Noqay nağılı. Qocaların müdrikliyi
Qədim zamanlarda bir zalım xan var imiş. Günlərin bir günü xan deyir:
– Qocaların heç kimə bir xeyri yoxdur, ona görə də onları yedirdib-içirtmək lazım deyil.
Odur ki, xan belə fərman verir: “Hər kəs atasının altmış yaşı tamam olan kimi onu vurub öldürməlidir”.
Qəzəbli xanın torpağında Kənçi adında bir çoban yaşayırmış. Bu çobanın atasının altmış yaşı tamam olur. Kənçi atasını kənddən kənara çıxarır ki, öldürsün. Nə etsin, fərman belə idi. Elə ki ata-oğul gəlib çıxırlar çölə, bu vaxt atası xəbər alır:
– A bala, biz hara gedirik? Sən məni hara aparırsan?
Oğlu cavab verir:
– Xanın fərmanına görə, səni aparıram öldürəm.
Atası oğlundan xahiş edir:
– Sən məni öldürmə, bir yerdə gizlət. Ağlım sənə gərək olar.
Kənçi atasına qıymır, gecəyarısı atası ilə birlikdə qayıdıb gəlir evə. Həyətində üstüörtülü bir araba var idi. Oğlan atasını orada gizlədir. Gecələr yemək, su gətirib verir.
Kəndə belə bir xəbər çatır ki, Qara Kəbək adlı nəhəng bir əjdaha onların kəndinə sarı sürünür. Adamlar qorxuya düşürlər, arabaları yükləyib, bu yerlərdən köçüb gedirlər. Kənçi də atasını götürüb getməyə hazırlaşır. Üstüörtülü arabada oturan qoca oğlundan xəbər alır:
– A bala, hara gedirik, bu camaat hara belə tələsir?
Oğlu cavab verir:
– Bizə belə bir xəbər çatıb ki, Qara Kəbək adlı bir nəhəng əjdaha torpağımıza tərəf sürünür. Camaat qorxusundan qaçır.
Qoca deyir:
– Sən qaçıb-eləmə. Əjdahanı vur, öldür.
Oğlu deyir:
– Axı mən əjdahanı necə öldürə bilərəm? Onun ağzına yekə bir at yerləşir, burun pərələrindən alov çıxır.
Atası deyir:
– Bu, çətin iş deyil. Kimin ki silahdan güclü biliyi var, onun üçün bu çətin deyil. Əjdaha çox yekə olur, bax elə ona görə də zəifdir. Sən bir xəndək qaz, gir orda gizlən. Əgər əjdahanın başı dan yeri ağaranda yanından sürünərsə, bədəninin tən ortası günortaüstü gəlib çatacaq. Bu vaxt gizləndiyin yerdən çıxarsan. Əjdahanın bədəninin orta hissəsi bir o qədər də yoğun olmur, onu iti bir qılıncla parçalamaq çox asandır. Qorxma, əjdaha çönüb sənə toxunmağa macal tapmayacaq… Qılıncla parçaladığın yerdə əjdahanın iki yumru daşı var. Sən həmin daşları çıxarıb gizlət. O daşları sənə gərək olar.
Kənçi atası deyən kimi edir. Dan yeri söküləndə əjdahanın başı oğlanın yanından sürünə-sürünə keçir. Heyvanın burun pərələrindən od püskürürdü. Əjdahanın möhkəm gövdəsi göz işlədikcə uzanırdı. Günortaüstü bu gövdə nazilir. Kənçi xəndəkdən sıçrayıb çıxır və əjdahanı qılıncla parçalayır. Qapqara qanını axıdır. Kənçi əjdahanın bədənindəki iki yumru daşı götürüb gedir qoca atasının yanına.
Hə, Qara Kəbək əjdahadan qaçıb canlarını qurtaran adamların hamısı geniş, susuz səhraya gəlib çıxmışdı. Adamlar, heyvanlar susuzluqdan əzab-əziyyət çəkirdilər, quyu da ki yox idi. Camaat başlayır quyu qazmağa, ancaq quyularda su olmur.
Kənçi atasından soruşur:
– Haradan su tapaq?
