Sevinc Ağa Xəlilqızı. Şuşa və Zəfər sevdası
Qədim Türk yurdu öz gözəlliyi, münbit torpaqları, faydalı qazıntıları, qara qızıl, memarlıq abidələri ilə dünyada söhrət qazanmışdı. Bu diyara dünyanın dörd tərəfindən tacirlər gəlirdi. Qoşa Qala qapısında karvanlarını saxlayırdılar. Karvansarada qalıb dincələrdilər.
Bu Türk yurdunun ağsaqqalı Bayandur xanın qızı var idi. Gözəllikdə onun tayı bərabəri olmazdı. Bayandur xan qızına Azəri adını verir. Azəri çox zərif, parlaq zəkaya sahib qız olur. Azəri öz əmisi oğlu Canı ürəkdən sevir. Onların bu böyük sevgisini görən Bayandur xan onları evləndirir. Bayandur xan onlara deyir ki, indi siz özünüz gedin başqa yerdə məskən salın. Görək bu sevginiz nə xaliqələr yaradır.
Azəri və Can birləşərək yola düşürlər və gəlib gözəl məkana çatırlar. Bu məkan elə bağlarla zəngin idi ki... Onlar dağın başındakı qara baxırlar. Elə bu anda qəfil qar yağmağa başlayır. İsti yay fəslinin olmasına baxmayaraq, bolluca qar yağır.
Bayandur xanın qızı Azəri Cana deyir:
– Əvvəlcə qarşımıza gözəl bağlar çıxdı. Sonra qəfil qar yağmağa başladı. Qoy məkan saldığımız bu yerin adı Qarabağ olsun!
Can dedi:
– Çox gözəl fikirdir. Bundan sonra bu məkanı belə adlandıraq... Qarabağ...
Onların sevgiylə adlandırıqları Qarabağ tez bir zamanda cahanda şöhrət qazandı. Qarabağ atları hər yerdə məhşur idi. Ağacların budağına qonan bülbüllər cəh-cəh vururdular.Kiçik uşaqlar onlara qulaq asa-asa böyüyərək həqiqətən də bülbül səsli xanəndələrə çevrilmişdilər.
Azəri və Canın bir oğulları dünyaya gəlir. Can bəy onun adını Pənahəli qoyur. Can bəy çox inamlı, imanlı birisi olur. Allaha pənah məqsədiləona bu adı qoyur və deyir: “Azəri, qoy oğlumuz Həzrəti Əli kimi məqamı yüksək, zəkası parlaq olsun. Onu Pənahəli deyə çağıraq”.
Hər ikisi belə razılığa gəlirlər.
Pənahəli çox ağıllı, parlaq zəkaya sahib olur.
İllər keçir... Azəri və Can haqqa qovuşurlar. Amma onlardan miras qalan bu gözəl Yurdu qorumağı Pənahəli bəyə tapşırırlar.
Atasından ona bu sözlər miras qalır:“At sənindir, övlad sənindir. Xalqın, Vətənin isə sənin qeyrətindir! Torpağını göz bəbəyin kimi qorumalısan...”
Pənahəli bəyin bir qızı dünyaya gəlir. Ona elə ad vermək istəyir ki, o ad cahandailk dəfə işlənsin. Atını üzüyuxarı sıldırım qayalara, dağlara kimi çapır. Gəlib sıldırımlı bir dağın zirvəsində dayanır. Başını göylərə qaldıranda elə bir buludları əli ilə tutacaqdı. Başının üstü büllur şüşə kimi par-par parıldayırdı. O, öz-özünə dedi: “Şüşə, şüşə, şüşə. Yox, tapdım... Şuşa... Bax elə bu Cıdır düzündə özümə saray tikdirəcəm. Qızıma da elə Şuşa adı verəcəm”.
