deyə səslədisə, Alabaş bir də geri qayıtmadı. Başını əsl sahibinin ayaqlarına söykəyib zingildəyir, atılıb-düşürdü.


Çoban Xası sevinc içində qorxmaz və sədaqətli itinin başını sığallayırdı.