Atası cavab verir:
– Get, bax gör, mal-qara bir yerə yığılıb-eləməyib ki? Yığılıbsa, quyunu bax orda qazmaq lazımdır.
Kənçi görür ki, bir tərəfdə mal-qara küt halında yığılıb böyürür. Elə orada başlayır quyunu qazmağa. Bir azdan dadlı, dupduru su fışqırır. Adamlar da, mal-qara da sudan içib yanğınlarını söndürürlər.
Bu arada xəbər yayılır ki, Qara Kəbək əjdaha öldürülüb. Xan soruşur:
– Əjdahanı kim öldürüb? Suyu kim axtarıb tapıb?
Bir neçə adam durub xanın yanına gəlir. Hərə bir söz deyir:
– Əjdahanı mən öldürmüşəm. Suyu mən axtarıb tapmışam.
Xan bunların heç birinə inanmır. Camaat qayıdıb gəlir öz yurduna. Xan xəbər göndərir:
– Hansı qoçaq gedib gölün dibindən qızıl dolçanı gətirib gəlsə, mən öləndən sonra o, xan olacaq.
Adamlar gölün yanına gəlirlər. Sahildən bir qədər aralı şəffaf suyun dibində qızıl dolça görünür. İgid oğlanlar qızıl dolçanın dalınca suya baş vururlar, ancaq heç biri dolçanı götürə bilmir. Qızıl dolçaya çatacaqları yerdə o, gözdən itir.
Kənçi atasından soruşur:
– Ata, bu qızıl dolçanı necə götürmək olar?
Atası deyir:
– Yəqin, göldə heç bir dolça-zad yoxdur. Görünür, sahildə iri ağac var, bax həmin ağacın budağına qızıl dolça pərçim olunub. Gölə isə dolçanın ancaq əksi düşür.
Kənçi deyir:
– Doğrudur, həmin yerdə lap sahildə iri bir ağac var.
Axşam oğlan çıxır ağaca, dolçanı götürüb səhər aparır xanın yanına. Xan dolçaya baxıb mat qalır, deyir:
– Sən qoçaq olmağına çox qoçaqsan, amma bu, azdır. Əjdahanı kim öldürübsə, suyu kim tapıbsa, bax həmin adamı özümə vəliəhd edəcəyəm.
Kənçi deyir:
– Əjdahanı mən öldürmüşəm, suyu da mən tapmışam.
Xan soruşur:
– Yaxşı, bəs sən bunu necə sübut edə bilərsən?
Kənçi deyir:
– Əjdahanın bədəninin düz ortasında iki dənə yumru daş vardı. Budur, baxın.
O, iki yumru daşı xana verir. Xan bir az da heyrətlənir.
– Yaxşı, bəs suyu necə əldə edə bildin? Axı sən haradan bildin ki, quyunu hansı tərəfdə qazmaq lazımdır?

Kənçi belə cavab verir:
– Böyürən mal-qara hansı tərəfə yığışırsa, bax həmin yeri qazmaq lazımdır, orda su olur.
Xan soruşur:
– Bunların hamısını, doğrudanmı, özün fikirləşib tapmısan?
Kənçi cavab verir:
– Xeyr, bunların hamısını mənə qoca atam deyib: əjdahanı necə öldürməyi də, suyu haradan axtarıb tapmağı da, sizin qızıl dolçanı necə əldə etməyi də. Atamın altmış yaşı tamam olanda mən onu öldürməmişəm. Budur, bax onun verdiyi məsləhətlərlə xalqımı əjdahadan xilas etdim, sonra da onları susuzluqdan qurtardım, nəhayət, sizin bu müəmmalı tapmacanızı həll elədim – qızıl dolçanızı tapıb gətirdim.
Xan deyir:
– Mən o vaxt fikirləşəndə ki qocaların bizə heç bir xeyri yoxdur, görünür, səhv etmişəm. Bizə onların ağlı, müdrikliyi gərəkdir. Bu gündən etibarən qocaları öldürmək haqqında verdiyim fərmanı ləğv edirəm.
Xan Kənçini özünə vəliəhd edir. O öləndən sonra isə xanlığı Kənçi ədalətlə idarə edir.
30.10.2026