Qarabağ

Şahbulaq qalası

Şahbulaq qalası (qəsri) Ağdam şəhəri yaxınlığında 1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın istəyi ilə inşa olunub.


Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.


Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir.


Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. 


Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Şahbulaq qalası ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdən biridir. Son dövrlərdə qala bərpa edilərək kilsə kimi istifadə edilir.