
Cismi hərəkətə gətirməyə çalışdıqda müəyyən bir qüvvənin cismin hərəkətinə mane olduğunu müşahidə edirik. Məsələn, şəkildəki cisim 1 N qüvvə ilə dartılsa da, hərəkətə başlamır. Həmin qüvvə səthlər bir-birinə toxunduqda meydana çıxır. Toxunan səthlərdə meydana gələn və cismin hərəkətinin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi adlanır.
Bu qüvvənin yaranmasının səbəbi toxunan səthlərin hamar olmamasıdır. Gözlə görə bilməsək də, cisimlərin səthi, əslində, girintili-çıxıntılıdır, yəni hamar deyil.
Cismi hərəkətə gətirməyə çalışdıqda və ya cisim hərəkətdə olarkən bu girinti-çıxıntılar bir-birinə ilişir və onun hərəkətinə mane olur. Sürtünmə qüvvəsi həmişə hərəkət istiqamətinin əksinə yönəlir.
Fəaliyyətlərimizi asanlıqla, daha kiçik qüvvə tətbiq edərək yerinə yetirmək üçün sürtünmə qüvvəsini azaltmaq lazımdır.
Xizəksürmə və konkisürmə idman növlərində idmançıların asanlıqla hərəkət etmələri üçün sürtünmə qüvvəsinin az olması vacibdir. Bu məqsədlə xizək və konkiyə xüsusi yağ sürtülür. Toxunan səthlərdəki girinti-çıxıntılar arasındakı boşluqlara dolan yağ səthlərin hamar olmasına və sürtünmənin azalmasına kömək edir.
Bəzi hallarda isə sürüşmədən hərəkət etmək üçün sürtünmə qüvvəsini artırmaq lazım gəlir. Bu məqsədlə toxunan səthlərin girintili-çıxıntılı olması təmin edilir.
Buzlu yolda sürüşməmək üçün ayaqqabıların alt hissəsi girintili- çıxıntılı hazırlanaraq sürtünmə qüvvəsi artırılır. Avtomobilin sürüşməməsi üçün təkərlərinə zəncir bağlanmaqla sürtünmə qüvvəsi artırılır.

Göz yaşı göz alması ilə göz qapağı arasında nəmləndirici rolunu oynayır. Bu nəmləndirmə nəticəsində göz alması ilə göz qapağı arasında göz qapağının hərəkəti nəticəsində yaranan sürtünmə qüvvəsi azalır. Beləliklə, göz qapağı və göz alması zədələnməkdən və bir-birinə yapışmaqdan qorunur.
Cisim havada və ya suda hərəkət edərkən ona havanın və ya suyun sürtünmə qüvvəsi təsir edir. Hava və ya su tərəfindən cismə təsir edən sürtünmə qüvvəsi müqavimət qüvvəsi də adlanır. Müqavimət qüvvəsi hərəkət istiqamətinin əksinə yönəlir və cismin sürətinin azalmasına səbəb olur. Səthinin sahəsi böyük olan cisimlərə təsir edən müqavimət qüvvəsi daha böyük olur.
Suda yaşayan bəzi canlıların bədən formaları bu canlılar hərəkət edərkən onlara təsir göstərən suyun müqavimət qüvvəsinin az olmasına səbəb olur. Sualtı qayıq və gəmilərin də sürətlə hərəkət edə bilmələri üçün onların gövdələri bu canlıların bədən quruluşuna oxşar dizayn edilir.
21.09.2026