Nağıllar, hekayələr

Gülzar İbrahimova. Dələnin nəyi əskik idi

Bir oğlan heyvanları çox sevirdi. Bir gün o bazardan qəşəng, balaca bir dələ aldı. Onu evə gətirdi. Qəfəs düzəltdi, qəfəsə saldı. Yerini yumşaq elədi. Su qoydu, yemək qoydu. Fısdığa qədər yuvasına hər şey qoydu. Oğlan hərdən dələni qəfəsdən çıxarıb oynadırdı. Özü ilə gəzməyə aparırdı. Gətirəndən sonra isə yenə qəfəsə salırdı.


Bir gün oğlan dələni də götürüb meşəyə, gəzməyə getdi. Qəfəsin qapısını açıb dələni tumarladı, oxşadı, əzizlədi, ağacdan fındıq dərib təmizlədi, dələyə yedirtdi.


Amma necə yadından çıxdısa, dələnin qəfəsinin qapısını bağlamağı unutdu.


Birdən dələ qəfəsdən çıxıb necə qaçdısa oğlan nə qədər bərk qaçsa da,  onu tuta bilmədi. Oğlan peşman-peşman dələnin arxasınca baxa-baxa qaldı. 


Dələ sevincək yuvası olan ağacı tapdı. Dələlər onun başına yığışıb sorğu-suala tutdular:
- Bu vaxta qədər haradaydın?
- Məni insanlar aparmışdılar!
- Bəs, nə əcəb buraxdılar?
- Özüm qaçdım!
- Yəqin onlar səni incidirdilər?
- Yox, məni sevirdilər, tumarlayırdılar, əzizləyirdilər!
- Yəqin ac saxlayırdılar?
- Yox, onlar mənə qoğal, piroq, tum, qovrulmuş buğda hətta tort, dondurma da verirdilər!
- Yəqin orda qoz, fındıq yox idi?
- Mənə hər şey alırdılar, yerim də isti, yumşaq idi.
- Bəs onda nəyə görə qaçıb meşəyə gəldin. Burada qorxudan rahat yata bilmirsən ki kimsə səni yeyər. Nəyin çatmırdı?


Hamı ona eyni sualı verdi. Balaca dələ istədi ki, deyə onun nəyi çatmırdı. Amma dələnin gözləri doldu, qəhər onu boğdu, səsi çıxmadı danışsın. Hamı başa düşdü ki, o doğulduğu meşə üçün, doğma yuvası üçün darıxırmış.