Təbiət

Külək təbii enerji mənbəyidir

Külək hərəkət edən hava kütləsi və təbii enerji mənbəyidir. O, dəyirmanın pərlərini fırladır. Pərlər çarxları hərəkətə gətirir. Dəyirman işə düşərək dən üyüdür. Keçmişdə külək qurğusunun vasitəsi ilə insanlar taxıl, ədviyyat və kakao üyüdür, yun əyirir və quyudan su çəkirdilər. Bir müddətdir ki, küləkdən elektrik enerjisi alınmasına başlanılıb.

 

Güclü küləklər əsən yerlərdə digər enerji mənbələri ilə müqayisədə daha sərfəli hesab edilən küləklə işləyən elektrik stansiyaları quraşdırılıb. Buna görə də bir çox ölkələrdə bu qurğuların təkmilləşdirilməsinə böyük məbləğdə pul xərclənir.

 

Küləyin gücü barədə eksperimentlər hələ ilkin mərhələdədir. Lakin alimlər bu yolla enerji böhranını aradan qaldırmağın mümkünlüyünə inanır və ekoloji cəhətdən sərfəli olan bu alternativ enerji mənbəyinin perspektivinə nikbin yanaşırlar.

 

Külək enerjisindən istifadə insanın enerjinin təbii mənbələrinə dönüşünü göstərir. Texnikanın müasir inkişafı külək enerjisindən keçmişə nisbətən daha effektiv istifadəyə imkan yaradır.