Almaz Xanlarova. Qardaşlar
Seymurla Süvari həmişəki kimi obaşdan, hamıdan qabaq yuxudan durmuşdular. İkisinin bir yerdə 8 yaşı vardı. Aralarında bir yaş fərq vardı. Əvvəlcə kiçik qardaş Seymur oyandı. Qara, badamı gözlərini ova-ova böyük qardaşının yatağına boylandı: “Hmmm, hələ
oyanmayıb.”
— Qaqa, ay qaqa, oyan, bir azdan cizgi filmi başlayacaq. Ana qoymur telefonda baxmağı.
Televizorda baxarıq. Süvari güclə oyandı.
— Qaqa, sabahın xeyir. Anamız durub?
— Yox.
— Onda gedək, konfet yeri bilirəm. Birisi sənin, biri mənim.
— “Olmaz”, deyiblər axı.
— Olar, hə, nədir ki, daha səpmirik axı? Anamız bizə elə deyir ki, konfetdən qonaqlara da qalsın.
Seymur üzünə saymazyana ifadə verib dedi:
— Onda dur, sən gətir, ikimiz də yeyək.
— Yaxşı.
On dəqiqədən sonra hər iki otaq bir-birinə qarışdı.
2 yaşlı balaca bacıları Ləman da qardaşlarının hay-küyünə oyandı. Gördü, onların başı bərk qarışıqdır. Öz dilində bir-iki dəfə nəsə dedi və “tərcümə elədi”: “Qa, qa.”
Gördü, xeyri olmadı. Güclə çarpayıdan düşüb yanlara basa-basa qardaşlarına tərəf getdi. Hər iki qardaş gülə-gülə onu qucaqlayıb öpən kimi Ləmaşka “eeeh” deyib yanağını sildi. Narazıyam, yəni, əslində artıq nazlanmağı öyrənirdi. Anası özünü yuxulu kimi göstərsə də, dözmədi, yatağından qalxdı. Ataya tərəf döndü. Bu səs-küyün içində atanın xorultu səsi hamısından bərk gəlirdi.
Anaları başını bulamaqla narazılığını bildirib mətbəxə keçdi. Onun Ləmaşka kimi naz eləməyə vaxtı yox idi. Səhər yeməyinə oturdular. Seymur Süvarinin boşqabına elə boylandı ki, elə bil görmədiyi banket zalının reklamını gördü:
— Süvarininki çoxdur axı.
Ana atanı göstərib şəhadət barmağını irəli uzatdığı dodaqlarına söykədi: “Susss”, yəni.
Amma Seymur susmadı:
— Eee, Süvarinin payı çoxdur axı...
— Nə olsun, sən də şirincayı iki stəkan içdin.
Bu da Süvarinin etirazı idi.
Və hər şey təzədən başladı. Atanın hövsələsi tamam tükəndi. Bu gün bazar günü idi deyə əvvəlcədən söz vermişdi ki, onları gəzməyə aparacaq. İndi fikirləşirdi ki, bu dəfə də uşaqlarına güzəştə getsə, onda...
Seymuru öz iş otağındakı, Süvarini də yataq otağındakı küncə qoydular, qapını da bağladılar ki, Ləmaşka onları “xilas” edə bilməsin. Çünki bu qızcığaz olan yerdə ancaq “amnistiya” qanunu keçərli olacaqdı. Ləmaşka qolundakı gözmuncuğuyla xeyli qapını döydü. Gördü, açan yoxdur, dodaqlarını büzüb əlacsızcasına iki qapının arasında yerə çökdü. İri gözlərini döyə-döyə sağa-sola yırğalanmağa başladı. Kənardan baxan onu yatmaz, durmaz oyuncaq kimi bənzədəcəkdi. Bu dəmdə qapı döyüldü. Ata ilə ana narazı-narazı baxışdılar. Divar qonşuluqdakı mənzildə yaşayan qonşu adətən belə məqamlarda qəfil peyda olardı.
