Mark Tven. Heklberri Finnin macəraları. XLIII fəsil
DAHA YAZMAĞA BİR ŞEY YOXDUR
Tomu elə ilk dəfə tək görən kimi, qaçış ilə əlaqədar olan bütün bu əhvalatı nə üçün düzəltdiyini, əgər qaçmağa müvəffəq olardısa, sonra nə etmək istədiyini və çoxdan bəri azad olan zəncini azad etmək üçün işi yenədəmi uzatmaq fikrində olduğunu soruşdum.
Tom isə buna belə cavab verdi ki, əgər Cimi buradan sağ-salamat aparmağa nail olsaydıq, onda macəra xatirinə, salla çayın ağzına kimi çayaşağı üzərdik; sonra dedi ki, fikri lap əvvəldən belə imiş. Orada isə Cimə deyəcəkmiş ki, sən azadsan; sonra biz onu paroxodla öz evinə aparacaq bizə sərf etdiyi vaxt üçün ona pul verəcək, əvvəlcədən məktub göndərəcəkmişik ki, bütün zəncilər onu qarşılamağa çıxsınlar; sonra onu meşələrlə, musiqi sədaları altında şəhərə aparacaqmışıq, bundan sonra o da, biz də qəhrəman
olacaqdıq. Mənim fikrimcə isə, elə bunlarsız da hər şey yaxşı qurtarmışdı.
Biz bir dəqiqənin içində Cimin zəncirlərini açdıq. Salli xala ilə Saylas əmi isə Cimin, Tomu müalicə edərkən doktora necə kömək etdiyini öyrəndikdə, ona yaman qulluq göstərməyə başladılar; onun üçün mümkün qədər yaxşı şərait yaratdılar, ona istədiyi hər
bir yeməyi verdilər, çalışdılar ki, o darıxmasın və heç bir iş görməsin. Biz ciddi söhbət üçün Cimi xəstənin otağına çağırdıq; Tom, məhbus olduğu və hər şeyə dözüb özünü belə yaxşı apardığı üçün Cimə qıxx dollar pul bağışladı. Cim çox sevindi və daha susub dura bilmədi:
- Hə, Hek, gördünmü, sənə nə demişdim? Sənə Cekson adasında dediyim sözlər yadındadırmı? Sənə demişdim ki, sinəm tüklüdür, sonra bunun nə əlamət olduğunu söyləmişdim; bir də demişdim ki, mən artıq bir dəfə varlı olmuşam, yenə də varlanacağam; indi bax, mən deyən kimi də oldu! Gorürsənmi? Bundan sonra bir dahaəlamət deyib gülmə, əlamət əlamətdir, sözlərimi yadında saxla! Mən isə onsuz da bilirdim ki, varlanacağam, bu mənə lap su kimi aydın idi.
Bundan sonra isə Tom yenə öz işinə başlayıb hey plan tökdü, flkir söylədi, gəlin dedi, gecə birtəhər edib üçümüz də qaçaq, paltarlarımızı dəyişək, macəra axtarmaq üçün iki, ya üç həftəliyə hind torpağına, hindilərin yanına gedək; mən ona belə cavab verdim: eybi
yoxdur, bu münasib işdir, ancaq mənim hindi paltarı almaq üçün pulum yoxdur, evdən də çox çətin ki, pul ala biləm, çünki atam, artıq yəqin qayıtmış, bütün pullarımızı məhkəmə hakimi Tetçerdən alıb içkiyə vermişdir.
- Yox, içkiyə verməyib, - deyə Tom mənə cavab verdi, - pulların hamısı salamatdır, hətta altı min dollardan bir qədər də artıqdır; sənin atan isə o vaxtdan bəri gedəndir, qayıtmayıb. Hər halda mən yola çıxana kimi qayıdıb gəlməmişdi.
Cim isə təntənə ilə dedi:
- Heç, o bir daha heç vaxt qayıtmayacaqdır!
- Nə üçün qayıtmayacaqdır, Cim? - deyə mən soruşdum.
- Neyləyirsən nə üçün qayıtmayacaqdır, Hek? Ancaq bunu bil ki, daha qayıtmayacaqdır.
Lakin mən ondan əl çəkmədim, o da nəhayət dedi:
- Çay ilə aşağı üzən evi xatırlayırsanmı? Onun içində üstü yorğanla örtülmüş bir adam da vardı, mən yorğanı qaldrıb baxandan sonra səni də onun yanına buraxmadım ha, yadına gəlirmi? Hə, lazım olanda öz pullarını ala bilərsən, çünki həmin adam sənin atan
idi...
Tom çoxdan sağalıb yaxşı olmuşdur; o öz gülləsini bəzək əvəzinə saatının zəncirindən asmış və tez-tez saata baxır; daha yazılmalı bir şey yoxdur, mən özüm isə buna çox şadam, çünki kitab yazmağın necə cansıxıcı bir iş olduğunu əgər əvvəllər bilsəydim, heç
vəchlə bu işə baş qoşmazdım, bundan sonra da heç bir vaxt yazan deyiləm. Mən, çox yəqin ki, hind torpağına Tom ilə Cimdən tez qaçacağam, çünki Salli xala məni oğulluğa götürüb tərbiyəmlə məşğul olmaq fikrindədir, mən isə buna dözə bilmərəm! Çünki artıq
bir dəfə sınamışam!