Nağıllar, hekayələr

Aleksandr Düma.Qafqaz səfəri

1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqaza səyahət etmişəm. Səfər zamanı rəssam dostum Jan-Pyer Moyne məni müşayiət edirdi.

 

Azərbaycanla ilk tanışlığımız Dərbənddən başladı. Dərbənddən sonra Qubaya getdik. Qubadan baxanda Qafqaz dağlarının ən uca zirvələri, həmçinin başıqarlı, əzəmətli Şahdağ zirvəsi açıq-aydın görünürdü.

 

Şəhərdə 10 minə yaxın ailə yaşayır. Qubada ticarətin əsas hissəsini qadınların toxuduğu xalçalar və mahir silah ustalarının hazırladıqları xəncərlər təşkil edir.

 

Qubadan çıxıb Bakıya üz tutduq. Yol üstündə Sumqayıt adlanan bir yerdə tərəkəmə düşərgəsi ilə rastlaşdıq. Dincəlmək üçün fasilə vermək qərarına gəldik. İtlərin hürüşməsi çoxdan bizim gəlişimizi düşərgədəkilərə xəbər vermişdi. Düşərgə əhli bizi gülərüzlə qarşıladı. Biz onlara müraciət etdik:


- Sizin yaxınlığınızda düşərgə sala bilərikmi?

 

Biz yaxınlıqdakı köç yerinə tərəf irəlilədik. Orada yaşayanlar şam yeməyi üçün çörək bişirirdilər. Bu əməliyyat çox cəld icra olunurdu: xəmirdən yumruq boyda bir tikə qoparıb yumrulayırdılar. Onu nazik hamar ağacla yayırdılar. Daha sonra təbilə oxşayan dəmir tənəkənin altına yanan kömür yığıb qızdırır, nazik yayılmış xəmiri onun üstünə qoyub bişirirdilər. Xəmirin bir üzü bişdikdən sonra çevirirdilər ki, o biri üzü də bişsin. Bişmiş çörəkləri tənəkədən götürüb bir-birinin üstünə yığırdılar. Onları isti-isti yeyəndə ağızda xırçıldayır. Bu, bir növ, biz tərəflərin kənd şənliklərində bişirilən kökələrə oxşayır.

 

Bir neçə adam ocaq qırağında dövrə vurub oturmuşdu. Bizim yaxınlaşdığımızı görən kimi onlardan biri yerindən qalxdı. O, əlində duz-çörəklə bizə tərəf gəldi. Biz duz-çörəyi qəbul etdik və onlar kimi ocağın ətrafında dövrə vurub oturduq.

 

Onlardan biri quzu ətindən bir parça kəsib xırda-xırda tikələrə böldü və çörək bişirdikləri dəmirin üstünə düzdü. Ət tüstülənməyə, cızıldamağa başladı. Beş dəqiqədən sonra o artıq bişmişdi. Bizi işarə ilə başa saldılar ki, bunu bizim üçün hazırlayıblar. Biz tikələrdən götürüb çörək arasına qoyduq və ləzzətlə yedik.

 

Qonaqlıq bitdikdən sonra biz ev sahiblərinin əlini sıxaraq onlardan ayrıldıq. Onlar bizim üçün yola çörək qoydular. Tərəkəmələrin adətinə görə, qonağa təkcə şam yeməyi vermək kifayət deyil. Onlar qonağı sabahkı günün naharı üçün də hər şeylə təmin edirlər.

 

Bakı istiqamətində yolumuza davam etdik. Növbəti təpəyə qalxanda qarşıda Bakı şəhəri göründü. Odun əbədi yandığı yer - Atəşgah Bakıdan iyirmi altı verstlik məsafədədir. Bura atəşpərəstlərin müqəddəs məbədi sayılır.

 

Bakıda ticarətin əsasını ipək, xalça, şəkər, zəfəran və neft alveri təşkil edir. İl ərzində on altı-on səkkiz min funt zəfəran istehsal olunur. Zəfəranın girvənkəsi səkkiz, on iki, hətta on dörd franka da satılır. Onu küncüd yağı ilə qarışdırır, hamar, yastı kökələr hazırlayırlar. Səfərə çıxanda bunları götürmək faydalıdır.

 

Bakıdan Şamaxıya, oradan da Nuxaya səfər etdik. Nuxa yaddaşımda ekzotik yeməyi ilə qaldı. Bizim Parisin küçələrində qızardılmış kartof satanlar kimi Nuxa küçələrində də dükanların arasında gəzən şişlik ustaları var. Şişliyin elə gözəl ətri var ki... Bu ətir burnuma dəyəndə özümü saxlaya bilmirdim, tox olsam da, gərək bir neçə tikə yeyəydim.

 

Ey Nuxadan keçən səyyahlar, təmiz havada doyunca şişlik yeyin. Qafqazda adam şişliyə etinasız yanaşır, o qədər iştaha ilə yemir. Ancaq sizin əlinizə belə fürsət düşsə, məsləhətim budur ki, ondan istifadə edin və doyunca yeyin. Oh! Əgər bu saat, bu sətirləri yazdığım zaman yanımda bir boşqab Nuxa şişliyindən olsaydı, heç bilirsiniz, necə bayram edərdim!? Heyif ki, yoxdur.


Yeni şeylər öyrənmək üçün səyahət edirəm və haradasa dadlı bir yeməyə rast gələndə bir gün çap etdirəcəyim kulinariya kitabını zənginləşdirmək üçün həmin an yeməyin reseptini istəyirəm. Ona görə də şişliyin reseptini istədim.

 

ŞİŞLİYİN RESEPTİ

 

Tərkibi: qoyun əti, baş soğan, sirkə, duz, istiot

Hazırlanması: Əti qoz boyda hissələrə bölüb qaba yığırsınız. Üzərinə soğan doğrayıb sirkə və bolluca duz, istiot əlavə edirsiniz. 15 dəqiqə saxlayırsınız. Sonra ocaq qalayıb köz salırsınız. Ət parçalarını dəmir və ya taxta şişə keçirirsiniz və şişləri ət bişənədək közün üzərində çevirirsiniz.

Əgər ət parçalarını bütün gecə saxlasanız və bişmiş parçaların üzərinə sumaq səpsəniz, şişlik daha da yaxşı alınacaq.

 

Azərbaycan xalqı igidliyi, qonaqpərvərliyi, yüksək mədəniyyəti ilə məni valeh etdi. Əgər yolunuz bura düşsə, azərbaycanlılar ilə ticarət etmiş olsanız, əmin olun ki, sizə heç bir sənəd imzalamaq lazım deyil. Azərbaycanlının bir sözü kifayətdir, çünki o, verdiyi sözə sadiqdir. Yenidən Azərbaycana qayıtmaq ümidi ilə vidalaşıram...