Zahid Xəlil. Qırqovul
Ovçu dedi astadan:
Qırqovuldu, vur oğul!
Bu sözdən heç qorxmayıb
Dedi körpə qırqovul:
- Məni tutmaqdan ötrü
Gərək qova qırx oğul.
Ana onu danladı:
Ovçulardan qorx, oğul!
Axı, quşlar qorxaq olur,
Sən də quşsan, qorxaq ol.
Gizlən arxın döşündə
Saxlar bizi arx, oğul.
Anan səni qoruyar,
Sən də ona arxa ol!
Su arxının döşüylə
Qaçdı körpə qırqovul.
Balaca bir təpəni
Aşdı körpə qırqovul.