1752-ci ildə Qarabağ xanı Pənahəli xan qızının şərəfinə Şuşa şəhərini salır. Bu şəhəri Pənahabad da adlandırırdılar. Şuşada 17 məhəllə var idi. Hər məhəllədə də hamam, məscid və bulaq var idi. Həmin məhəllələr müxtəlif cür adlanırdı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusuf, Göl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamam qabağı, Merdinli, Təzə məhəllə... Şuşada Aşağı Gövhərağa məscidi,Yuxarı Gövhərağa məscidi,Mamayı məscidi,Saatlı məscidi də inşa edilmişdir. Burada uşaqlar üçün ilk orta məktəb Şuşa Realnı məktəbi açılmışdır. Şuşa möhtəşəm şəhərə çevrilmişdi.
İllər keçdi. Pənahəli xanın qızı Şuşa böyüdü. Gözəlliyinə söz ola bilməzdi. Onu su sonasına bənzədirdilər. Onun gözəlliyinin sorağı başqa xanlıqlara da çatmışdı. Bir gün başqa diyarın xanı öz oğlu Zəfər üçün elçi düşür. O, Pənahəlixanın yanına gəlir. Xanın qızı Şuşa xanım deyir ki, mən Zəfəri ağıl sınağına çəkdikdən sonra razılığımı verə bilərəm. Şuşa xanım Zəfər bəyi çox sınağdan keçirdir.
Hər sınağdan da Zəfər bəy ağlıyla qalib gəlir...
Şuşa xanım Pənahəli xana deyir: “Mənim həyat yoldaşım sənin yanında durmağa layiq bir insan ola bilər. Zəfər bəy bütün sınaqlardan zəkası ilə qalib çıxdı”.
40 gün 40 gecə xan qızı Şuşa xanımla Zəfər bəyə toy çaldırdılar. Onlar muradına yetişdilər. Çox xoşbəxt və firavan həyat sürməyə başladılar. Onların övladları dünyaya gəlir.Şuşa xanım və Zəfər bəyoğullarınaAzər, qızlarına isə Baycan adını verirlər.
Qonşu diyarda isə xəbis, kindar, qaradonlular, kafirlər yaşayırdı. Onlar Şuşa şəhərinə həsəd aparırdılar. Lakin Zəfər xanın qorxusundan o diyara yaxın gələ bilmirdilər. Onlar hiyləyə əl atırlar. Dostluq adı ilə Zəfər xanı diyarlarına qonaq edirlər. Bu qonaqlıqda onu tutub zindana salırlar. Öz məqsədlərinə hiylə yolu ilə çatırlar. Gecə vaxtı qoşunları ilə Qarabağa hücum edirlər. Ağlagəlməz vəhşiliklər törədib, insanlığa zidd qəddarlıqlara əl atırlar. Gəlib Şuşa şəhərinə də çıxırlar. Şuşa xanım sarayda olur. Ona xəbər gətirirlər ki, qaradonlu kafirlər saraya hucuma hazırlaşırlar.
Şuşa xanım deyir: “Zəfər xanın başına bir iş gəlib. Onun ölmüş günüdür ki, onlar bu cürətə əl atıblar. Deməli, artıq Zəfər məni tərk etmişdir. Zəfərsiz Şuşanın dəyəri yoxdur... Şuşanı yaşadan Zəfər idi”. Şuşa xanım özünü qaladan atır.
Onun ardınca öz qeyrət və namuslarını qorumaq üçün xidmətində duran qızlar da özlərini atırlar.
Saraya girən kafirlər bu mənzərənin qarşısında donub qalırlar. Özləri etiraf edirlər ki, bizim qadınlar olsa diz çöküb yalvarardılar, düşmənlərə kənizlik etməyə hazır olardılar.
Bu diyar bir müddət kafirlərin işğalı altında inildədi. Nələr çəkmədi bu diyar! Elə bil taleyinə qara ləçək bağlanmışdır. Zəfər xan zindanda əzab çəkirdi. Onun bu hadisələrdən xəbəri yox idi.Bir dərdi var idi. Doğma Qarabağını, onun beşiyi Şuşanı, ömürlük sevdası olan Şuşa xanımı azad etmək.
Bir gün ümid mələyi zindana onun yanına gəlir və deyir: “Səni mən bu zindandan azad edəcəm. Sən də öz diyarını azad edərsən. Qanadlı Ağ atlar səni diyarına çatdıracaq. Köməyinə minlərlə ərənlər qoşulacaq. Qalib gələcəksiniz! Çünki haqq yolundasınız! Ədalət topaldır, gec də olsa, qalib gələr...”
