Nağıllar, hekayələr

M. Rzaquluzadə. Mən də təyyarəçi olacağam

Bir sabah Kamal tezdən yuxudan durub, adəti üzrə, evlərinin yaxınlığındakı təpəyə çıxmışdı. O, ətrafa tamaşa edirdi. Orada, aşağıda göz işlədikcə düzənliklər, sıx meşələr, gümüş kəmər kimi parlayan çaylar, məxmər çəmənlər görünürdü. Dərələrdən yüngül duman ucalır, ucaldıqca, sanki, göydə əriyib yox olurdu. Göy üzündə bir dəstə qaraquş qanadlarını geniş açaraq halay vurub hərlənirdi...

 

Birdən aşağıdan, düşərgə yanındakı düzənlikdən bir gurultu ucaldı. Bu gurultu get-gedə artdı və Kamal bir-birinin ardınca bir neçə təyyarənin havalanıb dik göyə ucaldığını gördü. Göydəki qaraquşlar bir anda dağılışıb yox oldu.

 

İndi onların yerində, onlardan da xeyli ucada təyyarələr hərlənir, mayallaq aşır, qanadları üstündə fırlanır, nərə çəkib aşağı şığıyır, yenə fişəng kimi dik qalxırdı.

 

Sonra təyyarələr durna qatarı kimi cərgəyə düzüldü. Birdən hər təyyarədən bir-iki nöqtə ayrılıb ağır-ağır yerə enməyə başladı. Bunlar yaxınlaşdıqca, nöqtələr böyüdü və qırmızı, yaşıl, sarı rəngli zolaq-zolaq çətirlərdən adamların sallana-sallana endikləri aşkar göründü.

 

Bu mənzərə o qədər gözəl, o qədər maraqlı idi ki, Kamal heç yuxuda da belə gözəl bir şey görməmişdi.

 

Paraşütçülərdən biri Kamalın durduğu təpədən iki-üç yüz addım aralı məxmər otların üzərinə enirdi. Kamal yerindən qopub düz ona doğru cumdu. Paraşütçünün ayağı yerə çatanda Kamal da ona çatdı. Bu paraşütçü cavan, qarayanız bir əsgər idi. Gülə-gülə paraşütü yığmağa başlayıb ona heyran-heyran baxan Kamala yaxınlaşdı. Onun qolundan tutub yuxudan oyadırmış kimi, silkələdi və mehriban bir səslə dedi:

 

- Hə, qoçaq, sən də təyyarəçi olmaq  ?

 

Kamal, doğrudan da, yuxudan ayılmış kimi, bir neçə dəfə gözlərini qırpdı və gözlənilməyən cürətli, inamlı bir səslə dedi:

 

- Olacağam, əmican! Mən də təyyarəçi!

 

Bu gündən Kamalın xəyalında uçan xalçalar, zər qanadlı zümrüd quşları, şahzadə qəhrəmanlar əvəzinə, polad qanadlı təyyarələr, rəngbərəng paraşütlər və tunc üzlü cavan təyyarəçilər canlandı.