Mədinə rəngli karandaşlarını çantasından çıxarıb yazı masasının üstünə qoydu. Sonra rəsm dəftərini açıb dovşan şəkili çəkməyə başladı. Az sonra şəkili çəkib qurtardı, amma şəkil xoşuna gəlmədi. Çünki şəkildəki dovşan çox qəmli görünürdü. Bu, Mədinənin xoşuna gəlmədi. O, vərəqi çevirib yenidən dovşan şəkili çəkməyə başladı. Bu dəfə yaşıl karandaşdan istifadə elədi, ancaq yenə də çəkdiyi dovşan qəmli-qüssəli görünürdü.
Güzgüyə yaxınlaşdı. Öz-özünə gülümsədi. Saçlarını darayıb səliqəyə saldı. Güzgüdə bir xeyli özünə baxıb güldü. Gülə- gülə yenidən yazı masasının arxasında əyləşdi və dişlərini ağardan iri bir dovşan şəkili çəkdi. Amma o, yenə də istədiyinə nail ola bilmədi. Dovşan ağzını geniş açıb gülsə də, yenə də gözlərində bir kədər vardı.
Mədinə başını əllərinin arasına alıb fikrə getdi. Sonra gözlərini pəncərəyə zilləyib dərin-dərin düşüncələrə daldı. Axı, o, güləyən dovşanın şəklini çəksə də yenə də nəsə çatışmırdı. Bəs şəkildə çatışmayan nə idi? O, bu suala cavab tapmaq istəyirdi. Ona görə də gözlərini pəncərəyə dikib bərk fikrə getmişdi. Az sonra o, durub pəncərəyə yaxınlaşdı. Ağacların yarpaqları yavaş-yavaş saralırdı. Təbiət öz yaşıl libasını dəyişməyə hazırlaşırdı. Mədinə saralmaqda olan yarpaqlara bir xeyli tamaşa edib mətbəxə keçdi. Acmışdı. Anası dolma bişirmişdi. - Qızım, acmısan? - Anası soruşdu.
- Ana, niyə mənim çəkdiyim dovşan kədərli görünür?
-Nə dovşan? - Anası təəccüblə soruşdu
- Bizim evdə dovşan nə gəzir?
- Sualına cavab gözləmədən dedi: - Yaxşısı budur ki, yeməyini yeyib dərslərinlə məşğul ol. Mədinə başını bulayıb mətbəxdən çıxdı və öz otağına gəlib yenidən karandaşı əlinə götürüb dovşan şəkili çəkmək istəyəndə yadına nə düşdüsə də sevinclə qışqırdı:
- Tapdım, tapdım! Anası tələsik içəri girdi.
-Nə tapdın, qızım? Mənim çəkdiyim dovşan ona görə qəmli görünür ki, o, təkdir. Anası gülümsəyərək geriyə-mətbəxə qayıtdı.
Mədinə əvvəlcə böyük bir dovşan şəkili çəkdi. Sonra dovşanın yanında iki dənə balaca dovşan şəkili çəkib ayağa durdu. İndi o, üç dənə dovşan şəkili çəkmişdi. İki bala dovşan ana dovşana baxıb gülümsəyirdi. Ana dovşan da onlara baxıb gülümsəyirdi.Mədinə düşündü ki, insan da tək olanda qəmli görünür. Qoy ona görə də heç kim tək olmasın. Təklik insanlara da, heyvanlara də qəm-qüssə gətirir.
Sonra Mədinə öz-özünə gülümsədi və anasını səslədi:
- Ana, ay ana!
- Can ana! - Mətbəxdən anasının səsi gəldi.
04.03.2023