Nağıllar, hekayələr

Küpəgirən qarı

Bir zamanlar bir ər-arvad var idi. Onların bir qızı vardı. Bir gün arvad xəstələnərək dünyadan köçür. Kişi arvadının ölümünə çox kədərlənir.


Bir müddət sonra kişi başqa qadınla evləndi. Lakin həmin qadın qızı sevmədi. Hər gün qızı döyən, onunla dalaşan qadın onu öldürmək qərarına gəldi. Bir gün atası evdə olmayanda qadın qıza dedi ki, get mənim bacımgilə, o sənin xalandır, ondan sap və iynə al gətir, sənə köynək tikim.

 

Və bu xala Küpəgirən qarı idi. Qız qadına etiraz etməyə qorxdu, lakin əvvəlcə öz doğma xalasının yanına getdi.


– Salam xala!


– Salam əzizim! Nə üçün gəlmisən?


– Ögey anam məni bacısının yanına göndərdi ki, ondan iynə-sap istəyim. Mənim üçün köynək tikəcək.


Xala dedi:


– Yaxşı ki, əvvəlcə məni görməyə gəldin. Al bunları: bir lent, kərə yağı, çörək və bir parça ət. Orada bir ağcaqayın ağacının budaqları sənə mane olacaq. Onu bu lentlə bağlayarsan. Qapılar xırıldayıb bağlanacaq, səni tutacaqlar. Onda qapıya yağ çəkərsən. Daha sonra itlər sənə hücum edəndə bu çörək parçasını onlara atarsan. Pişiklər gözlərini cırmaqlayanda isə bu əti onlara atarsan.


Qız xalasına təşəkkür edib yola düzəldi. Az getdi, düz getdi və bir meşəyə gəlib çatdı. Gördü ki, burada çəpərlərin içində, toyuq ayaqları üstündə yerləşən bir daxma var. Bu vaxt daxmada Küpəgirən qarı toxumaqla məşğul idi.


– Salam xala!


– Salam, Əzizim! – Nə istəyirsən?


– Ögey anam məni səndən iynə və sap itəməyim üçün göndərdi, mənim üçün köynək tikəcək.


– Yaxşı bacıqızı, al bu iynə sapı, sən otur toxumağa başla!


Beləliklə, qız pəncərənin yanında oturdu və toxumağa başladı. Küpəgirən qarı daxmadan çıxdı və işçisinə dedi:

 

– Mən indi yatacam, siz də gedin, hamamı qızdırın və qızı yuyun. Yaxşı-yaxşı yuyun, duranda yeyərəm!


Qız bu sözləri eşitdi, qorxudan titrədi.


Küpəgirən qarı yatmağa getdəndə qız gəlib işçidən xahiş eləməyə başladı:


– Əzizim, sobada işləməkdən əlləriniz yanır, al bu dəsmalla rahat işlə!

 

Bu vaxt Küpəgirən qarı oyandı, pəncərəyə yaxınlaşıb soruşdu:


– Əziz qızım, toxuyursan?


– Toxuyuram xalacan.


– Küpəgirən qarı yatağına geri döndü.


Qız pişiyə ət verərək soruşdu:


– Pişik, mənə buradan qaçmağım üçün yol göstər.


Pişik deyir:


– Masanın üstündə bir dəsmal və darağ var. Onları götür və tez qaç. Yoxsa Küpəgirən qarı səni yiyəcək! Qulağını yerə qoy,onun yaxınlıqda olduğunu eşidəndə darağı at. Sıx meşə yaranacaq,o meşə ilə qaç. O səni izləsə, dəsmalı at, bu zaman geniş və dərin bir çay meydana gələcək.


– Təşəkkür edirəm, pişik!

 

Qız pişiyə təşəkkür etdi, dəsmal və darağı götürüb qaçdı. Qaçmaq istəyəndə itlər ona hücum etdilər, onu dişləmək istədilər. Bu zaman qız onlara çörək verdi.

 

Çəpərdən keçmək istəyəndə qapılar cırıldadı və qız qapıya yağ çəkdi. Qapı qızı buraxdı. Ağcaqayın budaqları qızın gözlərini çıxarmaq istəyəndə qız onları lentlə bağladı. Geriyə baxmadan qaçmağa davam etdi.

