Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala gedən yol – Ucar məktəblisinin uğur hekayəsi

Ucar rayonu Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin 6-cı sinfində oxuyan Minayə Hacılı üçün ötən ay Bakıda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələri uğurlu olub.
 
 
AZƏRTAC xəbər verir ki, Minayə dünyanın 140-dan çox ölkəsində təşkil olunan "İnternational Math Challenge" Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb. 30 sualdan 29-nu düzgün cavablandıran və yarışmanı rəqiblərindən tez bitirməklə qalib gələn ucarlı şagird öz kateqoriyası üzrə Azərbaycanda birinci, digər ölkələr üzrə isə 16-cı sırada qərarlaşıb.
 
 
Minayə hələ ikinci sinifdə təhsil alarkən riyaziyyata həvəs göstərirmiş. O, IV sinif üzrə imtahanda riyaziyyatdan yaxşı bal toplayıb və müəllimlərinin inamını qazana bilib. İlk olimpiadada iştirak edən Minayə uğur əldə edəcəyinə inanmasa da, gümüş medal qazanıb. Bu qalibiyyət onda özünəinamı artırıb və o, imtahanlarda, olimpiadalarda daha çox iştirak etməyə başlayıb. Nəticə isə özünü çox gözlətməyib, beynəlxalq olimpiadada da qızıl medal əldə edib.
 
Gələcəyin həkimi olmaq istəyən Minayə Hacılı digər dərslərini də yaxşı oxuyur. Onun adı məktəbin əlaçılar lövhəsində özünə yer alıb. Bildirir ki, özünəinamı az olsa da, valideyn və müəllimlərinin dəstəyi uğura gedən yoluna işıq salıb. “Mən əslində bu olimpiadada hazırlıq məqsədilə iştirak edirdim. Yəni, özümə elə də güvənmirdim. Nəticələr açıqlananda, qızıl medal qazandığımı görəndə çox təəccübləndim. 30 sualdan 29-na düzgün cavab vermişəm, yalnız 1 səhvim olub. Həqiqətən çox təəccübləndim, sevindim, hətta sevincimdən ağladım. Bu xəbəri ilk valideynlərimə dedim. Onlar da inanmadılar, amma gözləri dolmuşdu ki, qızımız qızıl medal qazanıb. Mən bu uğurumla kifayətlənmirəm. İndi qarşımdakı hədəf Respublika Fənn Olimpiadasında qalib olmaqdır”, - deyir Minayə.
 
 
Onun uğuru təkcə beynəlxalq olimpiadada qızıl medal qazanmaqla bitmir, onlarla diplom, sertifikat və fəxri fərmanlar da azyaşlının 6 ildə əldə etdiyi nailiyyətlərdir.
 
Minayənin nə qədər çalışqan, əzmkar olduğunu bilən müəllimləri də onunla fəxr edirlər. Məktəbin direktoru Sevinc Səmədova bu barədə danışarkən deyib: “2019-cu ildə bu məktəbə direktor təyinatı almışam. Həmin il Minayə hələ hazırlıq qruplarında təhsil alırdı. Hələ o vaxt Minayənin istedadını aşkar etmişdik. Deyə bilərəm ki, hər bir şagirdin yaxşı nəticə göstərməsi, beynəlxalq olimpiadalarda fərqlənməsi üçün kənd və ya şəhər məktəbində oxumasının fərqi yoxdur. Məktəb daxilində məktəb-valideyn-şagird münasibətləri düzgün qurularsa, istənilən nəticəni əldə etmək mümkündür. Beynəlxalq olimpiadanın nəticəsinə əsasən Minayə final turu üçün Taylanda dəvət alıb. Ümid edirik ki, o, final turunda da iştirak edərək, yenə də bizi sevindirəcək”.
 
 
Qeyd edək ki, Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəb rayonun ən qabaqcıl məktəblərindən biridir.