Təbiət

Odquyruq quşu

Qədim zamanlardan insanlar oxuyan quşları dinləyərək öz mahnılarını yaradırdılar. İndi də biz bülbül kimi "cəh-cəh vurur" kəliməsini tez-tez işlədirik. Odquyruq da oxuyan quşdur. Bütün oxuyan quşlar kimi onun da boğazında çoxlu səs bağları var. 

 

Odquyruq sərçə boyda quşdur. Çəkisi 20 qr-dır. Bu köçəri quşun çox gözəl və parlaq lələkləri var. O, Avropa, Sibir, Qafqaz və Asiyanın bir çox ölkələrində yaşayır. Qışı Afrikanın ekvatora yaxın ölkələrində keçirir. 

 

Yuvalarını ağac koğuşlarında, oyuqlarda və ya kolların altında tikirlər. Yuvada adətən 5-7 mavi yumurta olur. Ətcəbalalar yuvada 15 gün qalır. Onları doydurmaq üçün valideynləri gündə 500 dəfəyə qədər yem axtarmağa uçur. Yuvadan çıxan balalar hələ yaxşı uça bilmədiyi üçün valideynləri onlara bir müddət uçmağı və ov etməyi öyrədir. 

 

Odquyruqlar milçək, böcək, ağcaqanad, hörümçək, taxtabiti və onların sürfələrini yeyir.

 

Erkək quşlar adətən ağacın hündür budaqlarında oturaraq gecə yarısına qədər cəh-cəh vurur. Təzə günün gəlişini gözəl mahnıları ilə salamlayır. Bu zaman quyruğunu qaldıraraq günəş şüalarında od kimi yanan al lələklərini açırlar.