Nurlana İşıq. Fillərin salamı
Bakıya xaricdən yeni sirk truppası gəlmişdi: dünyanın müxtəlif ölkələrindən cürbəcür heyvanlar həm qatarla, həm də gəmi ilə uzun müddət səyahət edib Şərqin küləkli şəhərinə təşrif buyurmuşdular. Bu səfərdə hamı iştirak edirdi; ta xortumludan tutmuş birhörgüclü, ikihörgüclüyə qədər. Ayçilin valideynləri də bayramqabağı həvəsləndilər, sirkə bilet aldılar. Yeni il ərəfəsiydi, sirkin qabağında uşaqlar və onların həyəcanlı valideynləri teatrın qapısının açılmağını gözləyirdilər. İnsanlar bir az tez gəlmişdilər ki, yolda tıxaca düşüb tamaşaya gecikməsinlər. Nəhayət, ağ əlcəklər taxmış xüsusi formalı şəxs təbəssümlə böyük qapıları açdı.
Ayçilin valideynləri yuxarıya- amfiteatr quruluşunda olan zala qalxıb nömrələnmiş oturacaqlarını tapdılar. İki min dörd yüz oturacağı olan zal, demək olar ki, dolmuşdu.
Tamaşa başladı. Burnu qırmızı topcuqlu klounlar uşaqları əyləndirdikdən sonra at oynadanlar gəldilər. Ağ donlu, şəvə saçlı qız isə yəhərsiz atın üstündə ayaq üstə dayanmışdı, əzələləri parıldayan atın üzərində sürətlə meydançanı dövrə vururdu. O atın üstündə cürbəcür akrobatik hərəkətlər edirdi. Gah təkayaq üstdə əllərini açıb dayanır, gah da başıüstdə qalırdı. Ayçil də hamı kimi hər təhlükəli tryukdan sonra onu alqışlayırdı. İndi isə budur, onun ən sevdiyi heyvanlar - fillər meydana təşrif buyurdular.
Qədim ərəb şeyxlərini xatırladan başı çalmalı artist truppası Şərq musiqisinin sədaları altında zalın çevrəsini fillərlə birgə fırlanmağa başladılar. Sonra fillər başladı tamaşaçıları salamlamağa, onlar centlmenlər kimi bir dizlərini yerə qoyub baş əydilər və xortumlarını yuxarı qaldırdılar. Bu hərəkəti aktyorların göstərişilə fırlanaraq bir neçə dəfə təkrarlayıb tamaşaçılardan alqış aldılar. Bircə Ayçil əl çalmadı.
Anası gülərək qızına tərəf çevriləndə uşağın baxışlarının donduğunu gördü. Bu cür baxışları həyatın hansısa bir dərin epizodundan heyrətlənən böyük insanlarda görmüşdü.
Həssas ana qızına dedi:
- Qızım, fillər səni salamlayır.
Ayçil isə susurdu... Ana əvvəlcə elə bildi ki, bayaq foyedə istədiyi ulduzlu tacı ona almadıqları üçün belə edir. Tamaşadan sonra evə qayıdanda ana yolboyu qızının kədərli üzünə baxdı. Axşam Ayçilin otağına keçib, ondan niyə sirkdə kədərləndiyini soruşdu.
- Ana, mən böyüyəndə sirkləri qadağan edəcəyəm.
- Niyə , qızım?
- Sən görmədin, ana? Sahibləri fillərin ayaqlarından napnazik iplə vururdular ki, onlar bizi salamlasınlar. Məgər salamlaşmağı belə öyrədirlər? Yəqin, balaca olanda onlar çox ağlayıblar buna görə. Ay ana, onların gözləri çox qəmli idi...
Ana səksəndi:
- Mənim mələyim, o görünməz ipin fərqində olmadan mən də o tamaşaya gülmüşəm, - birinci sinfə gedən qızını bağrına basdı, - gələcəkdə sənin kimi uşaqlar qoruyacaq bizim dünyamızı...