Görkəmli şəxsiyyətlər

Jak Lui David

Jak-Lui David — neoklassisizmin ən nüfuzlu rəssamlarından, eyni zamanda Fransa İnqilabının fəal siyasi iştirakçılarından biri idi. O, əvvəlcə XVI Lüdovikin sifarişlərini yerinə yetirmiş, sonra inqilabi respublikanın ideoloq-rəssamına, daha sonra isə Napoleonun “İmperatorun birinci rəssamı”na çevrilmişdi.

 

David sadəcə tarixi hadisələri təsvir etmirdi: təsvirlərin həmin hadisələrə necə məna verəcəyini, qəhrəmanların xalqın yaddaşında necə qalacağını müəyyənləşdirirdi. Luvrun müasir qiymətləndirməsinə görə onun əsas prinsipi “rəsm çəkmək — hərəkət etməkdir”; yəni incəsənət cəmiyyətə siyasi və mənəvi təsir göstərməlidir.

 

Jak Lui David 1748-ci ildə Parisdə dünyaya gəlib. David doqquz yaşında atasını itirib; atası dueldə öldürüldükdən sonra o, Parisdə ana tərəfdən iki dayısının himayəsində böyüyüb. Ailəsi əvvəlcə onun memar olmasını istəyirdi,lakin onun marağı rəsm idi.

 

1760-cı illərin ortalarında məşhur rokoko ustası Fransua Buşenin məsləhəti ilə antik mövzulara meyilli rəssam Jozef-Mari Vyenin emalatxanasına daxil olub. 1766-cı ildə həm Vyenin emalatxanasında, həm də Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyasında təhsilə başlayıb.


David Roma mükafatını qazanmaq üçün üç dəfə uğursuz cəhd edib. Bu uğursuzluqlar onda akademik sistemə qarşı uzunmüddətli narazılıq yaradıb. Nəhayət, 1774-cü ildə Antioks və Stratonikanın sevgisi əsəri ilə Prix de Rome mükafatını qazanıb

 

David 1780-ci ildə Parisə qayıdıb. 1782-ci ildə Marqerit-Şarlott Pekulla evlənib. Onların dörd övladı olub.

 

Davidin şöhrəti artdıqca emalatxanasına çoxlu gənc rəssam gəlməyə başlayıb. Sonradan Avropa rəssamlığında mühüm yer tutacaq Jirode, Jerar, Qro və Enqr kimi rəssamlar David məktəbinin təsirində yetişiblər.

 

Davidin ilk böyük dövlət sifarişi XVI Lüdovikin adından verilmiş Horati qardaşlarının andı idi. Əsər Romada hazırlanmış və 1785-ci ilin iyulunda tamamlanmışdı; buna görə onun tarixi bəzi kataloqlarda 1784, bəzilərində 1784–1785 və ya 1785 göstərilir. Luvrun əsər tarixçəsi son tamamlanma tarixini 1785 kimi dəqiqləşdirir. 

 

O, “Horatsilərin andı” adlı məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun - klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əsk etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Silahları oğullarına uzadan qoca onların döyüşünə xeyir-dua verir.

 

“Horatsilərin andı” rəssama çox böyük şöhrət gətirdi və inqilab illərində onun taleyində əhəmiyyətli rol oynadı.

 

Davidin əsərləri üçün ən səciyyəvi cəhətlər - yüksək düşüncə, obrazlı quruluşun səhnə təntənəsi, həcmli işıq-kölgə başlanğıcının kolorit üzərində üstünlüyüdür. O, antik dövrün məşhur qəhrəmanlarını öz tablolarının əsas personajlarına çevirərək, onların obrazları vasitəsilə dövrün yeni ideallarını ifadə edirdi.

 

Davidin Napoleon Bonaparta olan münasibətini onun yaradıcılığının ayrıca şaxəsi hesab etmək olar - rəssam ilk görüşdən onun pərəstişkarına çevrilmişdi. Jak Lui David rəsmi saray rəssamı təyin edilmişdi. Rəssam böyük imperatoru və onun imperiyasını vəsf etdiyi əsərləri üçün xüsusi mebel sifariş edirdi ki, bu da Napoleonun və onun əyanlarının çox xoşuna gəlirdi.

 

David 29 dekabr 1825-ci ildə, 77 yaşında Brüsseldə öldü. Fransa hökuməti cənazəsinin ölkəyə qaytarılmasına icazə vermədiyi üçün Brüsseldə dəfn edildi.