
- Deyin görək, uşaqlar,
Əsl dost necə olar?
- Vüqar mənim dostumdur, -
Sözə başladı İdris, -
Dərslər çətin olanda
Birgə öyrənirik biz.
Vüsal dedi: - Müəllim,
Çox razıyam Lalədən.
Onun kimi yaxşı dost
Görməmişəm hələ mən.
Növbətçiydim sinifdə,
Xəstəydi o gün anam.
Gəlib məni çağırdı
Kiçik qardaşım İnam.
O gün mənim yerimə
Lalə növbətçi qaldı.
Sinfin bütün qayğısın
O öz üstünə aldı.
- Qurtarmışdı dəftərim,
Sonra dilləndi Lalə,
Mağazada tapmadım,
Yollandım İdrisgilə.

Gətirdi xeyli dəftər.
Dedi: "Qurbandır sənə!"
Dedim: "Sağ ol, ay İdris,
Biri lazımdır mənə".
Sonra Etibar müəllim
Dedi gülümsəyərək:
- Dost dostundan heç nəyi
Əsirgəməsin gərək.
Zəng vuruldu, müəllim
Sinifdən çıxdı çölə.
Dostluqdan danışırdı
Balaca dostlar hələ.
Lövhəyə belə yazdı
Tənəffüsdə Cavanşir:
Kimin ki, dostu yoxdur,
Çətindir onun işi.
06.10.2022