Xəbərlər

"Sehrli Bağ” – yeni növ dərman bitkiləri və çiçəkləri ilə unikal landşaftın yaradılması mövzusunda müsabiqəyə yekun vurulub

Ümumtəhsil məktəblərinin 7–9-cu sinif şagirdləri arasında keçirilən “Sehrli Bağ” adlı yaradıcılıq və ekoloji yönümlü müsabiqəyə yekun vurulub. 

 

“NG Creators Club”un verdiyi məlumata əsasən, iyunun 10-da 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında müsabiqənin Bakı şəhəri üzrə mükafatlandırma mərasimi baş tutub. Region iştirakçılarının təltifi isə Lənkəran şəhərində baş tutacaq.

 

Şagirdlər, müəllimlər, ekologiya və təhsildə innovativ metodika üzrə mütəxəssisləri bir araya gətirən layihə hər kəsdə geniş maraq doğurub. 

 

Azərbaycan Rəssamlar İttifaqı, Müasir İncəsənət Mərkəzi, "NG Creators Club"un təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin ( MÜTDA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (Hirkan qoruğu) dəstəyi ilə keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin maarifçi Teymur bəy Bayraməlibəyovun təbii irsi tədqiqatlarına dair ekoloji düşüncəsini, yaradıcı təfəkkürünü və fənlərarası yanaşmanı inkişaf etdirmək olub. TRIZ (İxtiraçılıq  Məsələlərinin Həlli Nəzəriyyəsi) metodikasından istifadə etməklə iştirakçılar tərəfindən hipotetik çarpazlaşdırma yolu ilə yaradılmış dərman, dekorativ və fantaziya bitkilərinin təsvirləri, illüstrasiyaları və bağ kompozisiyaları müsabiqəyə təqdim edilib. 

 

Tədbir 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin  direktoru Kəmalə Abdullayevanın çıxışı ilə başlayıb. 

 

Mükafatlandırma mərasimində Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Müasir İncəsənət Mərkəzinin direktoru, Birləşmiş Rəssamlar Klubun rəhbəri Bəhram Xəlilov, Dendrologiya İnstitutunun  nümayəndələri, Botanika İnstitutunun nümayəndələri və "NG Creators club"un direktoru Natiq Əliyev yer alıb. 

 

Müsabiqənin qalibləri Diplom, Təqdirnamə və Təşəkkürnamələrlə  təltif olunub.

 

1 - ci yerə Zeynəb Oruczadə, Məryəm Bəşirova, 2 - ci yerə  Fatimə Sadıqova, Əli Hüseynli; 3 cü yerə isə Sinan Babayev, Fatimə Kərimli, Fatimə Əliyeva və Sevgi Sarxanova layiq görülüb.


Layihənin  növbəti mərhələsində  – Hirkan Qoruğunda “Sehrli Bağ” konsepsiyası əsasında tematik bağın salınması planlaşdırılır. Bağda Lənkəran-Hirkan regionunun ekosisteminə xas olan və həm müalicəvi, həm də mədəni əhəmiyyət daşıyan bitki növləri yer alacaq.