Şeirlər

Fikrət Qoca. Şuşa

(ixtisarla)

Daşaltı çayına yol vermək üçün
Dağ öz ətəyini yığıb altına.
Elə bil bu yeri yaratdığı gün,
Düşübdür Allahın xoş saatına.


Hər daş öz rəngiylə dünyaya baxır,
Hər qaya elə bil bir qərinədir.
Çay da əsrlərin dibindən axır,
Hər dağ daşa dönmüş zamandır, nədir?!


“Qıy səsi” özünü atır qayadan,
Başqa qayalara dəyir, qayıdır.
Dərə ümman olur gələndə duman,
Buludlar üstündə boz qağayıdır.


Sanki duman üstə dayanmışam mən,
Nağıl dünyasıdır bura elə bil.
Günəş Simurq kimi qalxır dərədən,
Qulaq as, daşlar da dil açıbdır, dil.


Dağ düyüb alnını dərdi var kimi,
Deyirsən, nədənsə söz salacaqdır.
Qayalar sehrli qapılar kimi,
Deyirsən, üzünə açılacaqdır.


Burda cəm olubdur əzəmət, vüqar,
Duman çəkiləndə hər səhər-səhər.
Dumandan tökülüb qalır qayalar,
Dumandan səpilir çölə çiçəklər.


Vallah, göz sevinir baxırsan hara,
Öz yaşıl səsiylə çağırır çəmən.
Şuşa, ucalmısan boz buludlara,
Vətən torpağının heykəlisən sən.