Bu maraqlıdır!

Nyutonun üçüncü qanunu

Cismə təsir edən qüvvə həmin cismin başqa bir cisimlə qarşılıqlı təsirini ifadə edir. Məsələn, yağış damcısına təsir edən ağırlıq qüvvəsi Yer kürəsi ilə həmin damcı arasındakı qarşılıqlı cəzbetmə qüvvəsidir. Yer damcını cəzb etdiyi kimi, damcı da Yeri cəzb edir.

 

Masa üzərindəki kitaba təsir edən reaksiya qüvvəsi masa ilə kitab arasındakı qarşılıqlı təsirin nəticəsidir – bu halda kitab da masaya təsir edir. Hər iki halda cisimlərdən biri olmasa, qarşılıqlı təsir, yəni qüvvə mövcud olmaz. Əlinizlə masanın kənarını sıxsanız, sinir sisteminiz masanın da sizə təsir etdiyini hiss edər. Siz masaya qüvvə tətbiq etdiyiniz üçün masa da əlinizə qüvvə tətbiq edir. İki cismin qarşılıqlı təsirdə olması onların bir-birinə qüvvə tətbiq etməsi deməkdir. Nyutonun üçüncü qanunu bu qüvvələrdən biri bilindikdə digərinin istiqamətini və ədədi qiymətini müəyyən etməyə kömək edir.

 

İki cisim arasındakı qarşılıqlı təsir həmişə qiymətcə bərabər, istiqamətcə əksdir:
F12 = -F21

Burada F12 1 cisminin 2 cisminə təsir etdiyi qüvvə, F21 isə 2 cisminin 1 cisminə təsir etdiyi qüvvədir. Mənfi işarəsi qüvvələrin əks istiqamətlərə yönəldiyini bildirir. Məsələn, F12 = 10 N sağa olarsa, F21 = 10 N sola olar.

 

Bəzi dəniz canlıları hərəkət etmək üçün əvvəlcə müəyyən qədər su udur, sonra isə onu püskürdürlər. Bunun nəticəsində püskürdükləri suyun əksi istiqamətində hərəkət edirlər.

 

SUAL: İki nəfərdən biri sudakı qayığın içində, digəri isə sahildə torpağın üstündə dayanaraq bir-birini iplə dartırlar. Qayıqdakı şəxs qayıqla birlikdə hərəkət etdiyi halda, sahildəki hərəkət etmir. Niyə onlardan yalnız biri hərəkət edir? Nyutonun üçüncü qanununa əsasən fikrinizi əsaslandırın.

 

İZAH: Nyutonun birinci və ikinci qanunu bir cismə tətbiq olunan qüvvələrin əvəzləyicisinin cismin hərəkətinə təsirini izah edir. Yəni qüvvələr eyni cismə tətbiq olunur. Nyutonun üçüncü qanunu qarşılıqlı təsirdə olan iki fərqli cismə təsir edən qüvvələri təsvir edir. Sahildə dayanmış şəxsə tətbiq olunmuş qüvvə onun sürüşməsinə səbəb ola bilmir. Çünki bu qüvvəni həmin şəxsin ayaqqabısı ilə yer arasındakı sürtünmə qüvvəsi tarazlaşdırır. Qayıqdakı şəxs isə qüvvənin təsiri ilə sahilə tərəf hərəkət edir. Çünki ona təsir edən qüvvə qayığa təsir edən suyun müqavimət qüvvəsindən böyükdür.