Uşaq yaradıcılığı

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Aysu Gülməmmədova

Növbəti həmsöhbətimiz Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi, pianoçu, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı, laureatı Aysu Gülməmmədovadır.

 

Aysunun 9 yaşı var. O, Landau məktəbinin ingilis dili bölməsində oxuyur. İstedadlı qızın dediyinə görə, musiqiyə öz istəyi ilə gəlib və ifa etdiyi aləti də özü seçib. Valideynləri onun qulaq asdığı musiqini pianoda ifa etməsini görüblər və qızcığazı musiqi məktəbinə gətiriblər.

 

Aysu Polşa, Finlandiyada keçirilən beynəlxalq müsabiqələrin laureatı olub. Hələ 5 yaşında iştirak etdiyi onlayn formatda (İtaliya) keçirilən müsabiqədə balaca pianoçu üçüncü yeri tutub.

 

Aysu müsabiqələrə və konsertlərə əzmlə hazırlaşdığını deyir və bəzən səhnəyə çıxmazdan əvvəl həyəcan keçirdiyini etiraf edir: “Həyəcanlananda öz-özümə deyirəm ki, mən bacaracağam, bu sözlərdən sonra həyəcanım yox olur. Amma sonuncu dəfə Filarmoniyada çıxış edəndə heç bir həyəcan yox idi”.

 

Aysu Polşaya getmək, bu ölkədə görməli yerlərdə olmaq və yaxşı konsert məkanlarını görmək arzusundadır.

 

Söhbətdə gənc pianoçunun anası Aytən Məmmədova da iştirak edir. O deyir: “Aysu musiqi qabiliyyətini artıq 8 aylıq olanda göstərdi. Mən ona kiçik bir piano almışdım, bu alətdə ritm tuturdu. Bizdə hətta onun ifasının videosu da var. Onun bu həvəsi bir az da atasından qaynaqlanıb. Ailəmizin başçısı da 12 nömrəli məktəbin məzunudur. Düzdür, o, musiqiçi peşəsini seçməyib. Mənim də ailəmdə pianoçular olub. Düşünürəm ki, bu, uşağa genetik olaraq hər iki tərəfdən keçib”.

 

Aysunun anası hesab edir ki, qızcığaz musiqi məktəbini bitirdikdən sonra peşəkar musiqiçi olmasa belə, gələcəkdə alternativ peşə sahibi olacaq: “Hazırda istədiyim tək şey onun arzuladığı peşəyə sahib olmasıdır. İnanıram ki, belə olan təqdirdə peşəsinə sevgi ilə yanaşacaq və gördüyü iş daha səmərəli və onun özü üçün daha faydalı olacaq”.

 

Söhbətə 12 nömrəli musiqi məktəbinin direktor müavini Nərmin Mehdiyeva qoşulur: “Aysu ilk dəfə səhnəyə çıxanda 1-ci sinif şagirdi idi. O, 6 yaşından Bakının ən nüfuzlu səhnələrindən biri olan Müslüm Maqomayev adına Akademik Filarmoniyanın səhnəsində orkestrlə çıxış edib. Aysu çox çalışır, idmanla da məşğul olur. Sözsüz ki, musiqi ilə məşğul olmaq böyük əziyyət tələb edir. Burada, idmanda olduğu kimi, hər gün məşq etmək lazımdır. Hər bir notun üzərində işləmək lazımdır, həm də kifayət qədər incəliklər var. Bununla belə, şagirdimiz uğur qazanmaq üçün keçdiyi çətinlikləri nəzərə alır”.

 

Direktor müavininin qeyd etdiyi kimi, Aysunun müəllimi respublikanın Əməkdar müəllimi, əvvəllər Qara Qarayev adına Kamera Orkestrinin direktoru işləmiş Nazilə Yaqubovadır.

 

Nərmin Mehdiyeva vurğulayır: “Nazilə xanımın qeyd etdiyi kimi, Aysu onun şagirdlərinin arasında ən məsuliyyətlisi, sözə baxanıdır. Sözə baxmaq vacibdir. Müəllim deyir ki, mən həmişə ondan arxayınam. Məktəbimizdə Aysu kimi uşaqlara xüsusi diqqət yetirilir. Direktorumuz Gülnarə Səfərova uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradıb”.

 

Həmsöhbətimiz deyir ki, gələcəkdə gənc pianoçunu təkcə musiqiçi kimi görmür.

 

“Mən Aysunu həm siyasətdə, həm də elmdə görürəm, çünki o, hərtərəfli inkişaf etmiş bir uşaqdır. Belə uşaqların da sırf musiqi ilə ciddi məşğul olması olduqca lazımdır. İncəsənətdən xəbəri olmalıdır, onu dəstəkləməlidir. Əlbəttə, musiqiçi olsa, buna çox şad olaram. İstedadlı insan hər sahədə istedadlıdır!” – deyə Nərmin Mehdiyeva əlavə edir.