Coşqun Xəliloğlu. Su daşı
Belə bir zaman,
Çağlar da olub,
Bu Daş bir vaxtlar
Dağlarda olub.
Ustalar dağda
Xeyli gəzərək,
Tapıblar onu...
Sonra kəsərək,
Yonub səy ilə,
Daş düzəldiblər.
İçini, oyub-
Boş, düzəldiblər.
Babam alıbdır
Bu Daşdan birin,
Səliqə ilə
Düzəldib yerin.
Nənəm doldurur
Daşı obaşdan
Su damcı-damcı
Süzülür Daşdan.
Bulaq suyutək
Səp-sərin olur.
İçənlər doymur
Şip -şirin olur.
Dünən eşitdim
Həkim deyirdi:
– Daş suyu içmək
Cana xeyirdi.