Novruzçiçəyi gözəl dekorativ bitki kimi diqqəti cəlb edir, lakin bu məqsədlə çox az istifadə olunur. Onun bir çox növləri isə müalicə əhəmiyyətli bitkilərdir. Rusiyanın Avropa hissəsində yayılan dərman novruzçiçəyindən hələ çox qədim zamanlardan xalq təbabətində müalicə məqsədilə istifadə olunmuşdur. Ondan sinir sisteminin möhkəmləndiricisi, tərlədici vasitə kimi, döş qəfəsi xəstəliklərində, öskürək və s. əleyhinə geniş istifadə olunmuşdur. Köklərindən alınan cövhər isə bronxit xəstəliklərinin müalicəsində tətbiq edilir.
Cinsin dünya florasında 600-ə qədər növü yayılmışdır. Onlardan 60-a qədəri Rusiya ərazisində, 23-ü Qafqazda, 8-i isə Azərbaycanda təsadüf edilir.
Novruzçiçəyinin bir neçə növü vitaminlərlə zəngindir və qida məqsədləri üçün istifadə oluna bilər.
Bitki Azərbaycanın Böyük və Kiçik Qafqaz ərazilərində yayılmışdır. Bundan başqa ona dağ meşələrində, kolluqlarda rast gəlinir.
İnsan 1-2 ədəd novruzçiçəyi yarpağını yedikdə bir gündə C vitamininə olan tələbatını ödəyir. Hazırda Hollandiya və İngiltərədə onu tezyetişən, vitaminlərlə zəngin tərəvəz bitkisi kimi əkib becərirlər.
Novruzçiçəyinin vitaminlərlə zəngin olan yaşıl hissəsindən müxtəlif salatlar hazırlanır.
Novruzçiçəyi növlərini bostan sahələrində, eyvanlarda, dibçəklərdə, qutularda və s.-də asanlıqla becərmək olar. Bitkinin köklərinin tərkibindəki xoş ətirli madciədən (yağdan) limonad, iştahgətirici və tamverici vasitə kimi istifadə edirlər. Bundan başqa
onu xörəklərin və çayın tərkibinə də əlavə edirlər.
03.04.2023