Bu maraqlıdır!

Xəritələrin təsnifatı

Atlaslarda müxtəlif məzmunlu çoxsaylı xəritələr verilir. Bu xəritələri qruplaşdırmaq üçün təsnifat aparılır. Aparılan təsnifat onlardan istifadə edilməsini asanlaşdırır.

 

Xəritələr miqyasına, məzmununa və əhatə etdiyi ərazilərə görə qruplara ayrılır.

 

Miqyası 1:10 000-dən 1:200 000-ə qədər olan xəritələr böyük miqyaslıdır. Onlara topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə dəqiq ölçmə işləri aparmaq olar. Miqyası 1:200000-dən 1:1000000-a qədər olan xəritələr orta miqyaslıdır. Onlara icmal-topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə çox dəqiqlik tələb etməyən ölçmə işləri aparmaq olar. Miqyası 1:1000000 və daha kiçik olan xəritələr kiçik miqyaslı xəritələrdir. Onlara icmal xəritələr də deyilir.

 

Əhatə etdiyi əraziyə görə coğrafi xəritələr aşağıdakı qruplara ayrılır:

1) dünyanın və yarımkürələrin xəritələri;

2) materiklərin, okeanların və onların bir hissəsinin xəritələri;

3) ölkələrin və onların bir hissəsinin xəritələri.

 

Bəzən yarımkürələrin və okeanların xəritələri ayrıca götürülür.

 

Məzmununa görə ümumcoğrafi və xüsusi (tematik) xəritələr ayrılır. Ümumcoğrafi xəritələrdə həm fiziki- coğrafi, həm də iqtisadi- coğrafi obyektlər göstərilir. Onların üzərində bütün coğrafi obyektlər (çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar) eyni səviyyədə təsvir edilir. Ümumcoğrafi xəritə ərazi üzrə ümumi tanışlıq, üzərində təsvir edilən hadisələrə əsasən obyektlərin öyrənilməsi üçün tərtib edilir. Onun üzərində yalnız təsvir edilən ərazinin adı verilir.

 

Topoqrafik xəritələr də bu qrupa aiddir.


Xüsusi (tematik) xəritələrdə hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur. Tematik xəritələrin təbii hadisələri göstərən və sosial - iqtisadi prosesləri əks etdirən qrupları vardır. Məs.: iqlim, torpaq, bitki örtüyü, siyasi-inzibati, əhalinin sıxlığı, kənd təsərrüfatı və s. Bu tipli xəritələrdə təsvir edilən mövzu göstərilir. Bir neçə təbii və sosial-iqtisadi elementlərin birlikdə təsvir olunduğu xüsusi (tematik) xəritələr kompleks xəritələr adlanır. Onlar müxtəlif hadisələr arasındakı qarşılıqlı əlaqələri göstərmək üçün tərtib edilir. Məsələn, materiklərin kompleks xəritələri tərtib olunmuşdur.