Təbiət

Ev quşlarının bəslənməsi

Ev quşlarının (toyuq, hinduşka, qaz, ördək) çoxaldılması və bəslənməsi ilə, adətən, şəxsi təsərrüfatı və həyətyanı sahəsi olan insanlar məşğul olur. Şəhərətrafı qəsəbələrdə və xüsusən kənd yerlərində yaşayan sakinlərin əksəriyyətinin həyətində də ev quşlarına rast gəlinir. İnsan həyatında quş məhsullarına olan tələbat günü-gündən artır. Quşçuluq təsərrüfatları əhalini ət, yumurta, quş tükü və peyini ilə təchiz edir.
 
Ev quşlarından toyuğun saxlanması, bəslənməsi, çoxaldılması asan başa gəlir və daha mənfəətlidir. Toyuq yumurtasının tərkibində çoxlu sayda qidalı maddələr və əvəzedilməz kimyəvi elementlər var. Yumurtadaki dəmir və D vitamini inək südündə olandan daha artıqdır. Yumurtanın tərkibindəki fosfor insan beyninin fəaliyyətini gücləndirir. Toyuq əti yüksək qidalılığa malikdir. Onun tərkibində digər ət növləri ilə müqayisədə daha çox fosfor, kalsium, zülal və başqa xeyirli maddələr var. Ətin keyfiyyəti quşun növündən, cinsindən, yaşından, yemləmə və saxlanma şəraitindən asılıdır. Vitaminlə və minerallarla zəngin fərə əti ən xeyirli quş əti hesab edilir.
 
Yastıq, yorğan, bəzək əşyaları və s. hazırlanmasında quş tükündən geniş istifadə olunur. Xüsusi emaldan sonra quş lələkləri toz halına salınıb zülal əlavəsi kimi mal-qara və quş yeminə qatılır. Heç bir əlavə texnoloji müdaxilə edilmədən istifadə olunan quş peyini ən geniş yayılmış təbii və yüksəkkeyfiyyətli gübrə hesab edilir. Quş peyini həm də digərlərinə nisbətən ucuz və ekoloji təmiz gübrədir.
 
Ev quşlarını, məsələn, toyuqları toyuq hinində saxlayırlar.
 
Toyuq hinlərinin tikintisi zamanı toyuqların çıxıb üstündə yatdıqları tar və yumurtlama üçün xüsusi yuvalar nəzərdə tutulmalıdır. Tar düzəltmək üçün en kəsiyi 4x5 sm olan ağac tirciklərdən istifadə etmək olar. Toyuqların rahat oturması üçün tirciyin üst hissəsi dairəvi olmalıdır. Yuvaların təmizliyinə daima nəzarət etmək lazımdır. Toyuqların yaxşı yumurtlaması üçün yuvalar gün düşməyən yerdə quraşdırılır. Toyuq hininin qapısı alt və üst bölümlərdən ibarət olur. Toyuqları otlaq sahəsinə buraxmaq üçün qapının alt bölümündən, hinin havasını dəyişdirmək üçün isə üst bölümdən istifadə edilir.
 
Toyuq təsərrüfatı üçün nəzərdə tutulmuş otlaq sahəsi geniş olmalıdır. Ərazisi böyük olan otlaq sahəsində toyuqların həvəslə yediyi ot daha tez boy atır. Otlaq sahəsi metal torla hasara alınır. Vəhşi quşların toyuq-cücəyə hücum etməməsi üçün onun üstünü də torla tutmaq məqsədəuyğundur. Əgər toyuq hini tikməyə imkan yoxdursa, istənilən quru və isti yer bu məqsəd üçün istifadə edilə bilər. Hinin etibarlı işıqlandırma və ventilyasiya** sistemi olmalıdır. Toyuq hininin hər bir kvadrat metrində dörd toyuq saxlanıla bilər.
 