Bəlkə də elə deyildi, təsadüfən belə alınırdı. Nə qədər təsadüf olar axı? Birinci Ləmaşka qapıya tərəf qaçmaq istədi, yıxıldı. Hər iki qardaş içəridən dilləndi:
— Ata, qapımızı döyürlər.
Ata qapını açdı, elə etdi ki, var. Qonşu qadın idi.
Həmişəki eyni suala eyni cavab eşidildi:
— Buyurun, keçin. Bəli, evdədir.
Qonşu keçən kimi növbəti sual gəldi:
— Uşaqlar hanı?
Dərhal otaqlardan eyni vaxtda cavab gəldi:
— Biz burda, içəridəyik, cəzalandırıblar.
Qadın dilləndi:
— Lap yaxşı eləyiblər.
Elə bil onu incitmişdilər, hayfını alırdılar.
Sonra bir neçə saniyə diqqətlə ər-arvadın üzünə baxdı, cavab eşitmədi, özü davam elədi:
— Bir gün bu uşaqlar sizin axırınıza çıxacaqlar.
Vurğunu “bu” sözündə qüvvətləndirdi. Bir anlığa valideynlər çaşdılar: “Niyə bu uşaqlar?”
Tez özlərini ələ aldılar:
— Yəni, balalarımız.
Qadın təzədən gözlərini onların üzünə zillədi, yəni, “Niyə səsimə hay vermirsiniz?”
— Adam məəttəl qalır, belə ziyalı ailənin belə uşaqları?!
“Belə” sözündəki “ziyalı” sözünü bir az həsəd, bir az qəzəblə vurğuladı, qalan hirsini o biri “belə”nin uşaqlara aid olanının üstünə yüklədi. Ürəyi soyumadı, əlavəsini də elədi:
— Çox qanısoyuqdular sizə qarşı. Balaca olanda nə olar ee, uşaqlıqdan bilinir valideynə qayğı.
Ata-ana bilmədi nə desin, sakitcə başlarını tərpətdilər:
— Həə.
Qonşu istədiyinin yarısını aldı, qalanını da sonra alacağına ümidlə getdi. Otaqdakılar hər şeyi eşidirdilər, hirslənmişdilər. Qonşu xalanın sözləriylə razı deyildilər, amma valideynləri onlara tapşırmışdı ki, böyüklərə etiraz etmək olmaz. İkisi də özlərini bir az günahkar, bir az da haqları tapdanmış kimi hiss etdilər.
Ər-arvad pərt olmuşdu. Elə bil məhkəmədə üzlərinə ittiham oxunmuşdu, onlar da müdafiə olunmamışdılar. Doğrudan, bizim uşaqlar niyə həş-hüş qanmır?
Bütün günü içəşirlər. Qonşu düz deyir də, bir-biriynən yola getmirlər. Ananın gözləri doldu. Qonşunun qızı bunlardan 4 yaş böyükdü, deməli, anası illərdir bilir də, nə deyir. Bunlar böyüyəndə mehriban olmayacaqlar?
Bu vaxt birinci otaqdan kiçik qardaşın səsi gəldi:
— Ana, susamışam, mənə su ver.
— Olmaz.
Bu, ananın cavabı idi.
O biri otaqdan böyük qardaşın səsi gəldi:
— Ana, qaqaşım su istəyir.
— Olmaz, dedim.
— Ana, özün demisən axı, insan susuz qala bilmir.
Ananın qəlbi sızıldadı, tez qonşunun sözlərini xatırlayıb öz-özünə haqq qazandırdı:
“Onların gələcəyi üçün belə lazımdır.”
Amma öz düşündüyünə özü də inanmadı. Ata dözə bilmədi. Geyinib çıxdı. Yenə kiçiyin səsi gəldi:
— Ana, susuzam axı.
Göz yaşını içinə axıdan ananın ürəyi balıq suda çırpınan kimi çırpındı.
Qəhərini gizlətdi: “Eşitmədin, olmaz?!”
Böyüyü içəridən dilləndi:
— Ana, qaqaya su ver, mən də susuzam, amma istəməyəcəyəm. Qoy o içsin, axı balacalar su içməsələr...
