Özbəkistanda “Vətənin tərənnümü” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Özbəkistanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC-ın “Uşaq Bilik Portalı”nın və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu müsabiqədə Özbəkistan üzrə I yerə “Barkamol Avlod” uşaq məktəbinin Təsviri incəsənət dərnəyinin üzvü Şahriza Sadriddinova, Mahiçohra Rustamova II yerə, 2 saylı tam orta məktəbin şagirdi Xurşida Kamolova isə III yerə layiq görülüb.
“Tonq Yulduzi” qəzetinin baş redaktoru Firuzə Adilova, qəzetin digər əməkdaşları ilə birgə “Barkamol Avlod” rayon uşaq məktəbində olmuş, şagirdlərlə görüş keçirmişlər. Tədbirdə müsabiqənin qalibləri, onların valideynləri iştirak ediblər.
Mükafatlandırma mərasimində qaliblər diplom və hədiyyələrlə ilə təltif olunublar.
Tədbir çərçivəsində qaliblərlə yaradıcılıqları barədə söhbət aparılıb.
I yerin qalibi Şahriza Sadriddinova öz çıxışında qeyd edib:
- "Müsabiqə üçün çəkdiyim rəsmlərin köməyi ilə Özbəkistan və Azərbaycan arasında qorunub saxlanılan dostluq münasibətlərini təsvir etməyə çalışdım. İki ölkə arasında əməkdaşlıq çərçivəsində təşkil olunan belə müsabiqələr bizim kimi gənclər üçün geniş imkanlar açdı, dostluq əlaqələri yaratmağa, azərbaycanlı yaradıcı şagirdlərlə yaxından tanış olmağa imkan verdi. Uğur qazanmağımda mənə hər zaman dəstək olan valideynlərimə və müəllimlərimə dərin təşəkkürümü bildirirəm! "
II yerin qalibi Mahiçohra Rustamova:
- "Uşaqlıqdan qələm, boya və ağ kağız mənim ən yaxın dostlarım olub. Hər dəfə yeni bir şəkil çəkəndə daxili təsəvvürlərim, arzularım, hisslərim rənglərə çevrilir. Təsviri sənətə olan sevgimi ilk görən valideynlərim olub.
III yerin qalibi Xurşida Kamolova:
- "Müsabiqəyə təqdim olunan rəsmlərdə iki xalqın - Özbəkistan və Azərbaycanın tarixi abidələrini, iki xalqın dostluğunu, tarixi və gələcəyini, sülhü və uşaqlar üçün yaradılmış imkanları təsvir etməyə çalışmışam. Müsabiqə yaradıcılıq yüksəlişinə, fikirlərin təsviri sənət vasitəsilə ifadə olunmasına, dünyagörüşünün genişlənməsinə töhfə verib. Gələcəkdə belə yarışmalarda fəal iştirak edəcəyəm, ölkəmizi sənət vasitəsilə təbliğ edəcəyəm və gənc nəsli ruhlandıracağam! "
23.06.2025