Nağıllar, hekayələr

Avstraliya nağılı. Leylək və quzğun

Leyləklə quzğunun insan olduğu günlər idi. Bir gün leylək quzğunu evinə dəvət etdi.

 

-Torla çoxlu sayda balıq tutmuşam - leylək quzğuna dedi – Gəl evimə, bir yerdə balıq yeyib, söhbət edək!

 

- Yaxşı, gələrəm!- quzğun məmunluqla razılıq verdi.

 

Quzğun özü ilə hörmə torba, bir də daşdan balta götürüb leyləyin evinə tərəf yollandı.

 

Hava soyuq idi. Quzğun çox ac idi və yol boyu ancaq leyləyin tutduğu balıqlar barəsində düşünürdü.

 

- Nə yaxşı ki, leylək kimi dostum var! – o, öz-özünə dedi - Belə bir dostun olması çox xoşdur!

 

Birdən, quzğun arıların bir ağacın gövdəsinə uçduğunu gördü.

 

- Eee! Bu ki arı yuvasıdır! - quzğun sevinclə qışqırdı. – Çox acam! Əvvəlcə bal yeyim, sonra balıq yeyərəm!

 

O, ağaca dırmaşdı və arıların uçuşduğu yerdə daş balta ilə dəlik açdı. Daha sonra əlini çuxura salıb ordan üstü bal dolu pətəkləri çıxarıb yedi. Beləlikə, quzğun leylək üçün bir damla belə bal saxlamadı!

 

Quzğun əllərini çayda yuyaraq öz-özünə dedi: "Onsuzda leyləyin o qədər balığı var, heç bala ehtiyacı da yoxdur! Mənim isə heç bir balığım yoxdur!

 

Quzğun leyləyin evinə yaxınlaşanda, dostunun odda balıq qızartdığını gördü.

 

Leylək quzğunu yanına çağırıb dedi: “Tez gəl! Ocağın yanına yaxınlaş! Bax, gör sənin üçün nə qədər balıq bişirirəm!

 

Quzğun ocağın yanında oturdu, böyük bir qırmızı balıq götürüb iştahla yeməyə başladı.

 

- Sənə ən dadlı balığı verdim- leylək dedi - Buyur, ye, sonra oturub söhbət edərik!

 

Quzğun balıq yeyən zaman leylək bir kənarda oturub ona diqqətlə baxırdı. Birdən o, quzğunun saçında bir parça pətək və arı gördü.

 

- Eheeey! - deyə leylək qışqırdı. – Saçına arı və pətək ilişib!

 

Quzğun ona cavab vermədi. O, qırmızı balığın dadına baxmağa davam etdi.

 

Leylək düşündü-düşündü və nəhayət dedi:

 

- Mənim balığımı yeməyi dayandır! Yoxsa bütün balıq ovumu məhv edəcəksən! Balıqlar sənin saçında arı və pətək görüncə, qorxub qaçacaqlar! Belə getsə toruma bir dənə belə olsun balıq düşməyəcək!

 

Quzğun deyilənləri diqqətlə qulaq asıb ayağa qalxdı və ocaqdan uzaqlaşıb, kənarda yerə yıxılmış bir ağacın üstünə oturdu. O, leyləyə cavab olaraq bir kəlmə belə demədi.

 

Leylək bir az sakitləşib, ocağın başına əyləşdi və quzğundan soruşdu.

 

- Niyə ora getdin?

 

- Sənin balıqlarını yeməmək üçün – quzğun cavab verdi – Ehtiyat edirəm, birdən sənin balıqlarını yeyərəm, onlar da mənim saçımda arıları görüb bir daha sənin toruna düşməzlər!

 

- Belə danışma! - leylək peşmancasına dedi – Bura sənin də torpağındır, istədiyini etməkdə azadsan! Yaxınlaş ocağa! Daha çox balıq götürüb ye!

 

- Xeyr, artıq gələ bilmərəm! - quzğun inadla dedi - Mən sənin balığını yeyə bilmərəm, yoxsa bütün balıqların səndən uzaq qaçmasına səbəb ola bilərəm! Artıq ediləcək bir şey yoxdur, leylək, indi sənin balığını yeyə bilmərəm!

 

Leylək nə qədər çalışsa da quzğunu yola gətirə bilmədi.

 

Nəhayət, quzğun qəzəbləndi və ayağa qalxıb dedi:

 

- Əlvida, leylək. Gəldiyim yerə geri dönəcəm!

 

Quzğun leyləyə baxmadan çıxıb getdi.

 

Quzğun dağın yamacında bir mağarada yaşayırdı. Bu dağa Arqulup deyirdilər. Dağın ətrafında çoxlu qu quşlarının yuva saldığı böyük bir göl var idi.

 

Bu zamanlar qu quşları yumurta qoymağa başlamışdılar. Quzğun səbət götürüb, yumurta toplamaq üçün gölə tərəf getdi.

 

Yumurtalar o qədər çox idi ki, tez bir zamanda səbət doldu. Quzğun yumurtaları mağaraya aparıb, daha sonra yenə toplamaq üçün geri qayıtdı. Mağarada böyük bir yumurta yığını toplanmışdı.

 

Quzğun leyləyə dəvət göndərdi: "Mənim yuvama yumurta yeməyə gəl! Çoxlu qu quşu yumurtalarım var!"

 

Leylək dəvəti alıb sevindi:

 

-Yaxşı, gələrəm! Çoxdandır dostum quzğunu görmək istəyirdim! Görüm necə yaşayır!

 

Beləliklə, leylək quzğuna baş çəkməyə getdi.

 

- Salam, dost! - quzğun onu qarşıladı. - Gör sənin üçün nə qədər yumurta toplamışam!

 

Quzğun böyük bir ocaq alışdırıb, üstündə yumurtaları bişirdi.

 

- Ocağa yaxın otur! Yumurtaları ye! - quzğun leyləyə təklif etdi- Burada rahat olacaqsan!

 

Leylək oturub yavaş-yavaş yumurtaları yeməyə başladı. Quzğun isə gözünü heç leyləkdən çəkmədi və qəfil onun qanadlarının üstündə bir neçə yaşıl qarışqa gördü.

 

- Ahaaa! - quzğun qışqırdı. – Sən, bura gəlməmişdən qabaq yaşıl qarışqa yemisən? İndi qu quşlarının yumurtalarını məhv edəcəksən! Yaşıl qarışqaları yediyin üçün hamısı xarab olacaq. Qu quşu yumurtası yeyən yaşıl qarışqa yeyə bilməz! Yaşıl qarışqa yeyən isə qu quşu yumurtası yeyə bilməz! Həyatımda ilk dəfə yaşıl qarışqalardan sonra qu quşu yumurtası yeyən məxluq görürəm. İndi mən sənə nə deyim, leylək?

 

- Belə oldu! – leylək inciyərək cavab verdi – Qonağı bu cür qarşılayırsan! Səndən mənə dost olmaz! Əlvida!

 

- Sənin etdiyini özünə qaytarıram! –deyə quzğun cavab verdi - Yaxşı yol! Səni bir daha görmək istəmirəm!

 

- Mən də səni! – deyib leylək oradan uzaqlaşdı.

 

Bax buna görə, indiyənədək leyləklə quzğun heç vaxt bir yerdə görünmür!