Sözü boğazında qəhərdə boğuldu, “ölərlər”i uddu, başqa sözlə əvəz elədi:
— Susuz böyüməzlər.
Anasının ürəyi necə sıxıldısa, elə bildi, Seymur illərdir böyüməyib, boy atmayıb. Səhər yeməyindən cəmi 30 dəqiqə ötmüşdü. Ləmaşka da anasının ətəyindən darta-darta otaqların qapısını göstərib ağlamsınaraq öz dilində xahişə başladı:
— Qa-qa, büvvə.
Anası onun toppuş üzünü sığalladı, sakitcə ona tərəf əyilib dedi:
— VERƏCƏM.
Bu dəmdə eşitdi ki, Seymur ağzını divardakı elektrik yerinə dirəyib deyir:
— Urrra, qaqa, indi verəcək suyu, özüm eşitdim.
Ana təzədən getdiyi istiqamətdən döndü:
— Həə, deməli, belə.
Təzəcə qərar vermişdi ki, Seymur zəif səslə dilləndi:
— Ana, su istəyirəm.
Bu dəfə səs özü susuz idi.
Süvari o biri otaqdan dilləndi:
— Ana, sən Seymura su ver, sənə söz verirəm, bir də dalaşmayacağam qardaşımla.
Anasından səs çıxmadı. Bir azdan Süvarinin olduğu otaqdan zəif hıçqırıq səsi eşidildi. Anası diqqətlə qulaq kəsilsə də, ilk hıçqırığı Ləmaşka eşitdi. Ayağa durub səs gələn tərəfə yüyürəndə büdrəyib yıxıldı, ağlamağa başladı. Ana qərarından onsuz da dönmüşdü, üzə düşüb dayanırdı: “Neynim ki, qonşu deyir, hər necədilər, canlarım, balalarımdı.”
Tez Süvarinin olduğu otağın qapısını açıb içəri keçdi.
— Ağlama.
Üzüqoylu yerə uzanıb ağlayan bir azca böyük qardaş hıçqıra-hıçqıra dilləndi: “Bəs ayımın sözünü unutmusan? Axı o demişdi ki, uşaq da ağac kimidir, susuz qalsa yavaş-yavaş böyüməkdən dayanar, sonra da...”
Hönkür-hönkür ağlamağa başladı. O biri otaqdan kiçik qardaş da qoşuldu və balaca Ləmaşka lap bərkdən ağlaya-ağlaya qardaşlarına qoşuldu.
“BÜVVVƏƏƏ”ni elə dedi ki, “ver dəəə” kimi eşidildi. Anaları az qala başını itirdi. Bir anlığa susuz qalan dünya körpələrini, onları susuz qoyub lənətlənənləri xatırlayanda qonşunun sözüylə balalarını incitdiyinə elə peşman oldu ki...
Tez su götürüb o biri otağa yüyürüncə elə bildi, uzun bir yol getdi. Seymur sudan bir-iki qurtum içib, anasına qaytaranda dedi:
— Bəsdi.
Süvarinin olduğu otağa keçdi. Qardaşının səhər ona verdiyi konfeti cibindən çıxarıb qardaşına uzatdı:
— Qaqa, özüm elə deyirdim ee, susamamışdım haa.
Bic-bic güldü.
Qara, badamı gözləri bic-bic parıldadı. Anaları necə əsəbləşdisə, süstləşib oturdu, əlini ürəyinin üstünə qoydu. Seymur da, Süvari də onun üzünə baxıb duruxdular.
