Nağıllar, hekayələr

Əziz Sultan. ​Köpəkbalığının zorbalığı

Bir gün bir köpəkbalığı balaca bir balıqla mübahisəyə başladı:

 

– Bizim boyumuz böyükdür! – köpəkbalığı dedi.

 

– Bizim isə sayımız sizdən çoxdur, – balaca balıq ona cavab verdi.

 

– Biz çox güclüyük! – köpəkbalığı quyruğunu oynadaraq suda elə güclü dalğa meydana gətirdi ki, balaca balıq yerində dayanmaqda çətinlik çəkdi.

 

– Biz isə çox sürətliyik, – balaca balıq bunu deyərək cəld hərəkətlərlə sağa-sola üzdü, köpəkbalığının ətrafında dövrə vurub onun başını döndərdi.

 

– Biz istədiyimizi dişimizə salıb yeyərik! – köpəkbalığı bıçaq kimi iti dişlərini göstərdi. Zorbalığa öyrəşən gözləri qəzəblə qızardı.

 

Balaca balıq boynunu büküb büzüşdü. Boyu köpəkbalığının bircə dişi boyda olardı. Qorxusundan bilmədi, nə desin. Bayaqdan onlara qulaq asan tısbağa bu hərəkəti bəyənmədi. Balaca balığa baxıb dedi:

 

– Bacarığını heç vaxt kiçik görmə! Balaca balığın bacardığını böyük balıqlar bacarmaz!

 

Köpəkbalığı kinayə ilə güldü:

 

– Ha-ha-ha!.. Ola bilməz ki, balaca balığın bacardığı hansısa bir işi mən bacarmayım.

 

Tısbağa qaşlarını qaldırmış kimi edib altdan yuxarı ona baxdı:

 

– Bu qədər özündən arxayın olma.

 

Bütün balıqlar maraqla mübahisənin sonunu gözləyirdi. Tısbağa qamətini düzəldib belə dedi:

 

– Məncə, kimin qalib olduğunu bilmək üçün yarışmalısınız.

 

– Yarışmaq? Bununla? – köpəkbalığı balaca balığa baxıb güldü.

 

Tısbağa balaca balığa göz vurdu ki, qorxma, səni çətinə salmayacağam.

 

– Yaxşı, – balaca balıq dedi. – Əlimdən gələni edərəm.

 

Beləliklə, tısbağa köpəkbalığına dərs vermək üçün müsabiqə tərtib etdi. Qalib gəlməyin şərti belə idi:

 

“Buradan düz üzüb, birinci dərəcədəki balıqqulağı bağçasından keçib başağacı burulun. Beşinci yosun bağının baş tərəfində, böyük boruların birində bulaşıq su axıdan balaca baca açılıb. O bacanı kim birinci bağlaya bilsə, qalib odur!”

 

Bütün balıqlar bu şərti qəbul etdilər. Köpəkbalığı da etiraz etmədi. Tısbağa yarışa başlamaq üçün başını əyib qaldıraraq göstəriş verdi. Köpəkbalığı qabaqda, balaca balıq isə arxasınca üzüb gözdən itdilər.

 

Balaca balıq düşündü ki, birdən qabağa keçsə, köpəkbalığı yenə zorbalığa əl atıb onu uda bilər. Buna görə ehtiyatını əldən vermirdi. Köpəkbalığı isə elə bilirdi ki, balaca balıq ona yetişə bilmir.

 

Böyük boruların qabağına çatanda köpəkbalığı dayanıb qaldı. Boruların çıxdığı istiqamətdə böyük bir dəmir barmaqlıq bərkidilmişdi. Köpəkbalığı gah burnu ilə zərbə endirdi, gah dişləri ilə tutub çəkdi, dəmir barmaqlıq tərpənmədi ki, tərpənmədi. Başa düşdü ki, zorbalığı bura qədər imiş. Balaca balıq isə heç nə demədən, səssizcə onun yanından üzüb barmaqlığın arxa tərəfinə keçdi. Tısbağanın nişan verdiyi bacanı tapdı. Zanbağa bənzəyən bir bitkinin saçaqlı kökündən qopardı, aparıb dəliyin içinə tıxad. Beləcə, çirkab buraxan baca bağlandı.

 

Balaca balıq barmaqlıqdan bəri üzdü. Üzündə təbəssümlə köpəkbalığına baxıb dedi:

 

– Eyni dənizdə yaşayırıq. Dənizin təmizliyi üçün yaxşı bir iş gördüyümə görə özümü qalib saymıram. Bu hamımızın xeyrinədir.

 

Köpəkbalığı da gülümsədi və balaca balığı təbrik etdi. Axı bu hərəkəti ilə balaca balıq onun da həyatını xilas etmiş sayılırdı.

 

Beləliklə, kirli su buraxan baca bağlandı. Köpəkbalığı dərsini aldı. Balıqlar boğulmaqdan xilas oldular.