Görkəmli şəxsiyyətlər

Bayram Bayramov

Xalq yazıçısı Bayram Salman oğlu Bayramov 1918-ci il dekabr ayının 11-də Ağdam rayonunda  anadan olub.

 

Orta məktəbi bitirdikdən sonra Ağdam Pedaqoji İnstitutunda, sonra Bakı Dövlət Universitetində təhsilini davam etdirmiş, uzun müddət müəllim işləmiş, sonra mətbuatda əmək fəaliyyətini davam etdirmiş, Dövlətnəşrkomda sədr müavini vəzifəsinədək yüksəlmişdir. 

 

Bayram Bayramov bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bayram Bayramov ilk əsərlərindən başlayaraq, müasir Azərbaycan kəndinin həyatına, məişətinə dərindən bələd olan bir yazıçı kimi tanınmışdır. 60-cı illərin sonlarına doğru bilavasitə şəhər mövzusunda, əsasən intelektual peşə adamlarının həyatından bəhs edən romanlar yazmışdır. Yazıçı ondan artıq roman, çoxlu hekayə və on beşdən çox povest yazmışdır.

 

 

Bayram Bayramovun əsərlərində Azərbaycan təbiətinin gözəllikləri həssaslıqla qələmə alınmışdır. Yazıçının təsvir zamanı işlətdiyi obrazlar oxucunu heyrətə gətirir. Adam nəsr oxuduğunu unudur, özünü şairanə bir aləmdə hiss edir. Məsələn: "Yorğunluq, əzginlik dənizdə qərq olub qalmışdı. Günəş narıncı şəfəqlər içində dünyadan köçürdü." "Bu gün payızın boz üzünə şüadan təbəssüm qonmuşdu, qumlar da parıltı alıb, parıltı verirdi. Qəsəbədə aynabəndlər də gülümsəyirdi". 

 

Ədibin ilk povesti olan "Tək adam" 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan "Müqəddəs vəzifə" 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən "Yasəmən" povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınmışdır.

 

Bayram Bayramovun əsərlərindəki obrazlı ifadələr, təşbehlər, bədii detallar saymaqla qurtaran deyil. Məşhur fransız yazıçısı Jül Renar öz "Gündəliyində yazırdı ki, nəsr misralara bölünməmiş şeiri xatırlatmalıdır. B. Bayramovun nəsri də misralara bölünməmiş şeiri xatırladır. Onun əsərlərini uşaqlar, yeniyetmələr və böyüklər maraqla oxuyurlar.

 

O, 1994-cü ildə Bakıda vəfat etmişdir.