Atalar sözləri

Quşu qonmaq

Bəyənmək, ürəyinə yatmaq, çox xoşuna gəlmək, istəmək.

 

İfadə qədim insanların ruh haqqında təsəvvürlərindən qaynaqlanır.

 

Qədim təsəvvürlərə görə, insanın varlığı bədən və ruhdan (cisim və candan) ibarət hesab olunur və ruh (can) quş şəklində təsəvvür edilirdi. Dilimizdə poetik obraz kimi işlənən «könül quşu», «can quşu», «qəlb quşu» ifadələri, əslində, bu yanlış təsəvvürlə əlaqədardır. Bu könül quşu bədəni tərk edərkən insan ölərmiş. Nağıllarımızda divlərin canı (can quşu) ayrıca şüşədə saxlandığından onların, adətən, göyərçinlər olduğundan bəhs edilir. Başqa sözlə, bu mənəvi quşu ideal aləmi maddiləşdirən insan uydurmuşdu.

 

Sonralar həmin tərkiblərdən «könül», «can», «qəlb» sözləri atılmış, yalnız «quş» sözü saxlanmışdır (dilçilikdə belə hadisəyə «semantik sıxılma» deyilir). «Quşu qonmaq», yəni könlü, ürəyi, qəlbi qonmaq.

 

Maraqlıdır ki, qədim sumerlər «tale» anlayışını quş şəklində təsəvvür edirdilər, ərəblərdə «quş» tale rəmzi sayılır.