Nağıllar, hekayələr

Mixail Zoşenko. Hamam

Yoldaş vətəndaşlar, deyilənə görə, Amerikada əla hamamlar var. Tutaq ki, bir vətəndaş gəlir hamama, soyunur, pal-paltarını yığır xüsusi yeşiyə və gedir özü üçün çimməyə. Ta narahat olmur ki, paltarı it-bata düşər, ya oğurlanar. 


Ola bilər ki, hansısa dəmdəməki amerikalı desin:


-Qut bay, yəni muğayət ol paltarlarımdan.


Bundan artıq heç nə deməz. 


Hə, deməli, bu amerikalı çimmir, geri qayıdır, əlüstü ona yuyulmuş, ütülənmiş alt paltarlarını təqdim eləyirlər. Patavaları da qar kimi ağappaq, tərtəmiz. Alt tumanının sökükləri tikilib, cırıqları səliqəylə yamanıb. Nə isə Amerika ayrı aləmdi.!


Bizim hamamlar da babatdı, amma Amerikadakından pisdi. Ancaq nə dəxli, çimmək ki olur!


İntəhası bizdə bu nömrə məsələsi heç cür düzəlmir, vallah, adam xəcalət çəkir. Ötən şənbə getdim hamama (fikirləşdim Amerika uzaqdı, bir də kimdi məni oraya buraxan). İki nömrə verdilər. Birini pal-paltara görə, birini də palto ilə papağa görə.


Verməyə verdilər, amma çılpaq adam bu nömrələri harasında gizlətsin. Paltar yox, cib yox. Bir qarındı, bir də ayaqlar. Saqqalından asmayacaq ki!


Nə isə, axırda hər ayağıma bir nömrə bağladım ki, itəndə ikisi birdən itməsin. Girdim hamama.


Yeridikcə nömrələr ayağıma dəyib şappıldayırdı. Belə vəziyyətdə gərək yerindən tərpənməyəsən. Ancaq tərpənməsən, qulplu vedrəni kim verər sənə? Gərək özün tapasan. Qulplu vedrəsiz cimməyin nə ləzzəti?!


Başladım qulplu vedrə axtarmağa. Gördüm bir vətəndaş üç vedrə ilə birdən çimir. Birinin üstünə dayanıb, o birindən sabunla başına su tökür, üçüncüsünü də sol əli ilə bərk-bərk tutub ki, çırpışdırmasınlar. Üçüncü vedrəni onun əlindən ehmalca dartdım, sözün düzü özümə götürmək istəyirdim. Amma vətəndaş qulplu vedrəni əlindən buraxmadı. 


-Hansı cəsarətlə,-dedi,-özgələrinin qulplu vedrəsini oğurlayırsan? Bu dəqiqə vedrəni başına elə vuraram, gözlərindən od çıxar.


Dedim:


-Çar rejimi deyil ki, qulplu vedrəni mənim başıma vurasan. Bu başdan-ayağa eqoizmdi, biz də çimməliyik, ya yox? Bura teatr deyil hamamdı.


O isə dalını mənə çevirdi, heç cavab da vermədi. 


“Axmaq adama nə deyəsən,-fikirləşdim,-gözləməyin də mənası yoxdu. İndi o, qəsdən üç gün, üç gecə yuyunacaq”.


Başladım hamamı dolaşmağa.


Bir saatdan sonra gördüm, bir kişi qulplu vedrəni əlindən buraxdı əlindən buraxdı, əyildi sabunu götürməyə, ya xəyala daldı, nəydi bilmirəm, ancaq vedrəni nəzarətsiz qoydu, mən də fürsəti əldən vermədim.


İndi qulplu vedrəm də vardı, amma oturmağa yer tapmırdım, ayaqüstə cimməyin nə ləzzəti, günah iş görmək kimi bir şeydi.


Ancaq əlac nədi, deməli, ayaqüstə durub çimirəm, qulplu vedrəni də bərk-bərk tutmuşam ki, oğurlamasınlar.


Görürəm, pərvərdigara, hamam dönüb camaşırxanaya, hamı paltar yumaqla məşğuldu. Birisi şalvarını yuyur, o birisi alt paltarın övkələyir, üçüncüsü yuduğunu suya çəkir. Bir haray-həşir var, gəl görəsən, adamın heç çimməyi gəlir. Harana sabun sürtdüyünü eşitmirsən, bu cür çimmək, günah kimi iş görmək kimi bir şeydi. Başa düşmürəm, bu zırramalar paltarlarını niyə öz xarabalarında yumurlar?


“Əşi, cəhənnəm olsunlar,-fikirləşdim,-dalısını evdə çimərəm”. Yönəldim soyunma-geyinmə otağına. Alt və üst paltar üçün nömrəni verdim. Gördüm hər şey mənimdi, təkcə şalvar mənimkinə oxşamır.


“Yoldaş vətəndaşlar,-dedim,.-Mənim şalvarımın dalında yırtıq vardı, bəs bu şalvarın yırtığı hanı?”


Hamamçı dedi:


-Bizi bura qoymayıblar ki, sizin yırtıqlara göz olaq. Bura teatr deyil, hamamdı.


Çox gözəl. Yırtıqsız şalvarı geydim, getdim paltomu götürməyə. Paltonu vermirlər-nömrəni tələb edirlər. Yadıma düşdü ki, nömrəni qıçıma bağlamışam. Soyunmaq lazımdı. Şalvarımı çıxarıb, nömrəni axtarmağa başladım. İp öz yerində, qıçımdaydı, amma kağız nömrə yoxdu. Demə, nömrəni qıçımla bir yerdə yumuşam. 


İpi hamamçıya verirəm, götürmür.


-İp əsasında,-deyir,-paltonu verə bilmərik. Hərə bir ip gətirsə, dünyada palto qalmaz. Gözlə, camaat dağılışsın. Yerdə qalan paltonu sənə verərəm.


Dedim:


-Bu nə heyvərəlikdi?! İşdi, yerdı yırtıq-yamaq qalsa da onu mən götürməliyəm? Bura teatr deyil səninçün. Əlamətlərini saysam kifayətdi: bir cibi yırtıqdı, o biri cibi yerli-dibli yoxdu. Düymələrə gəldikdə isə yuxarıda bir düyməsi var, aşağıdakı düymələr nolub, bilmirəm. Xeyli çənə vurduqdan sonra verdi. Heç ipi də götürmədi.


Geyindim, çıxdım küçəyə. Birdən yadıma düşdü ki, sabunu unudub hamamda qoymuşam.


Qayıtdım. Paltoda içəri buraxmadılar. Dedim:


-Ay yoldaş vətəndaşlar, üçüncü dəfə soyuna bilmərəm. Bura teatr deyil. Onda heç olmasa sabunun pulunu verin. 


Vermədilər.


Vermirlər, cəhənnəmə versinlər. Sabunsuz da yaşamaq olar, düz demirəm?