Odlar Yurdu

“Azərbaycanın qapısı”— Qarabağ xanlığı

Şuşa Vətənimizin dilbər guşəsi olan Qarabağın dağlıq hissəsində sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində yerləşir. Şuşanın tarixi çox qədimdir. Alimlər Şuşada və onun ətrafındakı yerlərdə tarixin ən qədim dövrlərinə aid çox qiymətli maddi tapıntılar aşkar etmişlər.


Qarabağ xanlığı necə yaranmışdı?


Şuşa ətrafındakı qədim yaşayış yerləri, Cıdır düzü yaxınlığındakı Şuşa mağarası insanların burada çox qədim zamanlardan yaşadıqlarını sübut edir.


18-ci yüzilliyin ortalarında Qarabağda müstəqil bir dövlətimiz yaranmışdı. Bu dövlət Qarabağ xanlığı adlanırdı. Qarabağ xanlığının əsasını Pənahəli xan qoymuşdu. O, Qarabağın qədim Cavanşir tayfasının qəhrəman oğullarından biri idi. O, böyük Azərbaycan sərkərdəsi Nadir xan Əfşarın Azərbaycan torpaqlarını azad etmək uğrunda mübarizəsində yaxından iştirak etmişdi.


Bu müharibədə öz şücaəti ilə şöhrət qazanmışdı. Nadir şahın ölümündən sonra Qarabağı müstəqil xanlıq elan etdi. Xanlığı müdafiə etmək üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirdi, Şuşada daha möhtəşəm qala tikilməsi üçün göstəriş verdi.


1757-

ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdü. Bu qala onu tikdirmiş Pənah xanın şərəfinə «Pənahabad» adlandırıldı. Sonralar bu qala yenə də Şuşa qalası kimi tanındı.


Şuşa şəhərinin bu cür adlanması həmin yerlərin uca, şiş dağların zirvəsində yerləşməsi ilə bağlıdır. Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Şuşa son dərəcə təmiz havası, gözəlliyi, nadir bulaqları ilə də məşhurdur. Şuşa şəhərində şairə Xurşidbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün ev-muzeyləri, Qala divarı və s. tarixi və mədəni abidələr vardır.


Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qalanın tikilməsində çay daşlarından və əhənglə yumurta sarısı qarışığından istifadə edilmişdir. Qalanın üç qapısı var. Qala dəfələrlə düşmənlər tərəfindən mühasirəyə alınsa da, onu işğal etmək çətin olurdu.


Şuşa qalası Qarabağ xanlığının iqtisadi, siyasi mərkəzinə çevrildi. Burada əhalinin məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. Xalçaçılıq, toxuculuq, dulusçuluq, silahdüzəltmə, misgərlik və b. sahələr inkişaf etmişdi. Qarabağ xalçaları gözəl və incə naxışları ilə şöhrət qazanmışdı. Qarabağ xanlığında Pənahəli xanın dövründə zərbxanada* pul da kəsilirdi. Bu pul «Pənahabadi» adlanırdı.


19-cu yüzilliyin əvvəllərində Azərbaycan torpaqlarının işğalına başlayan Rusiya Qarabağa xüsusi maraq göstərirdi. Çar generalları Qarabağı “Azərbaycanın qapısı” adlandırırdılar. 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Qarabağ Rusiya imperiyası tərəfindən işğal edildi.


Bu müqavilədə ermənilərlə bağlı heç bir şərt yox idi. Məhz bu amil həmin dövrdə Qarabağda ermənilərin yaşamadığını göstərir. Qarabağın Azərbaycan xalqına məxsus olduğunu sübut edir.


Tarixin ən qədim zamanlarından başlayaraq Qarabağın əhalisi xalqımızın ulu babaları olan türk tayfalarından ibarət idi. Çar Rusiyasının işğalı nəticəsində Qarabağın əhalisinin etnik tərkibi dəyişdi.


Türkmənçay müqaviləsi bağlandıqdan sonra Qacarlar dövlətində və Osmanlı ərazilərində yaşayan erməni ailələri Azərbaycana köçürüldülər. Yerli əhalinin - Azərbaycan türklərinin torpaqları əllərindən alınır və buraya köçürülən ermənilərə verilirdi. Yalnız Qarabağa deyil, İrəvan, Borçalı və Naxçıvan ərazilərinə də çoxlu erməni ailələri köçürüldü. Bütün bunlar xalqımıza qarşı ermənilərin gələcəkdə törədəcəkləri soyqırımların başlanğıcı idi.