Nağıllar, hekayələr

Zahid Xəlil. Ev əşyalarının yeri dəyişir

Kəmalənin еvə gəlişi ilə bütün işlər baş ayaq oldu. Əvvəlcə ev əşyalarına bir əl gəzdirildı. Aydındır ki, Kəmalənin çarpayısından başlandı. Çarpayı tərsinə qoyuldu. Ana əvvəlcədən bilirdi ki, əgər Kəmalənin çarpayısının yeri dəyişməsə qızının qırıq patefon ciyiltisinə oxşayan cır səsi aləmi başına götürəcəkdi. Çarpayı tərsinə qoyulandan sonra gərək döşək də tərsinə salınaydı. Ancaq ana nə qədər əlləşdisə bunu edə bilmədi. Çünki döşəyi hansı üzünə saldısa elə düz göründü. Qızın isə səsi kəsmirdi ki, kəsmirdi. Yaxşı ki, ata işə qarışdı. Onlar yorğanı uşağın altına döşəyi isə üstünə saldılar. Bu başqa məsələ. Kəmalə belə bir yatacaqda keyfi istəyən qədər qığıldana bilərdi.


Ancaq oyuncaqlar məsələsinə gələndə işlər yaman çətinə düşdü. Bunları hara yığmaq olardı? Çarpayının altına qoydular, qızın zil səsi qalxdı. Göydən asdılar paravoz fışıltısına oxşayan səsi qonşuları gecə yarısı yuxudan hövlnak oyatdı. Yaxşı bəs neynəmək olar?
—Axı mən başıma haranın daşını salım? — dеyə Lalə qızının gülümsünən gözlərinə baxdı. Başa düşmədi ki, bu gözlər kələkbazlıqdan gülümsünür, yoxsa elə onların quruluşu bеləcə tərsinədi. Camaat hövsələdən çıxanda o gülür?! Əslində heç orasını başa düşməyə yazıq anada hal qalmamışdı.

—Gəl belə edək, — deyə ata axırı ki, çıxış yolunu tapdı. — Oyuncaqları qızın yatacağının altında qoyaq! Sən demə Kəmalə də elə bunu istəyirmiş. Oyuncaqlar onun yastığının altına köçən kimi qızı şirin bir yuxu apardı.

Yavaş-yavaş evdə hər şеy öz həqiqi yerini tapırdı. Ana bir dəfə hətta belə fikrə gəldi ki, bu əşyalar məhz belə də düzülməliymiş. Ayaqaltılar evin yuxarı başında, pianino koridorda, şifoner və şkaflar isə evin tən ortasında olmalıymış.


Bir müddətdən sonra hamı bu vəziyyətə öyrəşdi və heç kəsin ağlına da gəlmədi ki, belə olmaz. Kəmalənin iki yaşı olanda 13№-li evin sakinləri bütün dünyadan fərqli bir həyat keçirirdi. Onlar daraqla ayaqlarını qaşıyır, ayaqqabı ilə su içir, corablarını papaq əvəzinə geyinirdilər.


Evin nömrəsini qəsdən dolaşdıran Abdulla baba bir bəhanə ilə bura gəldi. Bəh-bəh doğrudan da bu ev aləm idi. Ən maraqlısı bu idi ki, şifonerin altına ayaq əvəzinə dörd futbol topu qoyulmuşdu ki, onu itələmək asan olsun.
Qoca əllərini bir-birinə sürtüb demişdi:
—Bax bundan sonra dünyada yaşamağına dəyər. Daha heç kəs gileylənə bilməz ki, dünya çox darıxdırıcıdır.
—Nə dediniz? — deyə Lalə qocanın sözlərindən bir şey başa düşmədi.
—Deyirəm qazınız, suyunuz lap əladır.
—Nə danışırsınız? Biz istifadə etmədiyimiz üçün qazımızı lap dibindən kəsdirmişik. Xörəklərimizi eləcə sərin suda bişiririk. Bilirsiniz necə ləzzətli olur? İstəsəniz hazır xörəyimiz var. Bir qab çəkim yeyin. Əslində qoca ac deyildi. Amma belə bir fürsəti də əldən
vermək olmazdı.
—Nə deyirəm, gətirin!


Lalə qocaya bir qab dolma kələmi verdi. Təəccüblənməyin, siz kələm dolması yеyirsinizsə gərək biləsiniz ki, bu evdə kələm dolmasının əvəzinə dolma kələmi bişir. Özü də dadı heç də o biri xörəklərinkindən əskik deyil.
Dolma kələmi o qədər ləzzətli idi ki, qoca iki tikədən artıq yeyə bilmədi. Belə ləzzətli xörəkləri çox yemək olmur.

Abdulla baba gedəndən sonra ana hər yana belə bir xəbər göndərdi: «Dünyanın ən ağıllı uşağı olan Kəmaləyə dayə axtarıram. Nə qədər tez olsa o qədər yaxşıdı». Bu xəbəri hamıdan əvvəl Kəmalə eşitdi. Ana başa saldı ki, qəşəng bir xala gələcək və onun tərbiyəsi ilə məşğul olacaq.


Kəmalə əvvəl istədi bir qışqırsın. Hətta boğazını hind toyuqlarının boğazı kimi qabağa uzatdı da. Amma birdən fıkirləşdi ki, bəlkə o xala elə Kəmalənin ürəyincə olacaq. İndidən səs-küy salmağın elə bir mənası yoxdu. Elə həmin gündən dayəsinin yolunu gözləməyə başladı.