
Delfin suda yaşayır. Onun da balıq kimi üzgəcləri var, ona görə də çox cəld və sürətlə üzür. Lakin balığın bədəni pulcuqlarla örtülü olur, delfinin dərisi isə hamardır. Balıq suyun dərinliyində qəlsəmələri ilə nəfəs alır. Delfin isə insan kimi ağ ciyərlə nəfəs alır. Ona görə də tez-tez suyun səthinə çıxır.
Balıqlar kürü qoymaqla çoxalır. Delfin isə dünyaya bala gətirir və onu südlə böyüdür. Bu fərqlərə görə demək olar ki, delfin balıq deyil, məməli heyvandır.
Alimlər sübut ediblər ki, delfinlərin güclü yaddaşı var. Onlar bir dəfə gördükləri varlığı, eşitdikləri səsi, duyduqları qoxunu yadda saxlaya bilirlər. Delfinlər sürü şəklində yaşayır, öz aralarında vəzifələri dəqiq bölüşdürür və bir-birinə qayğı göstərirlər.
Delfinlər bir-biri ilə səs siqnalları vasitəsilə ünsiyyət qururlar. Müxtəlif məlumatları ötürmək üçün onlar minlərlə siqnaldan istifadə edirlər: bir-birinə təhlükə haqqında xəbərdarlıq edirlər, balalarını çağırırlar və s.
Delfin insanlardan qorxmur. Heç nədən çəkinmədən onlarla yanaşı üzə bilir. Amerikada bir qadın dənizdə çimərkən huşunu itirir. Özünə gələndə hiss edir ki, onu kimsə itələyir. Bu, delfin idi. O, qadını burnu ilə itələyib sahilə çıxarır, onu ölümdən xilas edir.
Deyilənə görə, bir gün balıqçıların toruna delfin düşür. Koyranos adlı bir nəfər delfini onlardan satın alır və suya buraxır. Çox keçmir ki, Koyranos olan gəmi dənizdə fəlakətə uğrayır. Gəmidə olan bütün sərnişinlər suda batırlar. Yalnız Koyranos sağ qalır. Belə ki, vaxtilə xilas etdiyi delfin onu kürəyinə alıb sahilə çıxarır.
Delfini hovuzda saxlayaraq əhliləşdirirlər. O, voleybol oynayır, səbətə top atır, halqanın içindən tullanır, şamı üfürüb söndürür və qidasını qabdan yeyir. Delfin məşqçisini kürəyində gəzdirməyi də bacarır. Delfinlərin bu hərəkətlərini izləmək üçün xüsusi delfinarilər var.

Delfinlər sürü şəklində yaşayırlar və həmişə bir-birinə yardım edirlər. Əgər delfinlərdən biri yaralanarsa, digər delfinlər onu suyun üzünə qaldırırlar ki, nəfəs alsın. İnsan suda batarkən delfin hiss edir ki, o boğula bilər. Ona görə də, adəti üzrə, batan varlığı suyun üzünə qaldırır.
Bəzi araşdırmaçılar isə bunu delfinlərin əyləncəsi hesab edirlər. Suda batıb-çıxan, əl-qol atan hər hansı canlı görəndə delfinlər də ona qoşulurlar. Təhlükədə olan insanı belinə alır, atıb-tutur, hətta sahilə çıxarırlar. Kənardan elə görünür ki, delfin insanı xilas edir. Halbuki o, sadəcə, əylənir.
Digər fikir odur ki, delfinlər bunu öz qida ehtiyatlarını qorumaq üçün edirlər. Öz qidasını paylaşmaq istəməyən delfinlər insanı sudan uzaqlaşdırmağa çalışırlar. Beləliklə, insan xilas olur, balıqlar isə delfinə qalır.
Əlbəttə, bütün bunlar yalnız mülahizələrdir, yəni sübut olunmamış fikirlərdir. Ümid edək ki, delfinlər, həqiqətən də, suda batan insanlara xoş niyyətlə kömək edirlər.
11.04.2025