Toyuqlar dənyeyən olduqları üçün onların böyüdülməsi digər ev quşlarına nisbətən daha çox qidalı yem tələb edir. Xüsusi yem olmadığı halda toyuqlar sərbəst otlamağa buraxılır. Bu zaman toyuqlar alaq otları, toxum və soxulcanlar ilə qidalanır. Sərbəst otlamağa buraxılan toyuqların yumurtlaması azalır. Adi halda toyuqlar buğda, qarğıdalı, arpa dəni və noxudla yemlənməlidir. Toyuq yeminə kələm, yonca, çuğundur yarpağı, yerkökü, balqabaq və kartof ləti əlavə etmək məsləhət görülür. Yaxşı məhsuldarlıq üçün rasiona zülallı yemlər, mətbəx tullantıları, kəsmik, qaynadılmış yumurta, ət və balıq unu daxil etmək lazımdır. Mineral qida əlavəsi kimi toyuqlara üyüdülmüş yumurta qabığı, sümük unu, az miqdarda duz və təbaşir verilir. Toyuqları gündə iki dəfə yemləyirlər: səhərlər yumşaq yemlərlə, axşamlar dənlə.
 
Toyuq hinində təknələr bir qədər hündürdə yerləşdirilir. Toyuqları infeksion xəstəliklərdən qorumaq üçün yem qutusu, təknə və su təmiz olmalıdır.Gigiyena məqsədi ilə toyuq hininin döşəməsinə ağac kəpəyi, saman, taxta yonqarı və ya ceyranotu səpilir. Toyuq peyini ilə qarışdıqda onlar qiymətli gübrəyə çevrilir. Toyuqların çoxaldılmasında onların saxlanma şəraiti və növü böyük rol oynayır. Onlar yaxşı şəraitdə ilboyu çoxalır. Hinin işıqlı olması toyuqların yumurtlamasına yaxşı təsir göstərir. Ona görə də qışda toyuq hinində mütləq işıq yandırmaq lazımdır.
 
Lazımi qədər işıq və istilik olmadıqda toyuqlar yumurtlamır. Yumurtlama və yumurtaların keyfiyyəti yemləmədən asılıdır. Yumurtaların keyfiyyətinin etibarlı göstəricisi onların dadlı olmasıdır.
 
Hər bir yumurtlayan toyuğa ildə bir dəfə kürt yatıb bala çıxartmaq üçün şərait yaratmaq lazımdır. Toyuq 21 gün kürt yatır. Yeni yumurtadan çıxmış cücələrin əsas yemi kəsmik, üyüdülmüş yumurta qabığı, yumurta və kartofdur. Dənli bitkilərin toxumları ilə onlan bir qədər sonra yemləyirlər. Cücələr satılmaq üçün lazım olan çəkini 4—5 aya toplayır. Toyuqların ən məhsuldar yumurtlama dövrü 1-4 ildir.
 
Toyuqlar tez-tez müxtəlif xəstəliklərə tutulur. Xəstəliklərdən qorunmağın ən yaxşı yolu onların düzgün yemlənməsi və saxlanmasıdır. Çox zaman yoluxucu olmayan, quşların saxlanma şəraitindən və yenilənməsindən asılı olaraq yaranan xəstəliklərə daha tez-tez rast gəlinir. Belə xəstəliklərə mədə-bağırsaq sistemi iltihabı, avitaminoz, zökəm və s. aiddir. Toyuqlara turşumuş, kiflənmiş və çürümüş yem və çirkli su vermək olmaz. Əgər yemdə vitaminlər çatışmırsa, bu zaman toyuqlarda avitaminoz yaranır. A vitamini çatışmadıqda toyuqlar gec-gec yumurtlayır, sonra isə yumurtadan kəsilir. Toyuqlarda göz xəstəlikləri də vitamin çatışmazlığından yaranır. Odur ki, belə xəstəliklərin qarşısını almaq üçün toyuq yeminə yaşıl ot, yerkökü, balıq yağı əlavə etmək lazımdır. Bundan başqa, mütəmadi olaraq toyuqları açıq havaya, günəş şüaları altına buraxmaq lazımdır. Toyuq hini və avadanlığı vaxtaşırı dezinfeksiya edilməlidir.