Bu maraqlıdır!

Psixi sağlamlıq

Psixi Sağlamlıq İnstitutunun tibb şurasının sədrinin sözlərinə görə, sinqapurluların orta ömür uzunluğu təxminən 82 ildir. Ancaq psixi problemləri və xəstəlikləri olan insanların orta ömür uzunluğu 20 il azalır.

 

Həyat nadir hallarda istədiyimiz qədər rəvan gedir. Biz tez-tez psixi, yəni ruhi sağlamlığımıza təsir edə biləcək xəyal qırıqlığı, stres, kədər və mənfiliklərlə qarşılaşırıq. Psixi sağlamlıq təkcə insanın zehnini idarə etmir, həm də fiziki sağlamlığını və orqanizmin necə işlədiyini müəyyən edir.

 

Psixi sağlamlıq insanın emosional, psixoloji və rifah halını əhatə edir. Bu, insanın özünə və ətrafdakı insanlara olan düşüncələrinə, hisslərinə və hərəkətlərinə təsir edir. O həmçinin streslə necə mübarizə aparmağa, başqaları ilə necə davranmağa və sağlam seçimlər etməyə kömək edir. Psixi sağlamlıq uşaqlıq və yeniyetməlikdən yetkinliyə qədər həyatın hər mərhələsində vacibdir.

 

Yadda saxlamaq lazımdır ki, insanın psixi sağlamlığı bir çox amillərdən asılı olaraq zamanla dəyişə bilər. Qarşıya qoyulan tələblər insanın imkanlarını və öhdəsindən gəlmək qabiliyyətini aşdıqda onun psixi sağlamlığına təsir edə bilər. Məsələn, əgər kimsə uzun müddət ağır işdə işləyirsə, xəstəlikdən əziyyət çəkən yaxınının qayğısına qalırsa və ya maddi sıxıntı yaşayırsa, onun psixi sağlamlığı pisləşə bilər. Həmçinin qeyri-düzgün qidalanma, yuxusuzluq və yüksək stres beyinin və sinirlərin sağlamlığına təsir edə bilər.

 

Ümumiyyətlə, sinir sistemi və digər orqanlar sisteminin normal fəalliyyətini təmin etmək və orqanizmin sağlamlığını qorumaq üçün fiziki fəal olmalıyıq. Bizi rahat və xoşbəxt edən fəaliyyətlərdə iştirak etməliyik. Bu, stres səviyyəsini azaltmağa kömək edir.