 

Bu vaxt daxmada pişik pəncərənin yanında toxumaqla məşğul idi. Küpəgirən qarı oyandı və soruşdu:


– Qızım, toxumağa davam edirsən?


Pişik ona kobudcasına cavab verdi:


– Toxuyuram xala!


– Küpəgirən qarı otağa girdi və gördü ki, qız yoxdur. O, pişiyi döyməyə və danlamağa başladı:


– Ay yaramaz, niyə qızı çölə buraxdın?! Niyə onun gözlərini qoparmadın, üzünü cırmaqlamadın?


Pişik cavab verdi:


– Neçə ildir sənə xidmət edirəm, mənə heç sümük də vermirsən. Amma, o mənə ət verdi.


Küpəgirən qarı daxmadan çıxıb itləri danlamağa başladı:


– Niyə qızı dişləmədiniz, parçalamadınız?


İtlər ona dedi:


– Bu qədər ildir sənə xidmət edirik, bizə bir yanmış qabıq atmamısan, amma o bizə çörək verdi!

 

Küpəgirən qarı qapıya qaçdı:


– Niyə xırıldamadınız, niyə onu çölə buraxdınız?


Darvaza dedi:


– Neçə ildir sizə xidmət edirik, bizə su da tökməmisən. Amma o bizim üçün yağ tökdü!


Küpəgirən qarı ağcaqayın ağacaından soruşdu:


– Sən niyə onun gözlərini çıxarmadın?


– Neçə ildir sənə xidmət edirəm, məni iplə bağlamamısan. Amma o məni lentlə bağladı!


Küpəgirən qarı işçisini danlamağa başladı:


– Niyə heç kim məni oyatmadı? Niyə ona qaçmağa imkan verdiniz?


İşçi dedi:


– Uzun müddətdir sənə kömək edirəm, səndən bir dənə xoş söz eşitməmişəm, amma o mənə dəsmal verdi, mənimlə mehriban davrandı.


Küpəgirən qarı qışqırdı, səbətinə oturub qızın arxasında düşdü. Bu zaman qız meşədə qulağını yerə qoyub qarının onun ardınca düşdüyünü eşitdi: yer titrəyir, qarı çox yaxındadır…


Qız darağı çıxarıb sağ çiyninin üzərindən arxaya atan kimi burada sıx və yüksək bir meşə peyda olur: ağacların kökləri yerin altına girir, başını buludlar alıb.


Küpəgirən qarı qaçmağa davam edir, bütün meşəni ələk-vələk edir, ağacları qırır.

 

Qız bu zaman qulağını yerə qoyur: yer titrəyir, qarı çox yaxındadır! Qız dəsmalı götürüb sağ çiynindən arxaya atır. Dərhal enli, dərin bir çay peyda olur. Küpəgirən qarı çaya doğru sıçradı, qəzəblə dişlərini qıcadı, amma çayı keçə bilmədi. Evə qayıtdı, öküzlərini yığıb çaya tərəf sürdü:


– Öküzlərim, için, bütün çayı dibinə qədər için!


Öküzlər nə qədər içdilərsə, çayın suyu yenə də azalmadı. Qarı əsəbləşdi, özü də çayın suyundan içməyə başladı. Küpəgirən qarı artıq qızın qaçdığını anladı.

 

Axşam oldu. Qızın atası evə qayıtdı və arvadından soruşdu:


– Bəs qızım haradadır?


Ögey ana dedi:


– İynə və sap gətirmək üçün xalasının yanına getdi, amma hələ də qayıtmayıb.


Ata nigaran qaldı, qızını axtarmağa gedirdi ki, o anda qız evə gəlib çıxdı.


– Sən harada idin, qızım? – deyə atası soruşdu.


– Ögey anam məni bacısının yanına göndərdi. Bacısı Küpəgirən qarı idi, o məni yemək istədi. Ondan zorla qaçdım!


Bütün bunları öyrənən ata, pis qadına əsəbləşdi və çirkli süpürgə ilə onu evdən qovdu. Və qızı ilə dostcasına və yaxşı yaşamağa başladı.