Təbiət

Mussonlar nədir

Mussonlar dənizlərə, xüsusilə də Hind okeanına məxsus fəsillərlə olan küləklərdir. 


Musson küləkləri quru və su hövzələri arasında ildə iki dəfə istiqamətini dəyişir. Musson küləkləri əsasən Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada müşahidə olunur.


Yayda Asiyanın mərkəzi və cənub sahələri tez qızır və hava yüngülləşərək yuxarı qalxır. Materiki əhatə edən Sakit və Hind okeanlarında su sahələri yavaş qızdığına, onların üzərində hava hələlik soyuq və ağır olduğuna görə aşağı enir. Bu halda, hava axınlarının hərəkəti okeanlardan quruya doğru yönəlir. Avrasiyada yay mussonları iyulun ortalarından başlayır və oktyabr ayına qədər davam edir. Bu zaman quru sahələrinə çoxlu rütubət gəlir. Bu materikdə axan Amur, Xuanxe, Yantszı, Mekonq, Qanq və Brahmaputra çaylarında suyun səviyyəsinin qalxmasına, daşqınların baş verməsinə səbəb olur.


Qışda Avrasiyanın mərkəzi hissələrində soyuq hava şəraiti yaranır. Ona görə bu ərazilərdə aşağı enən havanın yüksək sıxlığı əmələ gəlir. Bu vaxt Sakit və Hind okeanlarının səthində havanın temperaturu nisbətən yüksək olur. Hava yay dövründə aldığı istiliyin hamısını itirmir. Nəticədə qışda musson küləkləri Avrasiyadan Sakit və Hind okeanlarına doğru yönəlir. Bu zaman materikin mərkəzi sahələrində formalaşan soyuq və quru hava Sakit okeana doğru yönəlir.