Zəfər xan qanadlı Ağ atın üstünə mindi. Ərənlərinin qarşısına çıxaraq dedi: “Bu bizim ölüm-dirim savaşımız olacaq! Bu torpaq üçün qan tökmək lazımdırsa töküləcək... Bir qarış torpağımız belə o kafirlərin əlində qalmayacaq... Qarabağ əzəldən bizimdir, bizim torpağımızdır, doğma diyarımızdır! Qarabağ Azərbaycandır!”
Qanlı döyüş başlandı. Bu döyüş 44 gün, 44 gecə davam etdi. Mərd ərənlər qorxmadan döyüşüb şəhid oldular. 44-cü gün səhərə yaxın tam və qəti qələbə çaldılar.
İgid ərənlər öz qanları ilə tarix yazdılar. Bütün qaradonlu kafirlər məhv edildi. Qanadlı Ağ atına minən Zəfər xan çaparaq Cıdır düzünə getdi. Atdan düşüb Şuşa qalasına çıxdı. Qalanın zirvəsində dayanıb dərindən nəfəs aldı. İgidlər qalaya daxil oldu.
Zəfər xan göz yaşlarını saxlaya bilmirdi. O, Şuşa xanımı soruşdu:
– Mən Şuşa xanımı görmək istəyirəm.
Hamı susurdu.
Zəfər xan çox həyəcanlandı:
– Nə olub, niyə dinmirsiz?
Ona qorxaraq cavab verdilər:
– Şuşa xanım demişdi: “Zəfərsiz Şuşanın dəyəri yoxdur!” Bunu deyib o, qaladan özünü atmışdır....
Bunları eşidən Zəfər xanın fəryadından göyün üzünü boz buludlar aldı. İldırımlar çaxdı.
Ağlayan Zəfər xanı arxadan kimsə qucaqladı. Dönüb baxdıqda gözlərinə inanmadı. Bu Şuşa xanım idi...
Zəfər xanın sevincinin həddi yox idi:
– Bəs sən, sən...
– Hə, mən. Düzdür, mən qaladan özümü atdıqda mələklər məni çiyinlərinə aldılar, xilas etdilər. Məni illərlə qaradonlulardan gizlədib qorudular. Ümid Mələyi heç vaxt məni tərk etmədi. Məni yaşadan məhz elə inam, ümid, mələklər oldular...
Zəfər, Şuşa, ərənlər Cıdır düzünə gəldilər...
Azərlə Baycan səmaya qalxaraq bütün bunları seyr edir və çox sevinirdilər.
Zəfər xan qabağa çıxıb dedi: “Şuşamız, canımız, əziz yurdumuz, doğma diyarımız sən azad oldun! Sən Qarabağın qədim beşiyisən! Qarabağ azaddır! Qarabağ tarixi Vətənimizdir! Qarabağ Azərbaycandır!”
Azər və Baycan hamını alqışladılar və səmadan sevinə-sevinə dedilər: “Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”
Bu diyarın taleyinin başına bağlanmış qara ləçəklər, qırmızı ləçəklərlə əvəz olundu... Cıdır düzündə bayram tonqalları qalandı, elimiz-obamız sevincindən “Yallı” getdi... Əcdadlarımızdan miras qalan bu dilbər torpağımız bizə əmanətdir! Onu şərəfimizlə qorumalıyıq...
Zəfər xan üzünü Şuşa xanıma tutub dedi: “Şuşasız Zəfər olmadığı kimi, Zəfərsiz də Şuşa yaşaya bilməz! Qoy Zəfər və Şuşa sevdası gələcək nəsillərə örnək olsun...Zəfər və Şuşa dastanı dillərdə əzbər olsun...
Bax belə başladı eşq dastanımız,
Zəfərlə Şuşanın bitməz sevgisi...
Cıdır düzü oldu eşq nişanəsi.
And yerimiz oldu doğma Qarabağ...
Əzəldən bağlıyıq biz Şuşamıza,
Əbədi sevdalıyıq Azərbaycana!