Təbiət

Meymun səhləbi

Meymun səhləbi (lat. Orchis simia) — səhləbkimilər fəsiləsindən olan, nadir gözəlliyi ilə hər kəsi heyran edən bitki növüdür.


Dərman bitkisidir, xalq təbabətində geniş istifadə olunur. Qönçələri rəqs edən meymunu xatırladır. Daha başa düşülən bir dildə desək, çiçək qolları, ayaqları və quyruğu olan bir meymun heykəlciyinə bənzəyir. Hündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Əsasən kolluqlarda, meşə kənarında, dağ çəmənlərində rast gəlinir. 


Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir.


Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir.


Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür.


Çiçəkləməsi May ayında baş verir. Açıq ərazilərdə olduğu kimi işıqlı meşələrdə də böyüyür. Aran ərazilərə üstünlük verir, buna görə hündürlüyü dəniz səviyyəsindən 1,5 km-dən yüksək olan dağ silsilələrində böyümür. Cənubi və Qərbi Avropada, eləcə də MDB ölkələrində rast gəlinir. Şimali Afrikada, eləcə də İranda və yaxın ölkələrdə böyüyür. Dağıstan, Qafqaz və Türkmənistanda da bitir. Azərbaycanda Böyük Qafqazda, Qobustan, Kür-Araz ovalığı, Kiçik Qafqazın mərkəzi, Lənkəran dağı, Aşağı və bəzən, Orta dağ qurşağında da rast gəlinir. Azərbaycanda səhləbin xarı bülbül adı ilə tanınan yabanı formaları da geniş yayılmışdır. 


Tək və ya cüt olaraq böyüyür. Sayı azalan həssas bir növdür. Azərbaycan, eləcə də Rusiya, Ukrayna və Dağıstanda bəzi növləri Qırmızı Kitaba düşüb.


Meymun səhləbi xalq təbabətində özünü zəhərlənmədən və mədə-bağırsaq traktının müxtəlif xəstəliklərinin müalicəsində yaxşı bir xilaskar kimi göstərmişdir. Səhləbi kökünün müalicəvi gücü isə qədim dövrlərdən bəri məlumdur. Fars əsgərləri gücünü qorumaq, döyüş təsirini artırmaq və bədəni gücləndirmək üçün istifadə etmişlər. Slavyanlar isə özlərini daim gənc saxlamaq məqsədi ilə istifadə edirdilər.

Qurudulmuş səhləbi kökünə “salep” deyilir, əzilir və ondan sağlamlıq içkisi hazırlanır.


Salepin şəfa gücü nədir? Bu bitkinin bütün unikallığı kökünün tərkibindədir, tərkibində lil (təxminən 50%), nişasta (təxminən 27%), zülallar, saxaroza, kalsium oksalat, mineral duzlar, efir yağları və qiymətli polisaxaridlər var. Bəzi mikroelementlərə yalnız bu bitkidə rast gəlinir ki, bu da onu unikal edir. Salep uzun müddət yalnız xalq arasında deyil, rəsmi tibbdə də istifadə edilmişdir.