— Süvari, — dedi, — qaqa, qaç, ananın ürək dərmanını mətbəxdən gətir, mən də tez gedim Ləmaşkanın dadında su gətirim. Ata həmişə belə eləyir, ayaqlarını suya qoyaq. İkisini də qəhər boğmuşdu. Seymur dərmanı, Süvari də balaca tasda suyu gətirdi. Amma
isti su əvəzinə qışın soyuğunda buz kimi su gətirmişdi. İkisi də analarının ayağından tutub suya qoydular. Gördüklərini eləmişdilər. Buz kimi su ananı diksindirib özünə gətirdi. Elə bil bayaqdan olanların hamısını yuxuda görürdü, ayıldı. Uşaqlarının üzünə baxıb şirin-şirin gülməyə başladı. İkisinin də başını qoltuğuna alıb əvvəlcə öpdü, sonra soruşdu:
— Mənim balalarım ağıllıdırlar, mehribandılar.
Üzü qonşunun divarına dedi, elə bil ürəyində qalan gərəksiz yükü atdı və öz inandığını söylədi.
Bu işi bitirib qayıtdı balalarına:
— Bir də dalaşmayacaqsınız ki?
Oğlanlar tələm-tələsik cavab verdi. Ləmaşka da sevinclə əmziyini ağzında sığallaya-sığallaya iki qardaşın arasında özünə möhkəm yer düzəltdi. Sonra da bir əliylə əmziyinin yumru tərəfini sığallaya-sığallaya o biri əliylə hər ikisinin köynəyinin ətəyindən tutub onları özünə sıxdı, təsdiq edən kimi başını yellədi, yəni, “Mən şahidəm ki, dalaşmayacaqlar.”
Bu gözəlliyi görən ana dilləndi:
— Yaxşı, məni öpün görüm.
Üçünün də dodaqları kəpənək kimi analarının üzünə qondu. Çəkən olsaydı, dünya sərgisində ən gözəl fotolardan biri kimi yeri olardı. Qapı yenə döyüldü. Qonşu qadın idi. Yenə gəlmişdi. Uşaqların üzünə baxdı:
— Heç deməzsən ki, o cür fağır ata-ananın belə...
Sözünü saxladı, dəyişdi. İxtisar etdiyi üçün hikkəsindən udqundu, boğazında ilişib qalan sözü udub bitirdi: “Belə uşaqları ola. Niyə onu incidirsiniz, hə? Adamın insafı, mədəniyyəti olar da...”
Ləmaşka bir qadına, bir də qapıya baxıb qardaşlarının arasına keçdi, hər ikisinin əlindən tutub hirslə ona baxdı və dedi:
— Büvvəəə.
Deyəsən, bu söz bu dəfə Ləmanın dilində “get dəəə” kimi eşidildi. Demək idi. Balaca Ləmaşka iki-üç söz bilirdisə, onun biri “büvvə” idi. Amma mənaları çox imiş. Bu vaxt qonşunun açıq qapısından 7 yaşına keçmiş qızının səsi gəldi:
— Gəl çıx da, tay. Ayaqqabılarımı geydir. Həyətə gedirəm. Nə çox danışdın orda?
Qonşu qıpqırmızı qızara-qızara qəribə təbəssümlə dilləndi:
— Buna bax, heç belə eləyən deyil ee.
Qəfil Ləmaşkaya baxdı. Balaca qızcığaz qardaşlarının əlini buraxmadan gözünü düz ona zilləmişdi.
Qonşu bir an fikirləşdi: “Bu qız ata-anası kimi fağır deyil, deyəsən, buna böyüyəndə söz demək olmayacaq.”
Qonşu söhbəti qoyub tələsik getdi.
Süvariylə Seymur ikisi də anasının yanına yüyürdü:
— Ana, yaxşısan?
— Ayağını, əlini ovax?
Anası cavab verdi:
— Yox, bala, narahat olmayın, yaxşıyam. Kömək elədiniz, sağaldım.
Sonra da onlara məhəbbətlə baxdı, baxışlarıyla düşündüyünü dedi:
— Mənim balalarım hamıdan mehriban, ağıllıdırlar, şükür.
Bu vaxt Seymur dilləndi:
— Gördün, Süvari, mən dərman verməsəydim, anamız sağalmayacaqdı.
Süvari o dəqiqə cavab verdi:
— Xeyr, elə şey yoxdu. Görmədin? Suya ayağını qoyan kimi anamız ayıldı.
Və hər şey təzədən başladı.