Coşqun Xəliloğlu. Qobustan
Bu yurdun bilinmir neçədir yaşı,
Keçmişdən danışır qayası, daşı,
Nələr çəkməyibdir bilsəniz, başı,
Danışsaq, olacaq böyük bir dastan,
Ay mənim vüqarım, fəxrim Qobustan.
Neçə min illəri yola salıbdır,
Düşmən üzərində zəfər çalıbdır,
Burda tariximin izi qalıbdır,
Babalar buranı sayıb gülüstan,
Ay mənim vüqarım, fəxrim Qobustan.
Muzeydir, bənzəri dünyada yoxdur,
Tarixi bilinmir, yaşısa çoxdur,
Düşmənin bağrına sancılan oxdur,
Qazanıb halalca şan-şöhrət, ad-san
Ay mənim vüqarım, fəxrim Qobustan.
Ulu babalarım yaşayıb burda,
Necə də vəfalı olublar yurda,
İstidə, çovğunda, yağışda, qarda,
Bu yurdu biliblər ən gözəl məkan,
Ay mənim vüqarım, fəxrim Qobustan.