Qarabağ

Ağdam

Azərbaycanın qədim və çox böyük tarixə malik rayonlarından biri də Ağdamdır. O, Bakıdan 360 kilometr məsafədə, Qarabağ düzünün cənub - qərbində, dəniz səviyyəsindən 410 metr yüksəklikdə yerləşir. Mülayim iqlimi, relyefinin müxtəlifliyi, gözəl təbiəti ilə Azərbaycanın seçilən bölgələrindən biridir. 
 
Ağdam rayonunun ərazisi tariximizə şahidlik edən çoxsaylı memarlıq abidələri ilə zəngindir. Şəhərin şimal-qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Qutlu Musa oğlu günbəzi, Xanoğlu türbəsi, Xan qızı Natəvanın məqbərəsi, Qarabağ xanı Pənahəli xanın imarəti, Şahbulağı qalası və digər memarlıq abidələri bu yurdun qədim tarixinin nişanələridir.
 
Rayonun şərqində yerləşən qədim yaşayış məskəni Üzərliktəpə abidəsi kərpicdən hörülmüş eni iki metrə çatan müdafiə qalası ilə əhatələnib. Güclü yanğın nəticəsində iki dəfə dağılan bu abidənin müdafiə hasarı öz əhəmiyyətini itirdiyindən Üzərliktəpə müdafiəsiz, açıq yaşayış məskəninə çevrilib. 
 
Ağdamın qədim tarixi abidələrindən biri də Şahbulağı qalasıdır. Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan bu qalanı strateji cəhətdən əlverişli bir yerdə, dağların ətəklərində yerləşən ərazidə tikdirmişdi. Hündür divarlarla əhatə olunan qalanın daxilindəki yaşayış binalarının, hamam və məscidin qalıqları hələ də qalmaqdadır. Oradakı səkkizqülləli iqamətgahda Pənahəli xanın öz ailəsi, qohumları, yaxın adamları, böyük sənətkar və alimlərlə bir müddət yaşadığı məlumdur. 
 
Xatirə memarlığının dəyərli nümunəsi sayılan və xalq arasında “Sarı Musa türbəsi” adlanan abidə XIV əsrə aiddir. Tikintisi 1314-cü ildə başa çatan türbənin giriş qapısının üstündəki kitabədə bu sözlər yazılıb: Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. “Sarı Musa türbəsi” yonulmuş sarımtıl əhəng daşı ilə üzlənib, fasadı daş üzərində oyma naxışlar, müxtəlif heyvan təsvirləri ilə bəzədilib. 
 
Qarabağın özünəməxsus memarlığının monumental nümunələrindən biri də klassik sadəliyi, həndəsi forması ilə seçilən mükəmməl plana malik Cümə məscididir. Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilən məscidin ibadət salonunun tən ortasında dörd sütun ucalır. Salonun cənub tərəfində uca mehrab quraşdırılıb. 
 
Ağdamın unikal abidələrindən biri olan “Çörək muzeyi”nin isə dünyada analoqu yox idi. Ötən əsrin 80-ci illərinin əvvəllərində  yaradılan muzeydə Azərbaycanın ən qədim yaşayış məskəni, mədəniyyət və əkinçilik mərkəzlərindən olmasını sübut edən müxtəlif növ daşlaşmış dənli bitki qalıqları saxlanır, sırf Azərbaycan mətbəxinə məxsus olan müxtəlif çörək növləri nümayiş olunurdu.